Ləğv edilən dövlət qurumları nə vaxt yaradılmışdı, rəhbərləri kimlərdir...

Prezident İlham Əliyev yanvarın 14-də Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

 "AzerTaym.az" bildrir ki, fərmanın imzalanmasında məqsəd Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir.
Fərmana əsasən, 3 dövlət qurumu ləğv edilib: bunlar Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzidir.

Bu qurumlar nə vaxt yaradılmışdı, rəhbərləri kim idi, neçə işçiləri vardı?
Modern.az saytı bu suallara cavab tapmaq üçün kiçik bir dəqiqləşdirmə aparıb.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ölkə başçısının 1 fevral 2013-cü il tarixli fərmanı ilə yaradılmışdı.

Agentliyin qurulmasında məqsəd ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi idi. Agentlik Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı idi.
Dövlət Agentliyinin işçilərinin ümumi say həddi 100 ştat vahidi idi.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov idi.  

Prezident yanında Bilik Fondu Azərbaycan Prezidentinin fərmanı ilə 7 may 2014-cü il tarixində yaradılmışdı. 
Fondun yaradılmasında məqsəd elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması idi.
 Bilik Fondunun işçilərinin say həddi 20 ştat vahidi müəyyən edilmişdi.
Prezident yanında Bilik Fondunun icraçı direktoru pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədov idi.
Prezident yanında Strateji Araşdırmalar Mərkəzi ölkə başçısının 12 noyabr 2007-ci il tarixli fərmanı əsasında yaradılmışdı. 

Mərkəzin yaranmasının zərurəti qloballaşma şəraitində ölkədə dövlət əhəmiyyətli strateji araşdırmaların aparılmasına, idarəetmə prosesinin təkmilləşdirilməsinə dair proqnozların verilməsinə, cəmiyyətdaxili sosial-siyasi vəziyyətin təhlil olunmasına, sosioloji sorğuların keçirilməsi və respublikanın müvafiq qurumları tərəfindən aparılan strateji xarakterli tədqiqatların əlaqələndirilməsinə, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya qarşıdurmasında Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mötəbər elmi konsepsiyaya əsaslanan genişmiqyaslı proqramların həyata keçirilməsinə duyulan ehtiyacdan irəli gəlmişdi.
Mərkəzin əsas məqsədi ölkənin inkişafının müxtəlif istiqamətləri, o cümlədən geosiyasət, təhlükəsizlik, dövlət quruculuğu, regionların inkişafı, mövcud problemlərin həlli və digər mühüm sahələr üzrə elmi araşdırmaların nəticələri və proqnoz-analitik xarakterli məlumatlar ilə Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanlarının təmin edilməsindən ibarət idi.
Mərkəzinin işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilmişdi.  
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin sədri rhad Məmmədov idi.






Fikirlər