03.04.2014. - Bakı bulvarından sakinlərə xoş xəbər

03.04.2014. -  Bakı bulvarından sakinlərə xoş xəbərBakı bulvarında daha bir yenilik sakinlərin sevincinə səbəb olacaq. Çünki hazırda Bakı bulvarında dəniz taksilərinin yaradılması ilə bağlı işlər görülür.

Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Ərsalan Əliyevin
ANS PRESS-ə verdiyi məlumata görə, hazırda bu layihə üzrə müzakirələr aparılır.
Layihəyə əsasən yaxın vaxtlarda Bakı buxtasında kiçik dəniz taksiləri fəaliyyət göstərəcək. Dəniz taksiləri Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinədək və əks istiqamətdə xidmət göstərəcək. Lakin bu layihənin həyata keçirilməsi üçün hələ çox iş görülməlidir.

“Əgər layihə özünü doğrultsa, bunun üçün xüsusi qayıqlar alınacaq. Bundan başqa, Xətai limanı ərazisində xüsusi sahə ayrılacaq. Bu layihə dünya ölkələrinin praktikası əsasında hazırlanacaq”. – deyə Ərsalan Əliyev bildirib.

Hazırda layihənin iqtisadi səmərəliyi araşdırılır. Ərsalan Əliyevin sözlərinə görə, araşdırmalardan sonra, qayıqların hansı ölkədən alınacağı, onların qiyməti və sayı məlum olacaq. Daha sonra Bulvar ərazisində neçə qayığın əhaliyə xidmət göstərəcəyi və xidmət haqqı da müəyyənləşəcək.

Qeyd edək ki, dəniz taksiləri 5 istiqamət üzrə fəaliyyət göstərəcək. Dəniz taksiləri vasitəsilə Bakı buxtasından Nargin adasına da getməyə imkan olacaq. Katerlərin sürəti Nargin adasına 5-8 dəqiqəyə çatmağa imkan verəcək.

Xatırladaq ki, əvvəllər buxtaya 3 gəzinti kateri, sonra isə daha 1 kater gətirilib. Hazırda Azərbaycan Dövlət Dəniz Administrasiyasının sifarişi ilə Türkiyədə yeni katerlər istehsal olunur.






Fikirlər