Rasim Məmmədovun məhkəməsində “Azərboru”nun necə dağıdılması araşdırılıb

“Baku Steel Company” - poladəritmə zavodunun keçmiş rəhbəri, 1 il 9 aydır həbsdə olan Rasim Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onun məhkəməsində şahidlərin dindirilməsi mərhələsidir.

Oktyabrın 7-də keçirilən məhkəmə iclasında 3 şahid dindirilib.

Onlardan birincisi - İlham Əliyev şirkətin işçilərindən olub. O deyir ki, əvvəl “S-Steel” şirkətinin işçisi kimi fəaliyyət göstərib: “Mən Keşlə-Çermet metal yerində işə başlamışam. Biz dəmir qırıntılarını alırdıq, sonra ”Baku Steel Company"ə satırdıq. Mən həm bu işə baxırdım, həm də “S-Steel”in 250-yə yaxın işçisinin maaşı, bonusları və məsələləri hesablayıb, cədvəl tərtib edib verirdim".

Prokuror ondan soruşub ki, metalın daha ucuz qiymətə alınması, lakin sənədlərdə daha baha rəsmiləşdirilməsi, yəni satıcılara sənədlərdə göstərilənlərdən daha az məbləğ ödənilməsi halları olubmu? Şahid “yox” deyib.

Bu zaman onun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaq zamanı verdiyi ifadə elan edilib. Orada yazılıb ki, metalın real alış qiymətilə sənədlərdə göstərilənlər arasında fərq vardı. Adamlarla razılaşdırılıb, metala görə onlara istədikləri məbləğ ödənilirdi. Lakin verilmiş vəsaitin məbləği sənədlərdə daha yuxarı göstərilirdi.

Onun sözlərinə görə, aldıqları metalı sonradan “Baku steel Company”ə satdıqlarına görə metal üçün vəsait də həmin şirkətin kassasından gəlirdi. Qiymət şişirtməsi nəticəsində kassadan 3 milyon 478 min manat çox pul çıxarılıb. Amma o pulun kimə çatdığını bilmir.

Rasim Məmmədov məhkəmə qarşısına çıxarıldı - “Baku Steel Company” mənimdir" dedi

Şahid İlham Əliyev bu ifadəni təsdiqləməyib. Şahid deyib ki, istintaqda belə fikir səsləndirməyib. İfadənin sonunda “oxudum, təsdiqləyirəm” yazsa da, əslində, ifadəni oxumadan imzalayıb.

Şahid bildirib ki, bir sıra hallarda alınan metallara görə satıcılara borclu qaldıqları hallar olub: “Gəlib sonradan pullarını götürürdülər. Ola bilsin, metal satıcılarına borclu qaldığımız məbləği şirkətin kassasından artıq çıxarılma kimi qeyd edib müstəntiq”.

O əlavə edib ki, əvvəl “S-Steel”in işçisi olsa da, sonradan “Baku Steel Company”nin əməkdaşı kimi rəsmiləşdirilib.

Təqsirləndirilən Rasim Məmmədov bu şahidə “sağ ol” deyib: “Bu cavan oğlanı ilk dəfədir görürəm, ona heç bir yaxşılığım dəyməyib. Nə necə olubsa, elə danışdı burada. Sağ olsun. Amma yaxşılıq elədiklərimin bir çoxu gəlib burada üzümə durdu. Burada üzümə duranların əksəriyyətinə mən ”atalıq" eləmişəm. Yusifi üç dəfə türmədən xilas eləmişəm, gəlib üzümə dayanacaq".

“Azərboru”nun baş direktorunun müşaviri Azad Əmirov da məhkəmədə dindirilib. O bildirib ki, zavodda istehsalatla rekonstruksiya arasında koordinator olub. Çünki bir tərəfdən zavodda rekonstruksiya işləri getməliyid, amma digər tərəfdən də bu işlər istehsalata mane olmamalıydı.

Kassadan 3 milyon 478 min manat çox pul çıxarılıb, O pulun kimə çatdığını bilmirəm

Azad Əmirov deyib ki, köhnə metal konstruksiyalar söküləndə yararsız metallar yük maşınlarına yığılıb “Baku Steel Company”ə göndərilirdi: “Bu zavod da ”Baku Stel Company"nin idi. Elə şirkətin öz maşınları gəlib götürüb aparırdı. Bu məsələyə mən baxmırdım. Nə qədər metal aparılmasından xəbərim yoxdur. Darvazada gözətçilər vardı, gəlib-gedən maşınlara onlar baxırdı".

A.Əmirovun istintaqa ifadəsində yazılıb ki, “Azərboru”dan ümumilikdə “Baku Steel Company”ə 120 min ton dəmir gedib. Amma o, məhkəmədə bunu təkzib edib. Deyib ki, nə qədər metal getməsini o bilə bilməzdi: “Mən 120 min ton metal getdiyini deməmişəm”.

Rasim Məmmədov da bunu təkzib edib: “Siz təsəvvür eləmirsiniz ki, 120 min ton nə qədərdir. ”Azərboru"nun ərazisində o qədər metal ola bilməzdi axı. “Tarqovı”nın o başından bu başına metal qırıntısı yığsan, 120 ton eləməz".

Təqsirləndirilən sabiq zavod rəhbəri əlavə edib ki, alınan metalın 99 faizi dövlətin əmlakı olub. Qalan 1 faizi əhalinin evlərindən çıxan köhnə əşyalar təşkil edirdi:

“Azərboru”nu söküb pis günə qoymuşdular. Sökə-sökə də gedirdilər. Bir gün mən adamlarla birlikdə getdim ora. Bir “KamAZ” da aparıb saxladım qarşıda, dedim, qoymayacam sökməyə. Məni Prezident Administrasiyasına çağırdılar. Orada vəziyyəti danışdım, dedilər ki, istəyirsən, al, inkişaf elətdir. Mən də mərkəzi Bankdan 20 milyon kredit götürüb “Azərboru”nu aldım".

Dünənki məhkəmədə dindirilən sonuncu şahid Sadıq Həsənov olub. O, təqsirləndirilən Rasim Məmmədovun həyat yoldaşı tərəfdən qohumudur. Eyni zamanda, “S-Steel” şirkətində sahə rəisi işləyib.

Məhkəmədə ondan soruşublar ki, “S-Steel” şirkəti kimindir? O, suala belə cavab verib:

“Yusifin qardaşı rəhbərlik edirdi. Yusif Hənifəzadəni ”Azeri Steel"in rəhbəri kimi tanımışam".

Rasim Məmmədova verilən ittihamlardan biri də budur ki, o, müxtəlif şirkətlər, o cümlədən “Azeri Steel”i yaradaraq, “Baku Steel Company”nin istehsal etdiyi məhsulları onlara bazar qiymətindən daha ucuz satıb. Onlar isə ucuz aldıqları məhsulu müştəriyə daha baha satıblar. Bununla da “Baku steel Company”ə milyonlarla ziyan vurulub.

Lakin Rasim Məmmədov bu ittihamı qəbul etmir, həmin şirkətlərin ona məxsus olmadığını deyir.

1976-cı il təvəllüdlü Rasim Məmmədov 2021-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. O, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

 






Fikirlər