ELMAN RÜSTƏMOV CAHANGİR HACIYEVİ NECƏ “OFSAYD”A SALDI? – PƏRDƏARXASI

ELMAN RÜSTƏMOV CAHANGİR HACIYEVİ NECƏ “OFSAYD”A SALDI? – PƏRDƏARXASIManatın 34 faiz ucuzlaşdırılması bank sektorundakı çox nüfuzlu bir kadrın “vurulması” ilə nəticələndi.

Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev sadəcə bank sektorunda deyil, hakimiyyət içində ciddi ağırlığı olan şəxslərdən biri idi.
Həm qohumluq əlaqələri, həm də bu günə qədərki işgüzarlığı ilə bir çox hallarda Mərkəzi Bankın sədri Elman Rüstəmovdan daha çox etibar edilən şəxs idi.


Bu səbəbdən də onun istefası bütün dairələrdə maraqla qarşılandı. Çünki əksəriyyət manatın 34 faiz ucuzlaşmasından sonra Elman Rüstəmovun “vurulacağını” düşünürdülər. Səbəb isə sadə idi.

E .Rüstəmov fevralın 16-da əhaliyə manatın kursunun müəyyən edilməsində “valyutasız səbət”dən istifadəyə keçid barədə xəbərdarlıq etdi. Eyni zamanda bizi narahat olmamağa çağırdı, dedi ki, kursda heç bir sıçrayış olmayacaq. Xalq Rüstəmova inandı. Lakin AMB fevralın 21-də heç bir xəbərdarlıq etmədən manatı birdən-birə 34 faiz ucuzlaşdırdı. Bununla da bütün qəzəb oxları Rüstəmova qarşı çevrildi.

Əsəblər soyumadan insanlar xalqa yalan söyləyənin gedəcəyini gözləsələr də, heç planda olmayan Cahangir Hacıyev getdi.

Onun bu istefası ilə bağlı müxtəlif versiyalar səslənməkdədir. C.Hacıyevin manatın nakaut duruma düşməsindən təşvişə düşən oliqarxlara ali rəhbərlikdən gizli yardım etməsi, problemli kreditlərin qarşısı alına bilməz hala çatdığı, müxtəlif yollarla müflisləşdirdiyi məmurların ondan qisas aldığı bu versiyalar arasında yer alır.

Bir versiyada ondan ibarətdir ki, Cahangir Hacıyev uzun müddətdən bəri Mərkəzi Banka sədr gedəcəyi günü gözləyirmiş. İddialara görə, manat məsələsindən sonra Elman Rüstəmovun MB sədri müddətinin də başa çatmağa az qalması sabiq bankiri hərəkətə keçirib. Yəni, C.Hacıyevin onsuz da Elman Rüstəmova qarşı qalxmış kampaniyaya bir az da dəstək verdiyi söylənilir. Qısacası, Elman Rüstəmovun növbəti dəfə MB sədri təyin olunmaması üçün çalışılıb. Lakin bu Elman Rüstəmov üçün göydəndüşmə fürsət olub.

Əleyhinə aparılan kampaniyanın əslində dövlətə qarşı aparıldığına dair fon yaradan Elman Rüstəmov Cahangir Hacıyevin də bu işin içində olduğuna “yuxarılar”ı inandıra bilib. Olimpiada ərəfəsində şəxsi maraqların üstün tutulması kimi ittihamlarla zəngin dosye müvafiq adresə çatıb. Eyni zamanda dosyedə manat devalvasiyası zaman spekulyantların fəaliyyətinə də geniş yer verilib. Qısacası, həmin dollar möhtəkirlərinin (spekulyantların) birinin də sabiq bankir olması faktına diqqət çəkilib. Nəticədə Elman Rüstəmovun “vurulması” gündəmdəykən, bir anda plan dəyişib və Cahangir Hacıyevin “qələmi qırılıb”. Artıq manat devalvasiyasından sonra 5 apreldə səlahiyyət müddəti başa çatan E.Rüstəmov qarşısında ciddi rəqib yoxdur.

Nəticədə C.Hacıyevin “vurulması”ndan qazanan başlıca isim Elman Rüstəmov oldu. Həm də bütün qəzəb oxlarının hədəfindəykən…

Ancaq Azərbaycan sürprizlər ölkəsi olduğundan ən qısa zamanda fərqli bir situasiyanın da şahidi ola bilərik. (Yenicag.az)






Fikirlər