ABŞ SANKSİYALARINA QARŞI İRAN GENERAL FOTOSU ÇIXARDI: "Mən axıra kimi sənə qarşı duracağam” - TƏHLİL

Image result for ABŞ İRAN QARŞIDURMASI

Fotoda: “Qüds” briqadasının komandanı general Qasım Süleymani

 

Georgi Asatryan,

Rusiya Dövlət Humanitar Universitetinin müəllimi

vzqlyad.ru, 05.11.2018

 

ABŞ İranın axırına çıxmağı və iranlıları öz rəhbərlərinə qarşı üsyana qalxmağa vadar eləməyi qət edib. Amerikanın Tehrana qarşı tətbiq edilən yeni sanksiyalarını, ən azı, məhz belə qəbul etməyinə dəyər. İranda, doğrudan da, çox böyük iqtisadi böhrandır və artıq tam bir qrup ölkə İran neftini almaqdan imtina edib. Vaşinqton öz niyyətini sona çatdırmağa nail olacaqmı?  

ABŞ İran İlam Respublikasına qarşı sanksiyaları tam həcmdə yeniləyib. Ən ciddi zərbənin energetika sahəsində yaşanacağı gözlənir, o isə, məlum olduğu kimi, milli ÜDM-in  əsas generatorudur. Amma bu da hamısı deyil. Ən ağrılısı budur ki, Amerika sanksiyaları tam əhatəli xarakterdə olacaq. Yəni bundan belə Tehranla biznes aparanların hamısı zərbə altına düşəcək.

İslam respublikasının maliyyə sisteminə də az ziyan dəyməyəcək. Gözlənilir ki, İranın bir neçə bankı SWIFT sistemindən tezliklə ayrılacaq. Məhdudiyyətlər 700-dən çox adama, müəssisəyə və şirkətə, o cümlədən respublikanın əsas banklarına toxunacaq. ABŞ dövlət katibi Mayk Pompeonun sözlərinə görə, artıq 100-dən çox böyük beynəlxalq şirkət sanksiya təhlükəsi üzündən İran bazarından gedib. Neft ixracatı isə, demək olar, gündə bir milyon barrel azalaraq ölkə üçün əsas valyuta qaynağını kəskin məhdudlaşdırıb.

Hamı İran neftini almaq istəyir, amma amerikalıların qəzəbindən qorxurlar. Bu günlərdə məlum olub ki, Polşanın “Orlen” neft konserni Amerika sanksiyalarına görə İrandan neft tədarükündən imtina edir. “Reuters”in məlumatına görə isə, ABŞ sanksiyaları fonunda İrandan Çinə neft idxalı son aylarda 2,13 milyon ton, 34% düşüb. Söz düşmüşkən, göstərici qabaqkı ilin sentyabrında 3,22 milyon ton təşkil edib.

Eyni zamanda İran neftinin əsas alıcılarından biri – Hindistan – ABŞ-ı belə tədbirlərdən daşındırmağa hər cür səy edib. Amma Vaşinton yalnız ötəri görməməzliyə razılaşıb. Ölkələr Hindistana İrandan bir neçə ay boyunca neft almaq icazəsi verilməsinin əsas şərtlərini uzlaşdırıblar. Dehliyə bu vaxt yeni tədarükçülər aramaq üçün verilib. Hindistan qabaqlar İrandan idxalı, haradasa, üçdəbir azaltmağı qət etmişdi.

Amma çalarlar da var. İran dünya iqtisadiyyatı üçün önəmli ölkədir. İran, demək olar, 85 milyon əhaliylə dünyanın ən böyük 25 iqtisadiyyatına daxildir, Yaxın Şərq, Avropa, Cənubi-şərqi Asiya ölkələri, habelə Rusiya və Latın Amerikasının bəzi dövlətlərilə dərin və geniş əlaqələri var. Donald Tramp administrasiyası bununla bağlı (hansılar olduğunu dəqiqləşdirmədən) bildirib ki, səkkiz ölkə İran neftini qabaqkı kimi idxal edə bilər. Amma hansı dövlətlərdən söz getdiyini sezmək çətin deyil. Çox güman ki, bu, Hindistan, Yaponiya, Güney Koreya, Türkiyə, Çinvə ola bilsin, Avropanın cənubunda (tədarüklərin  getdiyi) hansısa bir ölkədir.

Dövlət Departamenti başçısı Mayk Pompeo öz növbəsində bəyan edib ki, “haçansa təqbiq edilən sanksiyalardan ən sərti İranı beynəlxalq arenada öz davranışını dəyişməyə vadar edəcək”. Onun fikrincə, Vaşinqton tərəfindən qabaqlar qismən təzələnən sanksiyalar Tehrana iqtisadi planda artıq “böyük təsir” göstərib. Dövlət katibi güman edir: “Mən yüksək dərəcədə əminəm ki, təzələnəcək sanksiyalar İran rejimini öz davranışını dəyişməyə yönəldən, arzu edilən effektə malikdir”.

Amerikalıların vəzifəsi sadə və aydındır: islam respublikasının durğunlaşan iqtisadiyyatını tam iflasa aparmaq, güzəştə vadar etmək, əhatəli etirazlar törətmək. Bir sözlə, Vaşinqtonda qırğılar və İranda rejim dəyişikliyi tərəfdarları qələbə çalıblar.

İrana basqının güclənməsi Donald Trampın Ağ Evə gəlişiylə başlanıb. Yumşaq deyilsə, Tramp İrana heç vaxt rəğbət bəsləməyib. Onun seçkiqabağı ritorikası antiiran tezislərilə doluydu. Tehran Yaxın Şərqin bütün problemlərində ittiham olunurdu. Tramp hətta Pentaqon başçısı Ceyms Mettis, Dövlət Departamenti başçısı Mayk Pompeo və yaxud milli təhlükəsizlik üzrə müşavir Con Bolton kimi son dərəcə antiiran köklənən siyasətçiləri öz çevrəsinə yığıb. İsrail və ərəb lobbiçiləri isə ABŞ-ı mövqeyi sərtləşdirməyə təhrik edərək, antiiran əhvali-ruhiyyəsinin yeridilməsində yaşıl işıq əldə ediblər.

…Tehran bölgədə, bəlkə də, ən güclü silahlı gücə və həyatını “inqilabi ideallar”a qurban verməyə hazır olan, ideolojiləşdirilmiş milyonlarla  fanatik şiəyə sahibdir. Bu gün ABŞ və müttəfiqlərinin, birinci növbədə, Səudiyyə Ərəbistanı və İsrailin maraqları İranın maraqlarıyla həmişə ayrılır. Tehran müstəqil xarici siyasət yürüdür və Amerika haqda ifadələrdən çəkinmir. Bundan savayı, İranın ciddi tərəfdaşları var. Çətin ki, Moskva və Pekin bir qıraqda qalsın və ABŞ-a İrana divan tutmaq imkanı versin. Bir sözlə, çağdaş İran Amerika neokonları üçün öküzə qırmızı əski kimidir.

Bundan başqa, məlum olduğu kimi, ABŞ-ın bütün siyasəti lokaldır. Yəni bu və ya başqa xarici siyasət fəaliyyəti çox vaxt daxili-siyasi mülahizələrlə diktə olunur. Sanksiyaların təzələnməsi haqda qərar Tramp və Respublikaçılar partiyası üçün 20 noyabrda baş tutacaq taleyüklü aralıq seçkilər ərəfəsində qəbul olunub. “Terrorizmin baş sponsoru”na bu planda zərbə informasiya və təbliğat baxımından Tramp üçün tamamilə əlverişlidir. Deməli, Oval kabinetin sahibi bu günlərdə “Tvitter”də “Sanksiyalar yaxındır” altyazısıyla “Taxtların oyunu” teleserialı üslubunda işlənmiş öz fotoşəklini yerləşdirib.

İran iqtisadiyyatı İslam inqilabının ilk günündən bəri sanksiyalar rejimində keçinir. Lakin ABŞ və Qərb ölkələri bunu tədricən gücləndirib və dərinləşdirib. İran bu gün iqtisadi böhran yaşayır. Milli valyutanın kursu bir dollara görə 145 min riala qədər düşüb – halbuki bir il qabaq bir dollara 40,5 rial təşkil edib. İranlı mağazaya ərzaq dalınca getmək üçün bəzən özüylə tam bir çamadan pul götürməli olur. Ölkədə 25-40%-ə yaxınlaşan işsizlik var. Maliyyə sektoru təcriddə, energetika sahəsi isə dərin tənəzzüldədir.

İqtisadi durğunluq İranda kütləvi etirazlara səbəb olub. Amma buna baxmayaraq, İran rejimi mətin durub və hər şeyə əsasən, hələlik güzəştə getməyə hazırlaşmır. İranda sərt xətt tərəfdarları İslam İnqilabı Keşikçiləri Korpusunun “əl-Qüds” güclərinin komandanı Qasim Süleymaninin oxşar fotoşəklinin dərciylə cavab veriblər.Şəklin altındakı yazı bildirir: “Mən axıra kimi sənə qarşı duracağam”.

Minlərlə iranlı sanksiyaların təzələnməsindən bir neçə saat qabaq Tehranda ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümü münasibətilə yürüşə çıxıb. İran parlamentinin spikeri, nüfuzlu siyasətçi Əli Laricani bəyan edib: “Bu gün İran xalqı göstərəcək ki, Tramp İranı dizüstə qoymaq üçün son dərəcə kiçikdir”.

Beləliklə, ABŞ sanksiyalarının əsas hədəfi rejimin dəyişdirilməsi, İran dövlətinin içdən məhvidir. Amerika strateqləri bu sətirlərin müəllifinə deyiblər: “Rejim iqtisadi problemlərin altında çökəcək”.

İran üçün əsas təhlükə neft ixracatını tam məhdudlaşdırmaqdan ibarətdir. Amma bu mümkündürmü? Neftçilər arasında İran-İsrail borusu adlanan neft borusunu indi az-az adam xatırlayır. O, cənubda Aşkelondan şimalda Eylata qədər uzanırdı. Tankerlər İran neftini İsrail sahillərinə qədər daşıyır, neft borusuna yükləyir, qara qızıl qismən yəhudi dövlətinə enməklə oradan isə dünya bazarına çıxırdı. Bununla parlaq biznesmen – dünyada ən böyük treydinq şirkəti “Glensore”nin qurucusu, birbaşa İran fundamentalistlərilə işləyən “neft kralı” Mark Riç məşğul olurdu. Sanksiya sanksiyadır, bazar bazardır. Və dollar əldə etmək naminə riskə hazır cəsur biznesmenlər həmişə tapılır.

İslam respublikasının dayanıqlığına gəlincə, yada salmaq gərəkdir ki, onu artıq yüz dəfələrlə quylayıblar. Ölkədə, doğrudan da, tez-tez etiraz aksiyaları və geniş mitinqlər keçirlir, amma Tehran hələ də duruma nəzarət edir. Bir sözlə, iranlılar əlyeri tapıb neft satmağa nail olsalar, onda Amerika neokonları rejimin dəyişilməsini unuda bilərlər.

Tərcümə Strateq.az-ındır.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi