PARTİYALAR HARDAN MESAJ GÖZLƏYİR? – Prezident seçkisi ilə bağlı qəribə səssizlik davam edir...

Məlum olduğu kimi, Azərbaycanda növbədənkənar prezident seçkisi elan edilib. Növbədənkənar seçki 2024-cü il fevralın 7-də keçiriləcək.

 

Qeyd edək ki, artıq dekabrın 9-dan etibarən Azərbaycanda növbədənkənar prezident seçkisi ilə əlaqədar namizədlər - seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini irəli sürə bilərlər. Seçki Məcəlləsinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18.00-dək partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanacaq və bu müddət 2024-cü il yanvarın 8-i saat 18.00-dək olan dövrü əhatə edəcək.

Namizədlərin irəli sürülməsi ilə bağlı rəsmi təqvim müəyyən olunsa da, siyasi partiyalarda səssizlik və qeyri-müəyyənlik müşahidə olunur. Ölkədə növbədənkənar prezident seçkisinin elan olunmasıyla birlikdə əksər partiya rəhbərləri ilə əlaqə qurmaq, onlardan nə isə bir fikir öyrənmək müşkül məsələyə çevrilib. Hələ ki, seçki ilə bağlı öz namizədini irəli sürən, vahid bir fikir səsləndirən partiya və ya partiya sədri yoxdur. Ölkədəki siyasi partiyalar sanki ilk addımı atmaqdan çəkinir, nədənsə tərəddüd edirlər. Sanki haradansa, hökumətdən və hansısa xarici dairələrdən gələcək mesajı gözləyirlər...

“AzPolitika.info”-nun bu barədə ölkənin aparıcı siyasi partiyaları arasında apardığı sorğu da bunu təsdiqləyib.

 

 

Əksər partiya rəhbərləri seçkidə iştirakla bağlı sualımızdan müxtəlif bəhanələrlə yayınmağa çalışıblar. Bir hissəsi isə çox güman mövzunun nə olacağını bildiyindən zənglərə cavab vermir.

Əlaqə yaratdığımız ilk şəxs Ümid Partiyasının sədri İqbal Ağazadə oldu. Lakin o, iclasda olduğunu və cavab verə bilməyəcəyini deyərək, əlaqəni sonlandırdı.

Azərbaycan Xalq Partiyasının başqanı Pənah Hüseyn isə bildirdi ki, partiyanın öz namizədi ilə seçkidə iştirak edib-etməyəcəyi İdarə Heyətində aparılacaq müzakirələrdən sonra müəyyən olunacaq. O, hələlik bu məsələ ətrafında müzakirələrin davam etdiyini deyib.

AĞ partiya başqanı Tural Abbaslı ilə əlaqə yaratmaq cəhdlərimiz isə uğursuz olub. Hər halda AĞ partiyada seçkidə iştirak məsələsi ilə bağlı qızğın müzakirələr getdiyindən Tural bəyin zənglərimizə cavab veməyə vaxtı olmayıb...

Musavat başqanı Arif Hacılı da zənglərimizə cavab verməyən partiya sədrləri arasında olub.

Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa isə bildirib ki, partiya olaraq prezident seçkisində iştirak edəcəklər. F. Mustafa qeyd edib ki, konkret bir namizədlə seçkidə iştirak məsələsi partiyanın rəhbər orqanında müzakirə olunacaq.

“Partiya olaraq biz bütün seçki kampaniyalarında aktiv iştirak edirik. Biz müşahidəçi, məntəqə və dairə seçki komissiyasının üzvləri kimi, eyni zamanda təbliğat prosesində də aktiv rol alırıq. Lakin prezident seçkisində konkret bir namizədlə iştirak məsələsi partiyanın səlahiyyətli qurumlarına aid məsələdir. Yaxın günlərdə partiyanın nizamnaməsində dəyişiklik nəzərdə tutulmuşdu və bu səbəbdən də qurultay olmalı idi. Biz həmin qurultayda bu məsələni də müzakirə edəcəyik. Əgər məqsədəuyğun olsa, partiya seçkidə öz namizədi ilə iştirak edə bilər. Lakin hələ tezdir. Bu müzakirələrdən sonra məsələ aydınlığa qovuşacaq. Amma qeyd etdiyim kimi, biz partiya olaraq bütün hallarda seçkidə aktiv iştirak etməyi planlaşdırırıq. Bizim prinsipimiz də odur ki, prezident, parlament və bələdiyyə seçkilərində partiya öz siyasi mobilliyini qorumaq və siyasi həyatda rolunu artırmaq üçün mütləq seçki prosesində iştirak etməlidir”, - deyə F. Mustafa əlavə edib.

 

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da gün ərzində etdiyimiz zəngləri cavabsız qoyub.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı isə bildirib ki, AXCP-nin seçkidə iştirakıyla bağlı məsələ partiyanın 6-cı gün baş tutacaq qurultayından sonra müəyyən olunacaq.

Real Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli bildirib ki, Real-da da seçki məsələsi ətrafında müzakirələr davam edir.

“Ötən həftə İdarə Heyəti toplandı. Lakin 8 nəfərlik İdarə Heyətində səslər bərabər bölündü. Yəni 3 nəfər iştirakın leyhinə, 3 nəfər əleyhinə, 2 nəfər isə bitərəf mövqe tutdu. Biz qərara gəldik ki, bu həftə də müzakirələri davam etdirək. Çünki iştirakla bağlı, xüsusən də iştirakın parlament seçkiləri konteksində edilməsi ilə bağlı ciddi arqumentlər var. Bizim əsas hədəfimiz parlament seçkiləridir və daha öncə də bunu elan etmişdik” - deyə, Natiq Cəfərli bildirib.

N.Cəfərli qeyd edib ki, seçkidə iştirakla bağlı yekun qərar həftəsonu elan olunacaq: “Hələ ki, müzakirələr gedir. Amma həftəsonunda qərar olacaq. İstənilən halda bizim mövqeyimiz seçkidə iştirak etməkdir. Bildiyiniz kimi, seçkidə iştirakın digər formaları da var. Digər partiyaların uzun müddətdir apardığı boykot siyasətinin nə vətəndaşa, nə də ölkəyə heç bir xeyri yoxdur. Təbii ki, bizdə boykotdan söhbət gedə bilməz”.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, şəxsin namizədliyini irəli sürə bilməsi üçün 60 fərqli seçki dairəsindən 40 min imza tələb olunur.

 

 






Fikirlər