Şirvandakı hərbi zavodda partlayışın GERÇƏK səbəbi gizlədilir

ANAMA-ya partlayışdan sonra nə qədər mərmi toplanılmasını açıqlamaq yasaqlanıb

Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan və Şirvanda yerləşən hərbi təyinatlı “Araz” zavodundakı partlayışın nəticələrinin aradan qaldırılması davam edir. 2 nəfərin ölməsi, 26 nəfərin yaralanması ilə nəticələnən partlayışdan sonra fəaliyyəti iflic olan zavodda iş prosesi tam olaraq bərpa edilməyib.

Hazırda ANAMA mütəxəssisləri dəhşətli partlayışdan sonra mərkəzin ərazisi də daxil olmaqla, zavodda və təxminən 2 kilometrlik ərazidə ətrafa səpələnən döyüş sursatlarının başlıqlarını, siqnal raketlərinin patronlarını toplamaqla məşğuldurlar.

Partlayışdan ötən 2 həftə ərzində mütəxəssislər zavod ətrafından xeyli sursat, sursat qalığı toplasalar da, iş davam edir. Partlayış zamanı 20-25 kiloqram ağırlığında olan mərmi başlıqları bir neçə yüz metr hündürlüyə qalxaraq yüksək sürətlə yerə çırpılıb. Bir çox mərmi başlıqları 1 metrə qədər torpağın dərinliyinə girib. Mütəxəssislər minaaxtaranlarla həmin mərmi başlıqlarını axtarıb tapır, qazıyıb çıxarır və təhlükəsiz ərazilərə aparırlar.

Bu günə qədər toplanan sursatların sayını, təmizləmə işlərinin nə vaxta qədər davam etdiriləcəyini öyrənmək üçün ANAMA ofisi ilə əlaqə saxladıq. Suallarımıza “hərbi sirr olduğu” əsası ilə cavab verilmədi. Halbuki buna kimi ANAMA ərazidə aparılan təmizləmə işləri ilə bağlı məlumat yaymışdı. Üstəlik, mətbuatda, sosial şəbəkələrdə dəhşətli partlayışlardan sonra ətrafa səpələnən mərmi başlıqlarının fotoları, videoları yayılmışdı.

Bu baxımdan, “hərbi sirrə” istinad edib məlumat verilməməsi qeyri-ciddi görünür. ANAMA-ya partlayışla bağlı mətbuata açıqlama verilməsinin qadağan olunması daha çox dəhşətli olayla bağlı məlumatların gizlədilməsinə xidmət edir...

MSN-in “Telemexanika” zavodunda 2015-ci ilin iyulunda baş verən olayın səbəbi gizli qaldığı bir vaxtda miqyasına və ölənlərin sayına görə daha dəhşətli partlayış 26 iyul 2016-cı ildə “Araz” zavodunda baş verdi.

Prezident İlham Əliyevin sərəncamı ilə “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyası yaradılıb. Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun sədrlik etdiyi komissiya ötən günlər ərzində 2 dəfə toplaşıb. Lakin mətbuata komissiyanın fəaliyyəti haqda məlumat verilməyib. Müdafiə Sənayesi Nazirliyi (MSN) də öz tabeliyindəki zavodlarda baş vermiş bu dəhşətli olayların araşdırılmasında maraqlı görünmür. 2015-ci il iyulun 6-da Şirvandakı hərbi təyinatlı “Telemexanika” zavodunda baş verən, 1 nəfərin ölümü, 19 nəfərin yaralanması ilə nəticələnən güclü partlayışdan sonra tezliklə olayın hansı səbəbdən meydana gəlməsinin açıqlanacağı gözlənilirdi. Amma bugünədək heç bir informasiya açıqlanmayıb...

 Bu məxfiliyin səbəbləri anlışılmaz olaraq qalır.

Belə fikirlər də var ki, zavodlardakı partlayışlar səhlənkarlıq, yeyintilərin ört-basdır olunmasına xidmət edir. 

Azərbaycan müdafiə nazirinin keçmiş müavini, polkovnik İsa Sadıqov AzadlıqRadiosuna zavodlardakı partlayışlarla bağlı fikir bildirərkən belə bir cavab vermişdi.

Sitat: ““Araz” zavodundakı partlayışda iki versiya var, təhlükəsizlik və ya yeyintinin ört-basdır edilməsi cəhdi".

 Sabiq nazir müavini zavodda ikinci partlayış olduğundan yeyinti məsələsi ilə bağlı versiyaya daha çox inandığını da açlıqlamışdı: “Yeyintini partlayışla silmək olar. Nəzərə alsaq ki, bu, artıq ikinci partlayışdır, deməli, ikinci versiyanın yaşama hüququ daha güclüdür. Ötənilki partlayışın səbəbləri barədə heç bir məlumat verilmədi. Bilinmədi, nədən olub, niyə olub? Kimi tutdular, kimi işdən azad elədilər, məsuliyyət kimin üzərində qaldı? Bu dəfə də komissiya yaradılsa belə, həqiqət barədə ictimaiyyətə məlumat veriləcəyinə inanmıram”.

Hazırda iş üzrə araşdırmalar davam etdirilir. “Araz” zavodundakı partlayış faktına görə Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Ötən il iyulun 6-da Şirvanda “Telemexanika” zavodunda baş verən partlayışla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdı.

 TİA.AZ






Fikirlər