"AZƏRBAYCAN MÖVQEYİNDƏ müəyyən dəyişikliklərə yer verməlidir"

QAT Qarabağla bağlı tədbir keçirib...

 

Bu gün- mayın 5-də Qarabağ Azadlıq Təşkilatı (QAT) “İslam dünyası və Qarabağ: yeni çağırışlar” mövzusunda dəyirmi masa keçirib. Tədbirdə tanınmış siyasi, ictimai və dini xadimlər iştirak edirlər. Musavat.com xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb. Həmçinin torpaq uğrunda canından keçən şəhidlərin xatirəsi yad edilib.
QAT sədri Akif Nağı çıxışında bildirib ki, apreldəki hərbi əməliyyatlar bir sıra nəticələrin çıxarılması üçün vacib olub: “O cümlədən aydın oldu ki, Azərbaycan öz mövqeyində müəyyən dəyişikliklərə yer verməlidir. Birinci məqam odur ki, əməliyyatlar Azərbaycan Ordusunun gücünü göstərdi. Hamının etiraf etdiyi, düşmənlərin də etiraf etdiyi bir güc göstərdi. Azərbaycan cəmiyyətinin döyüşə hazır olduğunu göstərdi. Xalqın torpaq, vətən naminə şəhid olmağa hazır olduğunu göstərdi. Cəmiyyətdəki əhval-ruhiyyənin yüksək olduğunu göstərdi. Azərbaycan cəmiyyətində siyasi əqidəsindən, mövqeyindən asılı olmayaraq hər kəsin bir hədəfə vurduğunu göstərdi. 90-cı illərdə bu, yox idi. Məğlubiyyətimizin əsas səbəbi bu idi. Ehtiyat etdiyimiz xarici siyasi amillərlə bağlı isə deyək ki, beynəxlalq birliyin sanksiyası, təzyiqi, bunların heç biri olmadı. Beynəlxalq güclər Azərbaycanın haqlı mövqeyi ilə könülsüz də olsa hesablaşmalı oldular. Biz aydın şəkildə gördük ki, beynəlxalq təşkilatlardan, Minsk Qrupundan obyektiv mövqe gözləməyə dəyməz. Son hadisələr aydın şəkildə bir daha göstərdi ki, mənasız yerə vaxt gedib. Rusiya açıq şəkildə antiazərbaycan mövqeyi tutdu. İslam dövlətlərinin isə tam dəstətini qazandıq. İranın mövqeyində ciddi şəkildə irəliləyiş hiss olundu. Bu, düşünürəm ki, Qarabağ məsələsinin həllinə ciddi və müsbət təsir göstərəcək. Bunlardan  nəticə çıxararaq Dağlıq Qarabağ və ətraf rayonları işğaldan azad etməliyik. Torpaqlarımız ancaq hərbi yolla işğaldan azad edilə bilər. Hərbi əməliyyatlar başlamalııdr. Münaqişənin həlli hərbi yolla mümkündür. Danışıqlar prosesinə də müsəlman dövlətləri qoşulmalıdır”.
 
İlahiyyatçı Hacı İlqar İbrahimğlu isə qeyd edib ki, Qarabağ məsələsi inanclı kəsim üçün mühüm məsələsidir: “Torpağını itimiş bir toplumun mənəviyyatı, digər məsələsi də sual altında olur. Bu, bizim üçün ən böyül prioritetlərdən biridir. Son aprel döyüşləri onu göstərdi ki, Azərbaycan insanının əhval-ruhiyyəsi çox yüksək dərəcədədir. Yeni nəsil, işğal hadisələrini birbaşa yaşamalıdır, onların da əhval-ruhiyyəsi yüksəkdir. Hərbi üstünlük, uğurlar da yüksəkdir. Bunlar hamısı uğurlardır. Bu gün islam dövlətlərinin bizə dəstəyi önəmlidir, vacibdir, amma yetərli deyil. Biz diplomatik korpuslarda görüşlərdə də bunu deyirik. Bizim evimizə daxil olublar, yanaşma birmənalı olmalıdır. Biz evimizi xilas, azad etməliyik. Biz buna hazır olmalıyıq. Müsəlman dövlətlərin nəzəri çağırışları çox önəmlidir. Amma gözləntilərimiz daha artıqdır”.
Konfliktoloq Əvəz Həsənov isə bildirib ki, status-kvo uzunmüddətli bir vərdişə çevrilib və bu, təhlükəlidir:“Biz hamımız torpaqların azad olunmasını istəyirik. Müxtəlif variantları müzakirə edirik. Ermənsitan tərəfi ilə görüşdə də təkidlə qeyd edirik ki, onlar öz cəmiyyətlərinə təsir etsinlər və cəmiyyətlərinin rəyini ala bilsinlər. Apreldəki hərbi əməliyyatlardan göründü ki, Ermənistan torpaqların azad edilməsində hazırlıqlı deyil. Status-kvonun hazırlanması ona gətirib çıxardı ki, Azərbaycan məcbur olub müharibə elan etdi. Status-kvo uzunmüddətli bir vərdişə çevrilib. İslam ölkələri bizim partnyorlarımız ola bilərlər. Bundan ötrü biz işləməliyik”. 
“Ağ blok”un təsisçilərindən Tural Abbaslı isə qeyd edib ki, birinci Qarabağ savaşında Ermənistanın nəfəsliyi kimi İranı gördük: “Biz İranı neytrallaşdıra bilmədik. Bu dəfəki münaqişədə də gördüyümüz o oldu ki, islam dövlətləri bizə dəstək oldular. Bu amilləri unutmamaq lazımdır. Artıq hökumət də bu istiqamətdə bəlli addımlar atmalıdır”.
Tədbirdə bəzi çıxışçılar İranın mövqeyindən narahatlıq ifadə ediblər. İslam partiyasının sədr müavini Hacı İlham Əliyev, politoloq Mübariz Əhmədoğlu və başqaları isə çıxışlarında islam dövlətlərinin dəstəyinin vacibliyindən danışıblar və fərqli detallara diqqət çəkiblər. Sonda isə tədbirin bəyanatı qəbul edilib. 
Bəyanatda bir neçə məqama diqqət çəkilib: "Cəbhə bölgəsindəki son aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həll yolları, Azərbaycana qarşı erməni təcavüzünün nəticələrinin aradan qaldırılmasına dair ciddi nəticələrin çıxarılmasına, mövqelərin dəqiqləşdirilməsinə ehtiyac yaranıb. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, düşməni darmadağın ermək qüdrətini, cəmiyyətin ruh yüksəkliyini, Qarabağ naminə bütün məhrumiyyətlərə və fədakarlığa hazır olduğunu göstərdi. Bu döyüşlər dünya birliyinin məsələyə münasibətinin anlaşılması baxımından da əhəmiyyətli oldu. Beynəlxalq təşkilatlar, Qərb dövlətləri yenə də məsələyə obyektiv mövqedən yanaşmaq istəmədilər. Rusiya Ermənistanın tərəfində olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanın yalnız İslam dövlətlərindən real dəstək ala biləcəyi aydın göründü. Türkiyə və Pakistan Azərbaycana birmənalı dəstək verdi, İranın Azərbaycanın yanında olacağı anlaşıldı, Qazaxıstan və digər Orta Asiya respublikaları Azərbaycana rəğbətlərini nümayiş etdirdilər. Digər islam ölkələri də Azərbaycana xoş münasibətlərini gizlətmədilər. İslam Əməkdaşlıq Təşkilatının 13-cü sammitində Azərbaycanın haqlı mövqeyi növbəti dəfə dəstəklənib və ilk dəfə Dağlıq Qarabağ münaqişəsinin həllinə müdaxilə baxımından praktiki addım atılıb- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təmas qrupu yaradılıb. Bütün bunları nəzərə alaraq hesab edirik ki, Azərbaycan topraqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyünün bərpa edilməsi üçün hərbi yolu seçməli, öz gücünə arxalanmalıdır. Azərbaycan mümkün hərbi-siyasi dəstəyi yalnız müsəlman dövlətlərindən gözləyə bilər. Hərbi əməliyyatlar başlayana qədərkin dövrdə danışıqlar davam etdirilsə, Azərbaycan danışıqlar prosesində islam dövlətlərinin paritet əsasında, yəni neçə xristian dövləti iştirak edərsə, o qədər də müsəlman dövlətlərinin iştirakını şərt olaraq irəli sürməlidir. Biz hesab edirik ki, Qarabağın işğaldan azadlığı irəli sürülən bu şərtlər daxilində mümkündür. Azərbaycan artıq öz seçimini etməli, genişmiqyaslı hərbi əməliyyatlara, azadlıq müharibəsinə start verməlidir. Həddindən artıq çox vaxt keçib. Qərar verib, siyasi iradə göstərib, real hərəkətə keçməyib vaxtı çoxdan keçib”.
 
 


















Fikirlər