06.09.2014- İki nazirlik arasında maraq toqquşması

06.09.2014- İki nazirlik arasında maraq toqquşmasıElektron ticarətin vergiyə cəlb edilməsi söhbəti iki dövlət qurumunu üz-üzə qoyub: Rabitə və Yüksək Texnologiyalar Nazirliyi elektron ticarətin vergidən azad olunmasını istəyir, Vergilər Nazirliyi əksini düşünür.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə elektron ticarətin vergi və gömrük rüsumlarından azad edilməsinə tərəfdardır. Vergilər Nazirliyi isə hesab edir ki, əksinə, elektron ticarətin dövriyyəsi getdikcə genişləndiyinə görə vergi nəzarəti daha da ciddiləşməlidir.

Ziddiyyəti şərh edən iqtisadçı ekspert Rəşad Həsənov “Media forum” saytına deyib ki, elektron ticarətin indiki halda vergiyə cəlb edilməsi doğru addım deyil: “Çünki ticarətin bu növü ölkədə yenicə təşəkkül tapır. Hökumət əslində bu istiqamətdə təşviqedici addımlar atmalı, o cümlədən vergi güzəştləri nəzərdə tutmalıdır. Bu sektorun inkişafı gələcəyə hazırlıq və ticarətin tam leqallaşdırılmasında əsas vasitə xarakteri daşımalıdır.
Hazırda elektron formada alğı-satqı daha çox xarici ölkələrlə həyata keçirilir. Yerli şirkətlər bu sahədə çox da maraqlı görünmür. Çünki elektron formada dövriyyə qaneedici deyil, dövriyyənin vergidən yayındırılması prosesi isə çətindir. Məhz bu səbəblərdən sahənin inkişafı tempi aşağı səviyyədədir. Digər tərəfdən isə alıcılar bu prosesdə aktiv deyil. Belə olduğu halda elektron ticarətin vergiyə cəlb edilməsi heç də məntiqli deyil.
Bu gün ölkədə qeyri-leqal dövriyyənin həcmi çoxdur və hökumət bu vəziyyətin dəyişməsində maraqlı olmalıdır. Elektron ticarət dövriyyəyə nəzarəti asanlaşdırmaq üçün əsas üsullardandır. Kiçik dövriyyəli elektron ticarəti vergiyə cəlb etmək dövlət büdcəsində ciddi artımı təmin etməyəcək.
Bu sektora vergi güzəştləri gələcəkdə ölkənin ticarət dövriyyəsinin böyük bir qisminin elektron üsulla həyata keçirilməsini təmin edə bilər ki, bu da kölgə iqtisadiyyatının qarşısının alınmasında daha uğurlu addım olar. Təbii ki, daha böyük sektorun vergiyə cəlb edilməsi daha böyük maliyyə qaynağı ola bilər. Bu halda ölkənin maraqları daha səmərəli təmin edilmiş olacaq”.






Fikirlər