İƏT-in dəstəyi Qarabağ məsələsində Azərbaycana nə verə bilər? — POLİTOLOQ RƏYİ

İƏT-in dəstəyi Qarabağ məsələsində Azərbaycana nə verə bilər? — Politoloq rəyi

Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən 13-cü zirvə toplantısında iştirak edib

Təşkilat üzvləri Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək olduqlarını bildiriblər. İslam Əməkdaşlıq Təşkilatının Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstəyi münaqişənin həllində hansı rol oynaya bilər?

Bu sualı politoloq Elşən Manafov Ölkə.Az-da cavablandırıb:

"İndiyə qədər İslam Əməkdaşlıq Təşkilatı Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələdə öz mövqeyini dəfələrlə ortaya qoyub. Təşkilata daxil olan dövlətlərin hamısı problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin vacibliyini vurğulayıb. Bununla bağlı indiyə qədər qəbul edilmiş bir neçə qətnamə var. İslam Əməkdaşlıq Təşkilatı BMT-də müşahidəçi statusuna malik olan beynəlxalq bir qurumdur. Azərbaycanın mövqeyini bloklara qoşulmayan dövlətlər də dəstəkləyir. Yəni Azərbaycan həmin birliyə üzv qəbul olundu. Bu da Azərbaycan iqtidarının daha çox balanslaşdırılmış xarici siyasətin prioritetlərindən irəli gələn məsələdir. Biz bölgə dövlətləri ilə, beynalxalq güc mərkəzləri ilə münasibətimizdə hər hansısa bir tərəfə önəm vermədən, bütün regional və dünya dövlətləri ilə balansın saxlanmasına çalışmışıq ki, İran və Rusiya ilə münasibətlərimizdə müəyyən problemlər yaranmasın.

Bu günə qədər İslam Əməkdaşlıq Təşkilatının bu məsələ ilə bağlı qəbul etdiyi qətnamələr təəssüflər olsun ki, Qarabağ münaqişəsinin tənzimlənməsinə elə bir ciddi təsir göstərməyib. Başqa bir məqam ondadır ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə qəbul olunarkən məhz İslam Əməkdaşlıq Təşkilatına daxil olan dövlətlərin də dəstəyi Azərbaycanın dövlət olaraq BMT kimi beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasına daimi üzv olmasına şərait yaratdı və ciddi təsir göstərdi. Ancaq İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələr hələ ki, Qarabağ münaqişəsinin həllinə ciddi təsir göstərməyib. İndi vəziyyət fərqlidir. Azərbaycan ordusunun apardığı əməliyyatlar Ermənistanın siyasətinə havadarlıq edən qüvvələrə, məlum dövlətlərə və o dövlətlərin məlum dairələrinə birmənalı şəkildə anlatdı ki, Azərbaycan dövləti və ordusu bu problemi digər yolla, hərbi yolla da həll edə bilər və buna qadir bir dövlətdir. Güman edirəm ki, hər halda Azərbaycanın gücə müraciət edəcəyi təqdirdə Ermənistanın məğlub olacağı qarşı tərəfdə şübhə yaratmadığından İslam Konfransı Təşkilatının Qarabağ münaqişəsi ilə bağlı bundan sonra qəbul etdiyi qətnamələrə fərqli münasibət olacaq".






Fikirlər