"Reina" terrorçusu polislərə “Mətbəxdə girovlar var” deyərək qaçıbmış

İstanbuldakı “Reina” gecə klubunu qana qərq edən terroristlə bağlı yeni məlumatlar ortaya çıxıb. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçu içəridə əynini dəyişəndən sonra ilk qrupla bayıra çıxıb, hadisədən dərhal sonra hadisə yerinə gələn xüsusi təyinatlı polislərə “mətbəxdə girovlar var” deyərək oradan uzaqlaşıb. 

Saat 01.15 radələrində “Reina”ya gələn terrorçu avtomatik silahla atəş açaraq içəriyə girib. 39 nəfəri öldürən, 65 nəfəri də yaralayan terrorçu ətrafdakı polislər və xüsusi təyinatlı polislərin hadisə yerinə gəlməsindən sonra bayıra çıxan ilk qrupun arasında qarışıb. 

Çantasını və silahını atıb, əynindəki gödəkçəni çıxaran terrorçu əyləncə məkanından bayıra çıxmağa çalışan ilk 10 nəfərlik qrupun arasına qarışıb. Özünü terrordan qurtulan müştərilərdən biri kimi aparan cani iz azdırmaq üçün “Mətbəxdə girovlar var” deyib. O anda əynində köynək olduğu anlaşılan terrorçu xüsusi təyinatlı polis tərəfindən hadisə yerindən uzaqlaşdırılıb. 

Terrorçunun içəridə olduğunu düşünən polislər “təslim ol” çağırışı edərək, əyləncə məkanına girib. Qarışıqlıqdan yararlanan terrorçu iki ayrı taksi dəyişərək, hadisə yerindən qaçmağı bacarıb və gəldiyi Zeytinburnuna geri qayıdıb. Araşdırmalar sübut edib ki, terrorçu qətliamı gerçəkləşdirdiyi məkanda hərəkət halında olarkən əynini dəyişib.

180 mərmidən istifadə edən qatilin silahında aparılan araşdırma zamanı isə orada cəmi bir mərmi qaldığı aydın olub. Polis hücumdan öncə ikinci bir adamın araşdırma aparmaq üçün “Reina”ya girdiyini müəyyənləşdirib. 

 






Fikirlər