SƏRDAR Cəlaloğlu ARAZ Əlizadəni dövlətçiliyə qarşı çıxmaqda SUÇLADI

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadənin himnimizlə bağlı verdiyi açıqlama müzakirələrə səbəb olub.

Araz Əlizadə unikal.org-a açıqlamasında bildirib ki, Azərbaycan himninə qulaq asanda adam əlinə dəsmal götürüb ağlamaq istəyir.

“Dünyada yeganə ölkəyik ki, bizim himinimiz minordur. Bütün dünyada himnlər majordadır. Yəni majorda olan himnlər ruh yüksəkliyi gətirir. Bizim himnə qulaq asanda adam istəyir əlinə dəsmal alıb ağlasın”. 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Araz Əlizadəyə etiraz edib. O, Modern.az saytına deyib ki, Azərbaycan himninin sözləri kifayət qədər qiymətli və güclü ideya, fikirlərlə zəngindir.

“Himnimizin musiqisində və sözlərində adamı ağlamağa vadar edən heç bir şey yoxdur. Himnin musiqisi də kifayət qədər təmtəraqlıdır. Kim özü himnə necə yanaşırsa, bu cür də anlayır. Şəxsən mən Azərbaycan himnini ağlamalı bir əsər kimi yox, vətənpərvərlik, mərdlik nümayiş etdirən bir əsər kimi qiymətləndirirəm. Hansı dövlətin himnində bu qədər gözəl sözlər, fikirlər var?”.

Sərdar Cəlaloğlunun fikrincə, Araz Əlizadənin himnə qarşı çıxması dövlətçiliyin əleyhinədir.

“Dövlət himninin bu cür müzakirəyə çıxarılması və təhqir olunması yolverilməzdir. Bu, dövlətçiliyə ziddir. Azərbaycanın himni, gerbi, bayrağı varsa, bu cür müzakirəyə çıxarması, təhqir etməsi, şübhə altına alması yolverilməzdir”.






Fikirlər