Qurban Qurbanov: "Bu, hələ son deyil"

Qurban Qurbanov: "Bu, hələ son deyil""Məğlubiyyətə üzülmədim. Futbolda belə halların olması normaldır. Biz meydanda böyük səhvlər etdik. Bəzi futbolçular mənim tapşırığımı yerinə yetirmədilər"

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində məğlub olduqları "İnter"lə görüşdən sonra deyib.

Təcrübəli mütəxəssis "İnter"lə Bakıdakı cavab görüşündə fərqli oyun sərgiləyəcəklərini bildirib: "Bəlkə də çoxları düşünürdülər ki, bu gün "Qarabağ" müdafiə oyunu sərgiləyəcək. Amma biz bunu etmədik, topu özümüzdə saxlamaqla hücum qurmağa çalışdıq. İki real qol şansımız oldu, ancaq bunlardan yararlana bilmədik. Bu, hələ son deyil. Qarşıda bizi "İnter"lə cavab oyunu gözləyir. Avropa nəhənginə qarşı etdiyimiz səhvləri analiz edib, Bakıdakı oyunda daha fərqli oyun sərgiləyəcəyik".

Qeyd edək ki, qrupdakı ilk oyununda evdə "Sent-Etyen"lə 0:0 bərabərə qalan "Qarabağ" ikinci matçında səfərdə "İnter"ə uduzub - 0:2.






Fikirlər