Bakı Beynəlxalq Avtovağzalında kassir-sürücü işbirliyi- SƏRNİŞİNLƏR SOYULUR

baki_beynelxalq_avtovagzal_kompleksi_001

Bakı Beynəlxalq Avtovağzalında kassalarda 5.50 AZN-ə satılan biletləri rayonlara işləyən avtobusların sürücüləri 8 AZN-dən vətəndaşlara satır.

Gununsesi.info-nun məlumatına görə, baku.ws-yə müraciət edən vətəndaş Rəqsanə Bayramova ötən gün Gəncəyə getmək istəyərkən avtovağzalda bu cür mənzərə ilə qarşılaşdığını bildirir.

“Dünən Gəncə şəhərinə getmək üçün saat 13:30-da Bakı Beynəlxalq Avtovağzalına gəldik. Bilet almaq üçün 13 və 14 nömrəli kassaya yaxınlaşdım. Yaxınlaşan zaman bir oğlanın kassirlə dava etdiyini gördüm. Nə baş verdiyini soruşdum. Aydın oldu ki, kassada bilet yoxdur. Camaatı isə “kompüter xarab olub və ancaq saat 16-ya bilet verə bilərik” deyərək aldadırlar. İşçilər vətəndaşa doğru-dürüst cavab vermirlər. Məcbur qalıb sürücüdən bilet aldıq”, deyə şikayətçi qeyd edir.

Onun sözlərinə görə, avtobus sürücüsü  5.50 AZN-lik bileti vətəndaşlara 8 AZN-dən satır: “Kassada 5.50 manat olan bilet niyə 8 manatdan satılır? Kassalar və sürücülər əlbir olub quldurluq edirlər. Kassirlər biletləri öncədən sürücülərə satırlar. Sürücülər isə istədikləri qiymətə satırlar. Aidiyyəti qurumlara səslənirəm: bu özbaşınalığa son qoyun!”

Digər bir sərnişin Mail Ağaxanov isə bildirir ki, avqustun 5-də Bakı Beynəlxalq Avtovağzaldan Lənkərana getmək istəyərkən bunabənzər hadisə ilə qarşılaşıb: “Yaxınlaşdım kassaya dedilər ki, Lənkərana bilet yoxdur. Səbəbini soruşduqda kassir bildirib ki, dispetçerdən soruş. Dispetçer isə səbəbini izah edə bilmədi. Səhər saat 10-dan günorta saatlarına qədər gözləsək də nə avtobus tapa bildik, nə də ki, bilet ala bildik. Sonradan peyda olan avtobuslar isə Lənkarana 7, Astaraya isə 8 manata aparırdılar”.






Fikirlər