Mediadan kimlər seçkiyə qatılacaq? - AÇIQLAMALAR

Məlum olduğu kimi, 1 sentyabr tarixində Azərbaycanda növbədənkənar parlament seçkisi keçiriləcək. Seçkidə bəzi tanınmış media nümayəndələrinin də iştirak edəcəyi gözlənilir.

“AzPolitika” mövzunun aktuallığını nəzərə alaraq bir neçə media nümayəndəsinin fikirlərini öyrənib.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Aya-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı “AzPolitika”-ya açıqlamasında parlament seçkisində iştirak etmək fikrində olmadığını deyib.

“525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurasının sədri Rəşad Məcid isə hələlik bu barədə qərar vermədiyini bildirib.

“Press-klub” internet televizyasının baş redaktoru Qulu Məhərrəmli də parlament seçkisində iştirak etməyəcəyini bildirib: “Seçkidə iştirak etmək kimi bir fikrim olmayıb. Nə vaxtsa müəyyən qığılcımlar olub, amma hazırda belə bir fikrim yoxdur. Sadəcə seçkiləri aktiv şəkildə müşahidə etməyi düşünürəm”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, ƏHD partiyasının sədr müavini Elçin Mirzəbəyli seçkilərdə iştirakla bağlı bunları deyib: “Mən parlament seçkiləri ilə bağlı heç bir sula cavab vermirəm. Çünki partiyanın mətbuat xidməti var. Media nümayəndəsi olmaqdan əlavə, həm də siyasi partiya sədrinin müaviniyəm. Ona görə də prinsip etibarilə özümü sırf bu kateqoriyaya aid etmirəm. Sədr müaviniyəm, bunun üçün də son qərarı partiya verəcək”.

Hazıkı deputat Aqil Abbas isə artıq media sahəsində fəaliyyət göstərmədiyini bildirib:“Mən mediadan çoxdan ayrılmışam, yazıçıyam. 15-20 ildir ki, bu sahədən uzağam. Əvvəl “Ədalət” qəzetində readaktor idim, indi deyiləm”.






Fikirlər