Məmurlarımızın Tiflis və Batumidə kazino macəraları

Məmurlarımızın Tiflis və Batumidə kazino macəraları

 Mətbuatda sabiq deputat Fərhad Qəribovun Tiflisdə kazinoda qumar oynaması ilə bağlı xəbərlər yayılıb. 

Jurnalist Eynulla Fətullayev yazıb ki, Qəribovu özü şəxsən Tiflisdə kazinoya gedərkən görüb və daha sonra onun kazinodakı oyununu izləyib. Jurnalistin iddiasına görə, Qəribov 270 min dollar uduzub və bundan sonra yanındakılara kənardan əlavə pul gətiriləcəyini deyib.

Sabiq deputat özü isə Tiflisdə kazinoda 270 min dollar uduzması ilə bağlı barəsində yayılan məlumatı əvvəlcə təkzib edib. Ardınca isə “Oynamışam, əcəb etmişəm” deyib.

***

Xatırladaq ki, Azərbaycanda qumar (kazino) fəaliyyəti rəsmi olaraq yasaqdır. Belə ki, mərhum dövlət başçısı Heydər Əliyevin Azərbaycanda bütün kazino və qumarxanaların bağlanması barədə 1998-ci ildə qərar verib.

Bununla belə, Bakının müxtəlif ünvanlarında hələ də kazino və qumarxanalar gizli şəkildə fəaliyyət göstərir. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtın müxtəlif yerlərində mütəmadi olaraq, belə obyektlər aşkarlayırlar. 

İddialara görə, Bakıda gizli şəkildə fəaliyyət göstərən kazino və qumarxanaların sadiq müştəriləri arasında isə "papanın gül balaları" - pula pul deməyən məmur övladları kifayət qədərdir. Elə məmurlar da... 

Amma imkanlı azərbaycanlılar “qumar azarlarını” daha çox ölkədən kənarda “öldürməyə” üstünlük verirlər. Buna əsas səbəb isə həm təhlükəsizlik məsələsi, həm də dilə-dişə düşmək qorxusudur. 

Qaynarinfo.Az-ın məlumatlı qaynaqlardan əldə edilən bilgilərdə son vaxtlar varlı azərbaycanlıların kazino həvəsi ilə əsasən qonşu Gürcüstana – Tiflis və Batumiyə üz tutduqları vurğulanır. Bunu sabiq deputat və biznesmen Fərhad Qəribovla bağlı məlum görüntülər də təsdiqləyir. 

***

Bildirildiyinə görə, azərbaycanlı varlıları, o cümlədən, bəzi müxtəlif çaplı məmurları Tiflis kazinolarında əsasən həftəsonları görmək olar. Yay aylarında tətil üçün Batumiyə üz tutanlar üçün də buradakı kazinolar ən sevimli məkanların başında gəlir. 

F.Qəribovun qumar oynayarkən görüntülərinin yayıldığı “Şanqri La Tbilisi” kazinosu bizimkilərin ən çox üz tutduqları otellərdən biridir. 

Məlumata görə, bundan başqa, Gürcüstan paytaxtında “Casino Adjara” və “İveria” kimi daha 2 məşhur kazino var. Hər iki kazinoda da vaxtaşırı azərbaycanlı zənginlər görmək olar. Batumidə isə onlar “Casino Peace”ni və “Casino İnternational”ı tərcih edirlər. 

Adları sadalanan kazinoların qarşısında daim Azərbaycan, özəlliklə də Bakı nömrəli maşınlar görmək olar. Hələ 2 il əvvəl – 2014-cü ildə "Peace Casino"nun maliyyə direktoru Mehmet Esen Britaniyanın nüfuzlu “Guardian” nəşrinə müsahibəsində demişdi ki, "bizim müştərilərimizin çoxu Türkiyədən və Azərbaycandan gəlir”.

***

Hələ ötən il Tiflisdəki üç iri kazinodan birinin operatoru olan “Storm İnternational” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Lavrenti Qubin “Gürcüstanda qumar biznesinin xüsusiyyətləri” adlı məruzəsində demişdi ki, Azərbaycandan olan qumarbazlar qonşu ölkədənin paytaxtındakı kazinolarının əsas gəlir mənbəyidir.

L.Qubin məruzəsini “Russian Gaming Week-2015” sərgi-forumunda təqdim edib. O deyib ki, hazırda Gürcüstanda iki böyük oyun mərkəzi var: Tiflis və Batumi. Tiflisdə üç kazino işləyir, dördüncüsü tikilməkdədir. Batumidə 10 kazino işləyir və daha bir neçəsi tikilir. Orada biznes əsasən Türkiyədən olan qumar həvəskarlarının hesabına inkişaf edir.

Məruzəçinin dediyinə görə, hazırda Gürcüstan iqtisadiyyatı qumar biznesindən sanballı gəlir əldə edir və Saakaşvilidən sonra hakimiyyətə gələnlər bu biznesi məhdudlaşdırmaq istəsələr də sonradan öz təşəbbüslərini geri götürürlər.  “Daxili oyun bazarı çox məhduddur. Biz əsasən Azərbaycan, İran və Türkiyədən olan müştərilərin hesabına işləyirik. Tiflisə qumar oynamağa gələnlər əsasən İran, Azərbaycan, Tacikistan və Qazaxıstandan olanlardır. Batumiyə isə əsasən Türkiyədən gəlirlər. Lakin Batumidə VİP-oyunçular azdır, belələri bir qayda olaraq Tiflis kazinolarına gəlir”- Lavrenti Qubin deyib.

Kazino şirkətinin təmsilçisinin bildirdiyinə görə, qonşu ölkələrdən gələnlər  ümumi müştərilərin 20 faizini təşkil etsə də gəlirin 80 faizini onlar verir. Bunlar əsasən Azərbaycan, İran, Tacikistandan gələnlərdir. Qalanlar isə Gürcüstan müştəriləridir. “Konkret olaraq Azərbaycan bizə böyük gəlir verir, çünki bu ölkədə qumar biznesi qadağan olunub”- Lavrentiy Qubin deyib

Onun bir il öncə dediyi bu sözlərdən də aydın olur ki, imkanlı azərbaycanlılar üçün Tiflis sözün həqiqi mənasında “qumar cənnəti”nə çevrilib. Beləliklə, bizdə kimlərinsə korrupsiya və xalqın soyulması hesabına qazandıqları pulların bir hissəsi Gürcüstan qumarxanalarına axıdılır, nəticədə, zənginləşən, bundan karlı çıxan qonşu ölkə olur. 

Bəs itirən? Fikrimizcə, bu ritorik sualın cavabını hər kəs özlüyündə asanlıqla tapa bilər. 

***

Əldə etdiyimiz ən son məlumat isə budur ki, Fərhad Qəribovla bağlı qalmaqaldan sonra Tiflis kazinolarının qarşısında Azərbaycan nömrəli avtomobillərin sıxlığı azalıb. Amma bu, böyük ehtimalla müvəqqəti haldır. Yəni sabiq deputatla bağlı qalmaqal səngidikdən sonra yəqin ki, həmin kazinoların azərbaycanlı müştəriləri də yenidən qarışqa kimi qaynamağa başlayacaq.






Fikirlər