Ukrayna PREZİDENTİ Saakaşvilidən DANIŞDI

Litva səfərində olan Ukrayna prezidenti Pyotr Poroşenko dekabrın 8-i paytaxt Vilnüsdə keçirdiyi brifinqdə Yeni Qüvvələr Hərəkatının lideri Mixail Saakaşvili ilə bağlı sualı cavablandırıb.

Novator.az-ın məlumatına görə, Pyotr Poroşenko Saakaşvili ilə bağlı məsələyə qarışmayacağını bəyan edib: “Mən bu işlərə qarışmıram, heç vaxt buna maraq göstərməmişəm və göstərməyəcəyəm də. Biz qərəzsiz, obyektiv, ədalətli istintaq və məhkəmə təmin etməliyik. Mən buna təminat verə bilərəm və verməliyəm”.

Dövlət başçısı qeyd edib ki, Saakaşvilinin fəaliyyətinin xaricdən maliyyələşdirilməsi barədə informasiyadan heyrətə gəlib: “Kimsə təcavüzkar ölkədən və ya həmin ölkənin xüsusi xidmət orqanlarından maliyyələşərək dövlətin sabitliyini pozmaq istəyirsə, bu, cinayətdir”.

Prezident əlavə edib ki, dövlət sərhədini qanunsuz keçmək, hüquq mühafizə orqanlarının nəzarəti altından qaçmaq məsuliyyət yaradır və buna görə cavab verilməlidir.

Saakaşviliyə Ukraynada Cinayət Məcəlləsinin üç maddəsi ilə iş qaldırılıb. O, axtarışa verilib. Yeni Qüvvələr Hərəkatının liderinə cinayətə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxsin cinayət törətməsi, cinayət təşkilatları üzvləri ilə davamlı işbirliyi və onların cinayət fəaliyyətini ört-basdır etmək ittihamları verilib.

Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluq əməkdaşlarının dekabrın 5-i paytaxt Kiyevdə, yaşadığı evdə tutduğu Saakaşvilini hüquq mühafizə orqanlarına aparmaq mümkün olmayıb. Tərəfdarları onu aparıldığı avtomobildən çıxarıb azad ediblər.

1967-ci il təvəllüdlü Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda onun haqqında bir neçə cinayət işi qaldırılıb.

2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il Odessa vilayətinin qubernatoru təyin edilib.

2015-ci il dekabrın 4-də Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Buna əsas kimi Saakaşvilinin başqa ölkənin vətəndaşlığını qəbul etməsi göstərilib.

2016-cı il noyabrın 7-də Saakaşvili Ukrayna prezidenti Poroşenkonu korrupsionerləri himayə etməkdə günahlandıraraq Odessa qubernatoru vəzifəsindən istefa verib və noyabrın 10-da postundan azad edilib.

2017-ci il iyulun 25-də Poroşenko Saakaşvilini vətəndaşlıqdan çıxarıb. Buna Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib.

Bir müddət Avropada dolaşan Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması ilə barışmayıb. Sentyabrın 10-da Saakaşvili bir qrup tərəfdarı ilə Polşa-Ukrayna sərhədində sərhədçilərin və polis əməkdaşlarının qurduğu sipəri yararaq ölkə ərazisinə keçib.

O, Yeni Qüvvələr Hərəkatı yaradaraq Ukrayna hakimiyyətinə qarşı mübarizə aparır, növbədənkənar seçkilərə çağırır, Poroşenkonun istefasını tələb edir.






Fikirlər