ŞƏHİD ailələrinə MADDİ köməklik göstərmək istəyənlər bunu necə etməlidir? — EKSPERT RƏYİ

 Şəhid ailələrinə maddi köməklik göstərmək istəyənlər bunu necə etməlidir? — EKSPERT RƏYİ 

 “Azərbaycanda şəhid ailələrinə maddi yardımın həyata keçirilməsi üçün mərkəzləşdirilmiş dövlət qurumunun yaradılmasına ehtiyac var”

Bunu Ölkə.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədlideyib.

O bildirib ki, Azərbaycan müharibə vəziyyətində, əraziləri işğal altında olan ölkədir. Hələ uzun müddət cəmiyyətimiz şəhid ağrı-acısını yaşayacaq. Çünki müharibənin bitəcəyi gün yaxında deyil. Bu isə o deməkdir ki, ötən günlərdə dəfn etdiyimiz şəhidlərimiz sonuncu deyil.

R. Məmmədlinin sözlərinə görə, mövcud situasiyada isə cəmiyyətin böyük bir qismi şəhid ailələrinə maddi cəhətdən dayaq olmağın yollarını axtarır. Lakin bu yardımın edilməsi mexanizmini tapa bilmir.
Ekspertin fikrincə, artıq Azərbaycanda şəhidlər, yaxudda şəhid ailələrinə yardım fondu adlı qurumun yaradılmasına ehtiyac duyulur:

“Birmənalı olaraq fikrim belədir ki, şəhid ailələri ehtiyac içində yaşamamalıdır, bu insanlar qayğıyla əhatə olunmalı, onların övladları qohum “əlinə” ehtiyac duymamalıdırlar. Unutmamalıyıq ki, biz şəhidlərimizin canı, qanı bahasına rahat yaşaya bilirik. Onlar Azərbaycan üçün həyatından keçmiş insanlardırlar. Ancaq bu yardımın ailələrə çatdırılması mexanizmi yoxdur. Ola bilər ki, həm qanunverici orqanda, həm də hökumət qurumlarında dövlətin şəhid ailələrinə tətbiq etdiyi imtiyazların olduğuna dair açıqlamalar verilsin. Amma bu bir vətəndaş olaraq, məni qane etmir. Həm də biz vətəndaş olaraq, heç bir şəhid ailəsinin qapısını döyüb “Alın bu 50 manatı xərcləyərsiniz, yaxudda 5 kq yağı istifadə edərsiniz” sözünü nə özümə, nə də həmin şəhid ailəsinə sığışdıra bilmərəm”.

R. Məmmədli bildirib ki, bütün bu və digər nüanslar nəzərə alınmaqla dövlət tərəfindən bu funksiyanı rəsmi şəkildə həyata keçirəcək fondun təsis olunmasının zəruriliyi artır:

“Erməni təxribatının qarşısını alaraq şəhid olan qardaşlarımızın ailələrinə dayaq olmaq üçün Türkiyədən, Rusiyadan və öz ölkəmizdən çoxlu sayda tanıdığım insanlar mənə müraciət ediblər. Onlar topladıqları vəsaiti hara verməli olduqlarını söyləyiblər. Lakin reallıq budur ki, Azərbaycanda bunu həyata keçirə biləcək dövlət qurumu yoxdur, qeyri-hökumət təşkilatlarına isə etibar və inam yoxdur. Hesab edirəm ki, qanunverici orqan və dövlətin yüksək çinli şəxsləri bu məsələ ilə bağlı qanedici qərar verməlidirlər. Çünki müharibə davam edir, şəhidlərimiz olacaq. Bu mənada onlara dayaq olmaq istəyən vətənsevər insanlarımıza şərait yaratmalıyıq. Bu həm də şəhid ailələri üçün böyük dayaqdır”.






Fikirlər