“Bakıda şərəfinə heykəl ucaldılmış elə şəxslər var ki, onların Azərbaycanla heç bir bağlılığı olamayıb”
“Babəkin heykəlinin ucaldılmaması bu böyük sərkərdənin Azərbaycan xalqının bir etnos kimi formalaşmasındakı rolu ilə bağlı ola bilərmi?” “Prezident İlham Əliyev 06 sentyabr 2011-ci ildə Bakı şəhərində görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncamda Babəkin abidəsinin ucaldılması xalqımızın çoxəsrlik zəngin tarixinə adları qəhrəmanlıq rəmzi kimi həkk olunmuş görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində əhəmiyyəti ilə izah olunur və Bakı Şəhər İcra Hakimiyyətinə abidəsinin ucaldılması ilə bağlı təkliflərini hazırlamaq üçün bir ay müddət verilir”. "AzerTaym.az" bildirir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur. Politoloq bildirib ki, bu sərəncamın imzalamasının 9-cu ilinin tamam olmasına çox qısa zaman qalıb: “Azərbayan xalqının bir etnos kimi formalaşmasında müstəsna rolu olan beş böyük şəxsiyyətdən biri hesab etdiyim Babəkin heykəlinin ucaldılması haqqında prezident sərəncamının olmasına baxmayaraq, abidənin ucaldılmaması təsadüfdürmü? Bu sual ətrafında düşünərkən Bakıda Azərbaycan xalqının minlərlə şəhid qanı hesabına qazandığı istiqlalının məhv edilməsində rol almış 11-ci qırmızı orduya, 26 Bakı Komissarına, Vladimir Lenininə, Sergey Kirova, Nəriman Nərimanova, Stepan Şaumyana, Məşədi Əzizbəyova, Prokofi Caparidzeyə, Ayna Sultanovaya heykəllərinin ucaldıldığını xatırladım. Mirzə Ələkbər Sabirin Bakıda heykəlinin ucaldıldığı 1922-ci ildən 2011-ci ilə kimi Babəkin heykəlinin ucaldılması isə kimsənin yadına düşməyib. Nəhayət, 2011-ci ilin sentyabrında Babəkin abidəsinin ucaldılması haqqında prezident sərəncamı imzalanıb. Ancaq bu sərəncam da bu günə kimi kağız üzərində qalıb. Prezidentin sərəncamını həyata keçirilərək Bakıda Babəkin heykəlinin ucaldılmasına nə mane olub? Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalandıqdan sonra Bakıda Abbasqulu ağa Bakıxanovun, Volfqanq Amadey Motsartın, Fikrət Əmirovun, Koroğlunun, Bülbülün, Nikola Teslanın, Qara Qarayevin, Rəşid Behbudovun, Niyazinin, Albert Aqarunovun heykəlləri ucaldılıb”. Xaqani Cəfərlinin sözlərinə görə, Bakıda şərəfinə heykəl ucaldılmış elə şəxslər var ki, onların Azərbaycanla heç bir bağlılığı olamayıb: “Amma bəşər tarixində bənzəri olmayan bir hərəkatın, Xürrəmilər-babəkilər hərəkatın liderinə heykəl ucaltmaq “yaddan çıxıb”. Babəkin heykəlinin ucaldılmaması bu böyük sərkərdənin Azərbaycan xalqının bir etnos kimi formalaşmasındakı rolu ilə bağlı ola bilərmi? Azərbaycan xalqının tarixi yaddaşının oyanmasına səbəb ola biləcək abidə kimlərə mane olur? Bu sullara bəşər tarixində bənzəri olmayan bir hərəkatın, Babəkin başçılıq etdiyi Xürrəmilər-babəkilər hərəkatının Azərbaycan xalqının bir etnos kimi formalaşmasındakı roluna aydınlıq gətirməklə cavab tapmaq olar”.