ŞAİR SADAY ŞƏKƏRLİ əfv olunmaq üçün MÜRACİƏT ETDİ

Şair Saday Şəkərli əfv olunmaq üçün müraciət etdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan, hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilən yazıçı-şair Saday Şəkərli Əfv Komissiyasına müraciət edib.

Bu barədə S.Şəkərlinin vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkil bildirib ki, S.Şəkərli ailə vəziyyəti və səhhətindəki problemlərə görə əfv olunmasını xahiş edib. Müraciət komissiyaya daxil edilib.

Xatırladaq ki, S.Şəkərli bir müddət əvvəl vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Nizami rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə onun müraciətini təmin etməmişdi.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhər sakini S.Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan, faktla bağlı onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfinin qərardan verdiyi kassasiya şikayətini Ali Məhkəmə təmin etməyib. (trend)






Fikirlər