Moskva saatını Bakı ilə tutuşdurur? - TƏHLİL

Moskva saatını Bakı ilə tutuşdurur? - TƏHLİLCənubi Qafqazla bağlı ötən həftənin ən mühüm olayı şübhəsiz ki, NATO baş katibinin SSRİ-nin çöküşündən sonra ilk dəfə Gürcüstana gəlməsi və burada alyansın təlim mərkəzinin açılması oldu. Aparıcı Qərb mətbuatı bunu dərhal “misli görünməmiş hadisə”, “NATO-nun Qafqaza” girişinin başlanğıcı kimi qiymətləndirdi.

Təsadüfi deyil ki, alyans rəhbərinin səfəri ilə bağlı Rusiyadan dərhal sərt reaksiya gəldi, Yens Stoltenberqin Gürcüstan ziyarəti və ziyarət çərçivəsində qonşu ölkədə NATO obyektinin açılışını Moskva “alyansın regionda sabitsizliyə xidmət edən təxribatçı siyasətinin davamı” kimi dəyərləndirdi.

* * *

NATO isə doğrudan da artıq de-yure Cənubi Qafqazdadır. Ən əhəmiyyətlisi, Moskva təxribat xarakterli müxtəlif kontur-tədbirlərə əl atsa da, bunu önləməyi bacarmadı. Rusiyanı ən çox qıcıqlandıran da budur - Qərbin əsas hərbi-siyasi qurumunun postsovet məkanında irəliləməsinə qarşı gücsüz duruma düşməsi. Moskvaya qarşı iqtisadi-maliyyə sanksiyaları genişləndikcə Kremlin müqavimət potensialı sözsüz ki, daha da azalacaq. Rusiyanın hərbi-siyasi rəhbərliyində bunun fərqindədirlər və verilən bəyanatdakı aqressiv ton da məhz bundan qaynaqlanır.

Qeyd edək ki, yeni təlim mərkəzi tərəfdaş ölkələrdən biri kimi Azərbaycanın da silahlı qüvvələrinin təkmilləşməsinə yardımçı olacaq. Bu barədə NATO mətbuat xidmətindən bildirilib. Bu da o anlama gəlir ki, Azərbaycan Rusiya uçun tədricən etibarlı silah alıcısı olmaqdan tədricən uzaqlaşa bilər. Bundan əlavə, alyansın bölgədə möhkəmlənməsi Qərbə yönəlik hazırkı və yeni strateji (transxəzər) enerji kəmərlərinin təhlükəsizliyinin artması deməkdir.

Beləliklə, NATO baş katibinin səfərindən sonra Kremlin narahatlığı üçün əsaslar indi qat-qat ciddi görünür. Məhz yeni imperativ fonunda Sergey Lavrovun qəfildən, Yens Stoltenberqdən cəmi bir neçə gün sonra - sentyabrın 1-də Bakıya gələcəyi bəlli olub. Yəqin ki, onu prezident İlham Əliyev də qəbul edəcək.

Ehtimal eləmək olar ki, rəsmi Moskva Şimali Atlantika blokunun Güney Qafqazdakı son demarşına, yeni “hərəkətliliyinə” Azərbaycanın münasibətini bəri başdan dəqiqləşdirmək və iki ölkə arasında münasibətlərin ən azından, hazırkı səviyyədə qalacağına əminlik hasil eləmək istəyir. Yəni bir növ Bakı ilə öz saatını tutuşdurmaq niyyətindədir.

***
Maraqlıdır ki, Lavrovun Bakı səfəri ərəfəsində Azərbaycan və Ermənistan prezidentlərinin Nyu-Yorkda BMT Baş Məclisinin sessiyası çərçivəsində planlaşdırılan görüşün baş tutmayacağı haqda xəbər yayılıb. Bunun əvəzində isə iki ölkənin xarici işlər nazirlərinin - Elmar Məmmədyarov və Edvard Nalbəndyanın görüşünün hazırlandığı bildirilir.

Bəllidir ki, belə bir görüşdə ən çox ABŞ, ən az isə Rusiya maraqlı idi - əgər sonuncu ümumiyyətlə, maraqlı idisə. Müşahidələr də onu göstərir ki, Rusiya hazırda Qarabağ məsələsində hansısa irəliləyişin əldə edilməsində yerli-dibli maraqlı deyil və sülh prosesinə kömək eləmir, yalnız növbətçi, quru bəyanatlar verməklə kifayətlənir. NATO-nun regionda möhkəmlənməyə başlamasından sonra güman etmək olar ki, bundan sonra daha az maraqlı olacaq. Çünki münaqişənin nizamlanması Kremli Azərbaycan və Ermənistana əsas təzyiq rıçaqından məhrum edərdi. Moskva isə Bakı və İrəvana daha güclü təsir mexanizmləri axtarışındadır ki, bu iki paytaxtı Brüssellə əməkdaşlıqdan maksimum aralı saxlasın.

Bəs Rusiya XİN başçısı Bakıya Putinin konkret olaraq hansı mesajı ilə gəlir? Doğrudanmı səfər Lavrovun Moskvada Məmmədyarova söylədiyi kimi, Qarabağ məsələsində intensivləşmə yaratmaq istəyi ilə bağlıdır?


Əlbəttə ki, yox. Əsas səbəb yuxarıda deyildi və bunu rusiyalı politoloqlar da təsdiqləyir. Məsələn, siyasi şərhçi Sergey Markedonov hesab edir ki, Lavrovun Bakı səfəri iki ölkə arşında konstruktiv əlaqələri müəyyən səviyyədə saxlamaq istəyi ilə bağlıdır və Qarabağla bağlı hər hansı irəliləyişə nail olmaq niyyəti güdmür. Onun sözlərinə görə, tərəflər Dağlıq Qarabağ konflikti ətrafında situasiyanı mütləq müzakirə edəcəklər, ancaq “səfər münaqişənin həllində irəliləyişə kömək etməyəcək”.

Politoloq Azərbaycanla Rusiyanın hazırkı münasibətlərini “praqmatik” adlandırıb: “Bu, hərbi bazanın olduğu, güzəştli qiymətlərdən yararlanan Ermənistanla olduğu kimi müttəfiq münasibətləri deyil. Azərbaycanla daha praqmatik münasibətlər mövcuddur. Bakı balanslı siyasət yürüdür. İndi yəqin bir çoxları söhbət salacaq ki, bəs Azərbaycan Avrasiya İqtisadi Birliyinə daxil olur. Xeyr, daxil olmur. Azərbaycan həddən artıq praqmatik və yaxşı mənada eqoist ölkədir”.

Ekspert onu da vurğulayıb ki, Bakı Qərblə geniş əlaqələrə malikdir və hipotetik olaraq Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olsa, o halda bir-biri ilə münaqişədə olan Azərbaycan və Ermənistan eyni inteqrasiya strukturunda təmsil olunmuş olacaq ki, bu da yenə real görünmür.

***
Rusiyalı ekspertin söylədiyindən aydın olur ki, Lavrov Bakıya Avrasiya Birliyinə üzvlüklə bağlı da hansısa təklif, mesaj gətirmir, çünki Bakının məsələdə mövqeyi kifayət qədər aydındır və onun dəyişməsi üçün Kreml son vaxtlar Azərbaycana reverans xarakterli heç bir addım atmayıb.

Yerdə yalnız iki məsələ qalır:

1. Yuxarıda toxunduğumuz kimi, NATO-nun bölgədə fəallaşması ilə bağlı Bakını bəzi “riskli əməkdaşlıqlar” barədə xəbərdar eləmək;

2. İmkan daxilində NATO-nun bölgədə möhkəmlənməsi əleyhinə preventiv tədbir kimi Rusiyanın Azərbaycanda hərbi mövcudluğu bərpa eləməyə cəhd göstərmək.
Söhbət öncəliklə Qəbələ RLS məsələsini gündəmə gətirib rəsmi Bakının buna ilkin reaksiyasını öyrənməkdən gedir.

Öz növbəsində politoloq Elxan Şahinoğlu isə Lavrovun Bakıya təcili səfərinin motivinə Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin ötən həftəsonu Antalyada baş tutan görüşü kontekstində baxır.

Sitat: “Elmar Məmmədyarovun Antalyada türk və türkmən həmkarlarıyla əməkdaşlıq məsələlərinin müzakirəsi zamanı Türkiyə ilə birgə hərbi təlimlər və Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya daşınması məsələsinin gündəmə gəlməsi çox mühüm məqam sayıla bilər. Çünki dərhal bu söhbətdən narahat olan Kreml bəzi qərarlar alır, xarici işlər naziri Sergey Lavrovun da Bakıya səfəri təşkil edilir. Rəsmi məlumatda deyilir ki, Lavrov iki ölkə arasındakı münasibətləri və Qarabağ məsələsini müzakirə etmək üçün gəlir.

Lavrovun və digər rusiyalı rəsmilərin Qarabağ münaqişəsinin həllində maraqları yoxdur. Ona görə də rusiyalı nazirin gəlişinin məqsədi fərqlidir. Rusiyalı rəsmilərin son illərdə Azərbaycana səfərlərinin məqsədləri zatən bəllidir: Azərbaycanı Qərbdən uzaq tutmaq, Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycan və Türkiyə üzərindən Avropaya daşınmasına imkan verməmək və bir də rəsmi Bakını işğal altındakı torpaqların güc yoluyla azad etməsi fikrindən daşındırmaq”.

***
Bu qəbildən mesaj-çatdırışlara Bakının hansı reaksiya verəcəyini yəqin ki, tezliklə bəlli olmayacaq. Ancaq məntiq diktə edir ki, Bakı da Rusiyanın baş diplomatı qarşısında heç olmasa, Rusiya vətəndaşı olan kəlbəcərli girov Dilqəm Əsgərov və xanımı rus olan Şahbaz Quliyevin məsələsini qaldırıb ona Moskvanın reaksiyasını öyrənə bilər - ən azı, bu həssas dönəmdə Kremlin ölkəmizə qarşı səmimilik dərəcəsini yoxlamaq üçün. Axı, siyasət mümkün olanı reallaşdırmaq sənətidir. (musavat.com)






Fikirlər