Yağışların fəsadları - Çaylarda sululuq səviyyəsi artdı

Əsasən respublikanın rayonlarında aramsız yağan yağışlardan sonra çay və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-210, Kiçik Qafqazın çaylarında 170-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 250-450 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 205 m3/s olmaqla ongünlük normanın 124 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 182 m3/s olmaqla ongünlük normanın 110 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 156 m3/s olmaqla, ongünlük normanın 170 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 124 m3/s təşkil edərək ongünlük normanın 135 faizini təşkil etmişdir.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra, Bankə və Araz çayının Novruzlu məntəqələrində suyun səviyyəsində 4 sm, Salyanda isə suyun səviyyəsində 3 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 560 (2015-ci il oktyabrın 28-də 361 sm), Salyanda 410 (2015-ci il oktyabrın 28-də 200 sm), Bankədə 283 (2015-ci il oktyabrın 28-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 270 sm (2015-ci il oktyabrın 28-də 78 sm) təşkil edir.

 






Fikirlər