Qeysəriyyə əməliyyatı: ƏN TƏHLÜKƏSİZİ, yoxsa...

Həkim-mütəxəssis ölkədəki ana ölümlərinin səbəblərindən danışdı

Bu günlərdə daha bir ana ölümü baş verdi. Hadisə bu dəfə Gəncə şəhərində, özəl xəstəxanaların birində qeydə alındı.

Məlumata görə, şəhər sakini, 1992-ci il təvəllüdlü Nəsibova Nigar Fəxrəddin qızı qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan sonra ananın vəziyyəti pisləşib. Bir neçə gün müalicə alsa da, N. Nəsibovanı xilas etmək mümkün olmayıb. Yeni doğulan körpə sağ qalıb. Məlumata görə, bu, N. Nəsibovanın dünyaya gətirdiyi ikinci övladdır. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, son vaxtlarda ölkədə ana ölümlərinin sayının artdığı müşahidə olunur. Ekspertlər bunun müxtəlif səbəblərdən baş verdiyini bildirir. Ümumiyyətlə, Azərbaycan Britaniyanın “Save the Children” xeyriyyə fondunun hazırladığı illik Dünya Analıq hesabatının reytinq cədvəlində 179 ölkə arasında 90-cı yerdədir. Hesabatın əsas parametrlərindən biri isə ananın doğuş zamanı ölməsi ehtimalıdır və rəqəmlərə görə, Azərbaycanda hər 1800 doğuşdan biri ananın ölümü ilə nəticələnir. Təzəcə geridə qoyduğumuz 2017-ci ildə 11 ana ölümü baş verib ki, onun da 8-nin əsl səbəbi hələ ki araşdırılır.

Gəncədə son hadisə isə daha çox diqqət çəkib. Çünki bir çoxları təbii doğuşdansa, qeysəriyyə əməliyyatının daha təhlükəsiz olduğunu, ana və uşaq ölümü riskinin daha az olduğunu güman edir. Bəs praktika nə deyir?

Mama-ginekoloq Nervan Əmirova da mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən dedi ki, qeysəriyyə əməliyyatlarını prinsipi odur ki, uşaq və ana ölümlərinin sayı azalsın: “Bu əməliyyatlarda da ölüm hadisəsi baş verir və bunun səbəbləri müxtəlifdir. Məsələn, burada əsasən qan laxtalanması ilə bağlı problem və yaxud xəstəyə verilən narkozla bağlı səbəb ola bilər.  Aydınlaşdırmaq lazımdır ki, ana narkozdan ayıldıqdan sonra, yoxsa narkoz verilərkən ölüb. Bəzən də qanaxmalardan ananın həyatını qurtarmaq olmur”.

Həkim son zamanlar anaların və həkimlərin daha çox qeysəriyyə əməliyyatlarına üstünlük verdiyini də dedi: “Bu da doğru deyil. Sanki indi uşaq doğuzdurmaq istəyən həkimlərimiz də azalıb. Çünki xəstənin yanında qalıb, onun azad olmasına qədər qayğı göstərməli, diqqət etməlisən. Bunun üçün də yaxşı mama-ginekoloqlar lazımdır. Bununla belə pasientlərin də arasında qeysəriyyə ilə ana olmaq istəyənlərin sayı artıb. Təbii ki, bunun da müxtəlif səbəbləri var. Lakin yalnız məcburi vəziyyətlərdə qeysəriyyə əməliyyatına getmək olar. Bundan əvvəl bu qədər ana ölümləri yox idi. Əsas səbəblərdən biri də ana olmağa hazırlaşan qadınların vaxtında müayinələrə müraciət etməməsidir. Bəzən də xəstələr heç bir müayinə olmadan doğuşa gedir. Beləliklə analar vaxtında müayinə olunsalar, xoşagəlməz hadisələrin, problemlərin sayı azalmış olar”.

 “Yeni Müsavat”






Fikirlər