Dövlət Baxçalıdan önəmli açıqlamalar

"Yüzdə bir ehtimal olsa belə, sərhədlərimizdən qanunsuz yolla girənlərin bir Mehmetciyə, bir vətəndaşımıza zərər verməsi düşünülürsə, dövlət dərhal lazım gələni etməlidir və son olayda da bunu edib"
Dövlət Baxçalıdan önəmli açıqlamalar
Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı İraq sərhədində - Uludərə qəsəbəsində yaşanan arzuolunmaz hadisə ilə bağlı açıqlama verib.

Bu gün parlamentdə partiyasının fraksiya toplantısında çıxış edən Baxçalı terrorçuların keçid marşrutu kimi bilinən bir sərhəd məntəqəsində hava əməliyyatı nəticəsində mülki vətəndaşların dünyasını dəyişməsinin bir çox şübhə və müəammaya səbəb olduğunu bildirib. MHP lideri qeyd edib ki, cənazə törənlərinin PKK şousuna çevrilməsi, terror təşkilatı əskilərinin tabutların üzərinə sərilməsi hadisənin dumanlı tərəflərini qismən aydınlaşdırıb.

Baxçalı indiyə qədər hadisə ilə bağlı Baş Qərargah xaric kimsənin duyurucu rəsmi açıqlama vermədiyinə diqqət çəkib və çıxışına bu sözlərlə davam edib: "Artıq Türkiyədə kimsənin İraqın şimalından qaynaqlanan bir terror təhdidinin olmadığını söyləmə imkanı qalmayıb. Əlbəttə, illərdir İraqın şimalı Bərzani və Tələbani tərəfindən idarə edilməkdə, PKK da onların qoruyucu qanadları altında vəhşi aksiyalarını həyata keçirməkdədir. Bərzani və Tələbani PKK-nın yanındadır və onu himayə edir. PKK terror təşkilatının arxasında Türkiyə və bölgə üzərində oynanan qlobal layihələr var. ABŞ "Taliban"a, "Əl Qaidə"yə etdiyini Türkiyənin PKK-ya etməsinə imkan vermir. ABŞ-a rəğmən və ya ABŞ-ı razı salaraq Kandilə girmək və yerləşmək şərtdir. Hökumətə Kandilə bayraq taxılması ilə bağlı çağırışımızın arxasında da bu bariz və inkarı mümkün olmayan təsbit dayanır".

Dövlət Baxçalı çıxışında başqa bir təhlükəyə də diqqət çəkib: "Türkiyəyə qanunsuz yollarla girib-çıxanlar var və onlar "qaçaqçılıq" deyilən bir həyat tərzini hələ davam etdirirlər. Terrorçuların keçid və hərəkət marşrutunda qaçaqçılıq edənlər ya PKK provokasiyalarına, kəşfiyyat yanıltmalarına alət ediləcəklər və bu şəkildə canlı hədəfə çevrilərək üsyan məşqlərinə bəhanə təşkil edəcəklər, ya da qanunsuz qaçaqçılıqla həyatlarını sərt qayalıqlarda və dar keçidlərdə məhv edəcəklər. TSQ-nin əməliyyat həyata keçirdiyi sahə legitim bir sərhəd qapısı və ya gömrük məntəqəsi deyil, terrorçuların davamlı sızıb qanlı terror aktları keçirdikləri önəmli bir təhdid bölgəsidir. Üstəlik bu sahədə yaşayış məskəni olmadığı kimi insan da yaşamamaqdadır".

MHP lideri bildirib ki, Uludərə sərhəd bölgəsində ölənlərin böyük bir qrup halında PKK-nın girib-çıxdığı sahədə rahatca qaçaqçılıq etmələri iki məsələni ağla gətirir: "Onlar ya kimsənin toxunmayacağına dair bir təminat alıblar, ya da terror təşkilatının yeni bir oyunu çərçivəsində tələyə çəkilib, öldürülmə ehtimalı ilə qarşı-qarşıya qoyulublar. Yüzdə bir ehtimal olsa belə, sərhədlərimizdən qanunsuz yolla girənlərin bir Mehmetciyə, bir vətəndaşımıza zərər verməsi düşünülürsə, bu, bir təhdid sayılırsa, dövlət dərhal lazım gələni etməlidir və son olayda da bunu edib".

Dövlət Baxçalı qeyd edib ki, Türkiyə dərhal terror bölgəsində təhlükəsizlik zolağı yaratmalıdır.






Fikirlər