Göyçay sakinləri sabiq məmurun onları 34 minlik ziyana saldığını iddia edirlər – AÇIQLAMA

Göyçay rayon Ləkçılpaq kəndinin bir qrup sakini rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini İkram Vəliyevin onlara külli miqdarda zərər vurduğunu iddia edirlər.
 Müraciət edən sözügedən şəxslər –  Kərimov Afiq Ağamusa oğlu, Kərimov Orxan Əhəd oğlu və Xəlilov Şahid Ziyəddin oğlu bildirirlər ki, onlar şərik olublar və 10 noyabr 2023-cü il tarixində hər biri 12-13 kiloqram olan 3 min 880 yeşik xurmanı İkram Vəliyevin direktoru olduğu İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən soyuducu anbara təhvil veriblər.

“Razılaşmaya əsasən, 2024-cü ilin 15 yanvar tarixinə kimi məhsulumuzun soyuducu anbarda saxlanılması üçün əvvəlcədən 8 min manat pulu ödədik. Dekabırın sonuna kimi meyvənin müəyyən hissəsini soyuducu anbardan götürüb satdıq. Ancaq 2024-cü il yanvarın 3-də bizə məlum oldu ki, 34 min manat dəyərində məhsulumuz soyuducu anbarda baş vermiş nasazlığa görə xarab olub. İkram Vəliyev bizə vurduğu ziyanı ödəmək istəmir. Bunu da İsmayıllı Rayon Polis Şöbəsində işləyən oğlu Nicat Vəliyevə arxayın olaraq edir. Bizi hədələyir. Deyir, istədiyiniz yerə şikayət edin”.
Sakinlər iddia edirlər ki, məsələ ilə bağlı polisə müraciət etsələr də, şikayətlərinə baxan olmayıb.
“Biz həmin meyvələri sakinlərdən almışdıq ki, sataq, gəlir əldə edib onların pulunu ödəyək. İndi isə İkram Vəliyevin özbaşınalığına görə kənd sakinlərinə borclu qalmışıq. Pulu ödəyə bilmirik, hər gün evimizə borc sahibləri gəlir. Artıq həyatımızdan bezmişik”.
İkram Vəliyev isə Yeniavaz.com-a bildirib ki, haqqındakı iddialar həqiqəti əks etdirmir:
“Həmin soyuducu anbar direktoru olduğum “Kənd” MMC-yə məxsusdur. Bu il istifadəyə verilib. Sözügedən şəxslər məhsullarını götürüb Rusiyaya aparıblar. O məhsulun sərhəddən keçməsinə dair müvafiq sənədlər də var. Deyirlər ki, gedib Rusiyada ziyan eləmişik. Mən kiminsə malını Rusiyada satan deyiləm. Hazırda soyuducuda nə qədər yararsız məhsulu varsa dəyərini ödəməyə hazırıq. Onlar iddia edirlər ki, mənimlə tanışdırlar və məhsulu mənimlə razılaşaraq anbara yerləşdiriblər. Amma bu belə deyil. Onlar anbarın müdiri ilə razılaşıb məhsullarını oraya qoyublar, sonra da gəlib götürüblər. Anbarda cəmi 90 yeşik malları qalıb. Müddət də başa çatıb. İndi gəlib götürmürlər ki, guya bizə görə zərər ediblər”.

İkram Vəliyev

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Şəki regional qrupuna ünvanladığımız sorğuya belə cavab verilib:
“Yanvarın 25-də Afiq Kərimov polisə müraciət edərək 34 min manat dəyərində xurmanı İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən soyuducu anbara yığdığını, qarşılığında Mahmud adlı şəxsə 7 min manat pul verdiyini, ancaq həmin xurmanın anbarda tələf olduğunu bildirərək ona dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş edib.
Həmin anbarda işləyən Mahmud Namazov isə izahatında xurma yeşiklərini yanvar ayının 15-nə qədər anbarda saxlamasına dair A.Kərimovla əvvəlcədən razılaşdığını, ancaq sonuncunun anbara yığdığı 3 min 780 yeşik xurmadan 96-nı qeyd olunan tarixdə aparmadığını və sonrakı müddətdə soyuducu işləmədiyi üçün həmin xurmaların tələf olduğunu bildirib.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Yeniavaz.com






Fikirlər