Bakıdan SON TƏLƏB: Bu ərazilər geri qaytarılsın ...
II Qarabağ müharibəsinin bitməsindən 4 ildən də çox zaman keçib. Amma Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Formal nöqteyi-nəzərdən Ermənistanla Azərbaycan hələ də müharibə şəraitindədir. Sözsüz ki, bu, risklər yaradır. Bu sözləri Teleqraf.com-a açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib. O bildirib ki, Azərbaycanla Ermənistan arasında yenidən müharibənin başlayıb- başlamaması ehtimalı sülh müqaviləsi ilə bağlı deyil: "Ermənistan özünü nə vaxt hazır hesab edəcəkə, o zaman da yenidən Azərbaycana qarşı müharibəyə başlayacaq. Bu, qaçılmaz bir haldır. Ermənistanın bir dövlət kimi xarakteri və erməni cəmiyyətinin davranışları bunu təsdiq edir”.
Partiya sədri hesab edir ki, erməni tərərəfi işğalçı olduğunu etiraf etsə belə, Azərbaycana sülhlə bağlı şərtlər irəli sürür: “Ordusunun 70 faizi dağılmış bir ölkənin hansısa şərt irəli sürməsi məntiqsizdir. Bununla belə Azərbaycanın haqlı tələblərini qəbul etmək istəmirlər. Bu halda sülhdən danışmaq inandırıcı deyil. Ermənistan əgər bundan sonra da silahlanmağa davam edəcəksə, o, ritorikasını dəyişəcək. Erməni cəmiyyətində revanşizm və Qarabağa aid iddialar hələ də gündəmə gətirilir”. Tural Abbaslıya görə, Ermənistanla sülh sazişi ancaq diktə ilə imzalanmalıdır: “Bu ölkənin üzərində öhdəliklər qoyulmalıdır. Ordu quruculuğu ilə bağlı onlar məhdudiyyətlər tətbiq edilməlidir. Eyni zamanda Ermənistan işğal faktına və vurduğu ziyana görə təzminat ödəməlidir. Rəsmi İrəvan Azərbaycanın tarixi torpaqlarını geri qaytarmaqla bağlı öhdəlik götürməlidir. Bundan başqa yol yoxdur”.