RUSİYADA prezident seçkisi keçirildi - Putinlə YOLA DAVAM

Tofiq Abbasov: “Kremlin dost ölkələrlə münasibətlərində böyük dəyişiklikləri gözləməyə dəyməz”

Martın 18-də Rusiyada prezident seçkiləri keçirilib. Seçkilərdə 8 namizəd - hazırkı prezident Vladimir Putin, Kommunist Partiyasının namizədi Pavel Qrudinin, Liberal Demokrat Partiyasından olan namizəd Vladimir Jirinovski, Rusiya Ümumxalq İttifaqı Partiyasının namizədi Sergey Baburin, “Vətəndaş təşəbbüsü” partiyasının namizədi, tanınmış telejurnalist Kseniya Sobçak, “Rusiya Kommunistləri” Partiyasının namizədi Maksim Suraykin, biznes ombudsmanı Boris Titov və “Yabloko” Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparıblar.

Səsvermə yerli vaxtla saat 08:00-dan 20:00-dək davam edib. Seçki məntəqələri ilk olaraq Çukot Muxtar Dairəsi və Kamçatka diyarında açılıb. Ümumilikdə 97 mindən artıq seçki məntəqəsi açılıb, onlardan 400-dən artığı xaricdə olub. Səsverməni 109 ölkədən 1500-ə yaxın beynəlxalq müşahidəçi izləyib.

Putin adət üzrə Moskvanın Lenin prospektində, Rusiya Elmlər Akademiyasının binasında yerləşən 2151 saylı seçki məntəqəsinə gələrək səs verib.

“Seçkidə mənə prezident vəzifəsini icra etməyə imkan verəcək istənilən səs faizini uğurlu sayıram”. Bunu jurnalistlərə açıqlamasında Putin deyib. O, hazırda ölkənin inkişafı üçün təqdim etdiyi proqramın doğru olduğuna inandığını bildirib.

Jirinovski ile ilgili görsel sonucu

Rusiya prezidentliyinə namizəd Jirinovski səs verdikdən sonra dünyaya meydan oxuyan açıqlama verib. O, bildirib ki, Rusiya bu gün təkcə özünün prezidentini seçmir, həm də “rus dünyası”nın Ali Baş Komandanını müəyyənləşdirir:“Düzdür, ”Rus dünyası"nın sərhədləri hələ müəyyən olunmayıb. Biz hazırda onu formalaşdırmaqla məşğuluq. Belə demək mümkündürsə, biz bu gün Yer planetinin Ali Baş Komandanını da seçirik".

Azərbaycan Milli Məclisin deputatları Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Müşahidə missiyasının tərkibində Rusiyadakı prezident seçkilərini müşahidə ediblər. APA-nın Rusiya bürosunun məlumatına görə, Müşahidə missiyasının koordinatoru Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovdur.

Əsgərov, Aydın Cəfərov və Rauf Əliyev Moskvada, Mixail Zabelin və Elmira Axundova Sankt-Peterburqda, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə Tver vilayətində seçki prosesini müşahidə ediblər.

Əsgərov Rusiya xalqı üçün əlamətdar gün olduğunu söyləyib: “Rusiya xalqı bu gün (dünən -red.) öz prezidentini seçir. Əlbəttə, biz, bütün MDB ölkələri bu prezidentlə əməkdaşlıq edəcəyik. Biz bu gün Moskvada, həmkarlarımız isə Sankt-Peterburq və Tver vilayətində seçki prosesini müşahidə edirlər. Tək Moskvada 8 milyon seçici var. Biz bir neçə seçki məntəqəsində müşahidə aparacağıq. MDB ölkələrindən olan digər həmkarlarımız Rusiyanın müxtəlif regionlarına müşahidə aparırlar. Onların verdiyi məlumata görə, Rusiyanın region və subyektlərində seçki prosesi sakit keçir. Sabah səsvermənin başa çatması ilə əlaqədar bizim birgə hesabatımız olacaq. Əminəm ki, bu hesabatda müsbət nəticələr olacaq”.

Qəzet çapa gedərkən bu seçkilərin nəticələri tam məlum olmadığından bu barədə məlumat verə bilmədik.

Qeyd edək ki, hələ Rusiyadakı seçkilərdən öncə bu seçkilər bütün dünyada olduğu kimi, Azərbaycanda da yaxından izlənilirdi. Buna səbəb də şimal qonşumuzdakı baş verə biləcək hər hansı siyasi dəyişikliyin, yaxud nəticələrin dəyişməyəcəyi halda bunun region və dünyaya nələr verəcəyi ilə bağlı idi. Bununla bağlı ekspertlərin, demək olar, mövqeləri üst-üstə düşürdü.

Politoloq Tofiq Abbasov ile ilgili görsel sonucu

Politoloq Tofiq Abbasov gedən müzakirələrlə bağlı “Yeni Müsavat”da bunları dedi: “Rusiyanın xarici siyasətini bir neçə yerə bölmək lazımdır. Kreml üçün ilk proritetlərdən biri MDB məkanıdır, yəni keçmiş postsovet ölkələridir. Görünən odur ki, Putin əsas Avrasiya məkanının inkişafına diqqət edir və bir növ çalışır ki, bunu Qərb İqtisadi Birliyinə alternativ kimi gücləndirsin. Burada bir neçə qrup dövlət var - baxmayaraq ki, 12 məmləkətdən söhbət gedir. Mən deyərdim ki, Azərbaycan prinsip etibarı ilə Rusiya üçün Qazaxıstan, Tacikistan, Qırğızıstan və digər ölkələr kimi ənənəvi partnyor deyil. Biz çoxşaxəli xarici siyasətimizlə Rusiya ilə həm qonşu, həm də tərəfdaş ölkə kimi siyasətimizi davam etdiririk. Bizim üçün əsas prinsip bərabərhüquqlu əməkdaşlıqdır. Burada böyük qardaşdan söhbət gedə bilməz. Baxmayaraq ki, Rusiya tərəfi özünü belə aparır, bu birdəfəlik aradan qalxıb. Azərbaycan hər zaman bərabərhüquqlu siyasət yürütməkdə israrlıdır. Rusiya bunu çox yaxşı bilir. Ona görə də haradasa Azərbaycan yuxarıda adını çəkdiyim məmləkətlərdən bir qədər fərqlənir. Yeri gəlmişkən, Belarus da müəyyən qədər müstəqil siyasət yürütməyə və hüquqi suverenliyini qorumağa çalışır. Ona görə Rusiya ilə bəzi problemləri, anlaşılmazlıqları olur. Rusiyanın Qazaxıstan, Tacikistan, Qırğızıstan və digər bəzi dövlətlərlə başqa formatda münasibətləri inkişaf edir. Doğrudur, Rusiyanın MBD, Baltikyanı ölkələrlə münasibətlərində elə tellər, tezislər var ki, bunu Avropa ölkələri ilə münasibətlərinə şamil etmək olmaz. Bəzi dövlətlər Rusiyaya qarşı təpkilərini, təsirlərini artırırlar, sanksiya siyasətini genişləndirirlər, ona görə də, burada Rusiyanın dost ölkələrlə münasibətlərində böyük dəyişiklikləri gözləməyə dəyməz, istər Azərbaycan, istərsə də, digər ölkələr olsun.

Tərəfdaş olduğu ölkələrlə Rusiya əvvəlki münasibətini davam etdirəcək. Lakin Qərblə bağlı problemlər çoxdur. Əminliklə demək olar ki, bu problemlər getdikcə artacaq. Son Skripal hadisəsində görürük ki, çox ciddi dumanlı şərait yaranıb. Böyük Britaniyanı artıq Fransa, Almaniya kimi ölkələr dəstəkləyir. Donald Tramp kimi prezident öz köməyini əsirgəməyəcəyini bildirib. Ola bilsin ki, bu ölkələrin sırası genişlənsin. Təbii ki, böyük ehtimalla, postunda qalacaq Putinin yeni siyasəti formalaşacaq. Çünki Qərb birliyinin Rusiyanı israrlı şəkildə bitirməyə qərar verdikləri açıq görünür. Öncəliklə Rusiyanın imicini beynəlxalq səviyyədə daraltmağa, onu ağır vəziyyətə salmağa çalışırlar. Buna da Rusiya cavab verməyə bilməz. Çox güman ki, qarşıda daha ciddi hadisələrin şahidi olacağıq.

russia votes ile ilgili görsel sonucu

Bu gərginlik soyuq müharibə illərini xatırladır. Ola bilər ki, həqiqətən də Qərblə Rusiya arasında yeni bir soyuq müharibə başlasın və əvvəlkitək ən həssas sahələrə öz təsirini göstərsin. Hər halda Rusiya ilə hesablaşmaq Qərbə lazım gələcək. Çünki bu, qüdrətli dövlətdir. Suriyanın timsalında bunları açıq gördük. Qərb çox çalışdı ki, Rusiyanı öz çərçivəsində saxlasın, amma indi görürük ki, Kreml sərhədlərindən kənara çıxmaqda israrlıdır. Aralıq və Xəzər dənizlərindən raketlər endirməklə Rusiya göstərdi ki, hərbi əlləri, riçaqları çox yerə çatır. Bunun özü bir mesaj idi ki, bizimlə hesablaşmaya bilməzsiniz. Gərginlik qarşıdakı zamanlarda da olacaq, amma çox güman ki, böyük müharibənin çalarlarını görməyəcəyik. Əslində bu, olmasa yaxşıdır. Diplomatik müstəvidə qarşıdurmalar, siyasi oyunlar davam edəcək”.






Fikirlər