Öldürülən jurnalistin ailəsi - Prezidentə müraciət etdi

 

Jurnalist Rasim Əliyevin ölümünün səbəbləriylə bağlı məhkəmə tibb ekspertizasının və Səhiyyə Nazirliyinin həkimlərin səhvinin araşdırılması ilə bağlı komisiyanın rəyləri gecikir.

 "AzerTaym.az"-ın Anspress-ə istinadən məlumatına görə, bu barədə vəkil Əshabəli Mustafayev bildirib.
Vəkilin sözlərinə görə, rəylərin gecikdirilməsi ilə bağlı heç bir açıqlama verilmir və mərhum jurnalistin ailəsi bundan narahatdır. "Günahkarların az cəza alması və ya məsuliyyətdən kənarda qalmasından qorxuruq. Onların bəzilərinə verilmiş 3 ayın bitməsinə az qalıb. Müdafiə tərəfi rəylərin verilməməsini əsas götürərək, onlar haqqındakı həbs qətimkan tədbirinin götürülməsi üçün çalışacaqlar",- deyə vəkil qeyd edib.
Əshabəli Mustafayev bildirib ki, gecikdirilmə hadisəni "unutdurmaq" məqsədi daşıyır. Onun sözlərinə görə, Rasim Əliyevin ailəsi gecikmənin səbəblərinin araşdırılması ilə bağlı prezidentə müraciət ünvanlayıb. Çünki prezident İlham Əliyev məsələni şəxsi nəzarətində saxlayacağını bildirib.
Rasim Əliyev avqustun 8 - də Bayıl qəsəbəsində yerləşən "Bayıl market" mağazasının qarşısında bir qrup şəxs tərəfindən döyülüb və o, aldığı "çoxsaylı bədən xəsarətləri"nə görə bir gün sonra vəfat edib. Vəfatından öncə o, jurnalistlərə verdiyi müsahibədə döyülməyinin səbəbini Facebook sosial şəbəkəsində "Qəbələ" futbol klubunun futbolçusu Cavid Hüseynovla bağlı yazdıqları ilə əlaqələndirib.
Avqustun 11-də, fulbolçu Cavid Hüseynov, onun bibisi oğlu Elşən İsmayılov və daha bir neçə nəfər həbs olunub. Məhkəmə futbolçunu "ağır cinayətin hazırlandığını bilərək bu barədə xəbər verməməkdə" ittiham edərək onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Onun vəkili mətbuata verdiyi açıqlamada, futbolçunun təqsirli olmadığını bildirib.
Prezident İlham Əliyev hadisə barədə xəbər tutan kimi Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə məsələnin qısa müddətdə, tam təfsilatı ilə araşdırlması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi, habelə hadisənin baş vermə səbəbləri, istintaqın gedişi haqqında dövlət başçısının və ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar verib.


Rasim Əliyevin son müsahibəsi 






Fikirlər