SERGEY LAVROV İSTEFAYA HAZIRLAŞIR – Yerinə kimin gələcəyi də MƏLUMDUR

 

Bu gün əksər Rusiya KİV-lərində xarici işlər naziri Sergey Lavrovun tezliklə tutduğu postla vidalaşacağı barədə xəbər yayılıb. 

“AzPolitika.info”nun məlumatına görə, bu barədə Rusiya mətbuatı yazıb. Rusiya KİV-lərin XİN-dəki mənbəyə istinadən bildirir ki, S.Lavrov Putinin seçkidən sonra quracağı yeni kabinetdə yer almayacaq.

Adı çəkilməyən nazirlik rəsmisi 2004-cü ildən bu vəzifəni daşıyan Lavrovun artıq bir neçə ildir ki, istefa vermək istədiyini, lakin V.Putinin istəyilə prezident seçkisinə qədər gözləməli olduğunu deyib: “Lavrovun çoxdan getmək istədiyi heç kim üçün sirr deyildi”. 
Artıq 68 yaşı olan S.Lavrovun istefasının əsas səbəbi kimi yorğunluğu göstərilir.

Məsələ ilə bağlı açıqlama verən nazirlik sözçüsü Mariya Zaxarova nazirin öz postunda qalıb-qalmayacağını bilmədiyini deyib. Rusiya KİV-ləri isə bu məlumatı bir neçə mənbədən dəqiqləşdirdiyini və yeni hökumətdə Lavrovun olmayacağına əminliyini bildirib. Hətta nazir postuna namizədlərin adları da müzakirəyə çıxarılıb və ən real namizəd kimi hazırkı nazir müavini Aleksandr Qruşko göstərilib. Mənbələr həmçinin iddia edir ki, Lavrov istefaya göndərilsə də, pensiyaya çıxmayacaq və böyük ehtimalla Rusiya Təhlükəsizlik Şurasında hansısa fəxri post tutacaq.

Xatırladaq ki, sonuncu dəfə S.Lavrov bir neçə gün öncə “Rusiya imkanlar ölkəsidir” adlı forumda səhnəyə çıxan zaman yıxılması ilə gündəmə gəlmişdi. Görünür, Rusiya imkanlar ölkəsi olsa da, Lavrovun artıq bu yükü daşıması imkansızdır.






Fikirlər