MÜDAFİƏ NAZİRLİYİNİN könüllülərə müraciəti müharibə anonsudur?

 Müdafiə Nazirliyinin könüllülərə müraciəti müharibə anonsudur?

Üzeyir Cəfərov: “Qadınlarımızın da orduda olmaları vacibdir”

 

Müdafiə Nazirliyi son bir ayda cəbhə xəttində gedən proseslərdən sonra çoxsaylı müraciətləri nəzərə alaraq, Silahlı Qüvvələrimizdə müddətdən artıq hərbi xidmətlə bağlı qaydaları açıqlayıb. Belə ki, müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan hərbi vəzifəlilər hərbi xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına və ya Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (SQ TTM) müraciət edə bilərlər .
 
Belə şəxslər üçün ildə 4 dəfə- yanvar, aprel, iyul və oktyabr aylarında kurslar təşkil edilir. Kursa təqdim olunan namizəd Müdafiə Nazirliyinin Hərbi Həkim komissiyasında tibbi müayinədən keçərək onun xidmətə yararlılıq dərəcəsi müəyyən edilir. Nazirlik tərəfindən məhkumluğu olan, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciət etməmələri xahiş olunur.
Qaydaların açıqlanması ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Hər kəs müharibənin başlaya biləcəyindən danışır. Könüllü şəkildə müraciət edən qadınlara da bu qaydaların şamil olunması ciddi marağa səbəb olub. Yeni qaydalarla 19-40 yaş arası zərif cinsin nümayəndələri də orduya götürüləcəklər. 
 
Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, Müdafiə Nazirliyinin belə qərar qəbul etməsi doğrudur: “Çoxlu müraciətlər var idi. Bu müraciətləri müsbət qiymətləndirən Müdafiə Nazirliyinin düzgün qərar qəbul etdiyini düşünürəm. Birinci Qarabağ savaşında kifayət qədər təcrübə keçmiş şəxslər var. Onların bilik və bacarıqlarından istifadəyə böyük ehtiyac var. Nəyə görə də istifadə etməyək? Bu şəxslər döyüş görmüş, həyat təcrübəsi keçmişlər, canlarını vətən yolunda qoymuşlardır. Hər ərazinin yolunu çox gözəl bilirlər. Təbii ki, işğal altında olan yerləri nəzərdə tuturam. Burada təsadüfi şəxslərdən söhbət getmir. Könüllülər içərisində birinci Qarabağ savaşında iştirak edənləri nəzərdə tuturam”.
 
Hərbi ekspert qadınların da orduya cəlb olunmalarına münasibət bildirdi: “Burada zərrə qədər narahatçılıq yoxdur. Çünki birinci Qarabağ savaşında döyüşmüş, orduya xeyir verə biləcək kifayət qədər qadınlarımız var. Onların da müraciətləri müsbət cavablandırılıb. Belə götürdükdə, cəbhə xəttində təkcə ön hissədə deyil, arxa cəbhədə də çoxsaylı hərbi birləşmələrimiz var. Ordu qüvvələrimizin döyüş qabiliyyətinin nə qədər yüksək olduğu hamımıza məlumdur. Heç bir sıxıntımız yoxdur. Dünya ordularında qadınlar hər zaman xidmətdə olublar. Müsəlman ölkələri arasında ən çox qadınlar qonşu İran dövlətinin ordusundadır. Azərbaycanda da xidmətdə olan qadınlar var. Bu normal haldır. Düşünürəm ki, qadınlarımızın orduda olmaları vacibdir. Çünki yüksək abı-hava yaradır. Onlar əllərində silah döyüşəsi deyillər ki. Onlar rabitə, tibb və digər sahələrdə çalışan xanımlar olacaqlar. Bu da çox yaxşı haldır”.

 






Fikirlər