“Azərbaycan Qərbi Zəngəzuru tam nəzarətə götürə bilər” - Bakıdan Tehrana mesaj

“Azərbaycan Qərbi Zəngəzuru tam nəzarətə götürə bilər” - Bakıdan Tehrana mesaj  

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Araz dəhlizi” mövzusunda baş tutan ixtisaslaşdırılmış sessiyada Zəngəzur dəhlizi kimi ideyaları həyata keçirməyin qeyri-mümkün olduğunu dilə gətirib. O, bu reallığın hər kəs tərəfindən qəbul olunduğunu iddia edib. Səfir vurğulayıb ki, bu kontekstdə Azərbaycan və İran arasında Araz dəhlizinin yaradılması ilə bağlı razılaşma əlverişli fürsətdir. 

Səfirin açıqlaması Zəngəzur dəhlizinin açılmayacağına işarədirmi? Bu dəhlizin istifadəyə verilməsi nə üçün mümkün deyil? Rəsmi Tehran belə mövqe ilə nə demək istəyir?

Mövzu ilə bağlı Medianews.az-a danışan Ağ Partiya sədrinin birinci müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirib ki, İran səfirinin açıqlaması təbii olaraq rəsmi Tehranın maraqlarını əks etdirən mövqedir. Onun sözlərinə görə, İran rəsmiləri öz dövlətlərinin istək və arzularını ümumi reallığı əks etdirən mənzərə kimi cəmiyyətə sırıya bilməz: “İran öz dövlətinin istək və arzularını ümumi reallığı əks etdirən konteks kimi cəmiyyətə sırıya bilməz. Zəngəzur dəhlizi niyə mümkün deyil, mümkündür. Belə bir açıqlama verməkdə İranın məqsədi nədir? Burada sadəcə İran Azərbaycana mesaj vermək istəyir ki, buna imkan verməyəcəyik. Həmçinin bununla demək istəyir ki, Araz dəhlizi daha cəlbedicidir, gəlin, Araz dəhlizi ilə işləyək. İran həm buradan iqtisadi dividentlər əldə edəcək, həm də siyasi məqsədlərinə çatmış olacaq. Beləliklə İran eyni zamanda Ermənistanla sərhədini də qoruyub-saxlamış olacaq. Bu, İranın hədəfidir. Amma Azərbaycanın da əks hədəfi olmalıdır və var. Ölkəmiz dünyada milyonda bir baş verən hadisələrdən maksimum istifadə edib, regionda yeni reallıq yaradıb”.

Siyasi şərhçi Azərbaycanın Zəngəzur dəhlizi ideyasını nə zaman həyata keçirə biləcəyini də diqqətə çatdırıb: “Dövlətimiz bunu istəsə, təkidlə bu məsələnin üzərinə getsə və strateji müttəfiqimiz Türkiyənin, müəyyən vəziyyətə uyğun olaraq Rusiyanın dəstəyini ala bilsə bu ideyanı gerçəkləşdirə bilər. Üstəlik, kənardan da Böyük Britaniyanın İpək yolu layihəsinə böyük marağı var. Nəzər alaq ki, Zəngəzur dəhlizi məhz həmin o İpək yolunun strateji bir hissəsidir. Bütün bu aspektləri Azərbaycan öz xeyrinə çevirməyi bacarsa, Zəngəzur dəhlizi məsələsini gerçəkləşdirə bilər. Nəinki Zəngəzur dəhlizini, ümumiyyətlə Qərbi Zəngəzuru tam nəzarətə götürə bilər”.

Partiya funksioneri Ermənistan gerbindəki absurd məqama da toxunub. O, bununla Ermənistanın şərqi Anadoluya iddia etdiyini vurğulayıb: “Azərbaycan da siyasi-iqtisadi hədəflərini və ərazi genişlənməsini həyata keçirməlidir. Siz deyə bilərsiniz ki, XXI əsrdir, müəyyən edilmiş sərhədlər var. Məsələn həmin bu Ermənistan gerbində Ararat, yəni Ağrı dağı var ki, Türkiyəyə məxsusdur. Ermənistan başqa ölkənin, qonşusunun dağını öz gerbinə salıb. Ermənistan Türkiyənin bir neçə vilayətlərinə, yəni şərqi Anadoluya iddia ortaya qoyub və bu iddiaları konstitusiyasına da salınıb. Biz bütün bunları nəzərə alaraq, Ermənistanın nə qədər aqressiv dövlət olduğunu, işğalçılıq niyyətlərini gizlətmədiyini əldə bayraq edərək, beynəlxalq hüquqi aspektdən yararlanaraq Zəngəzur məsələsində vəziyyəti öz xeyrimizə dəyişə bilərik”. 






Fikirlər