Aİ-92 və DİZEL yanacağı da BAHALAŞA BİLƏRMİ...
“Əgər bu bahalaşma dalğası dizelə də çatsa, o zaman kənd təsərrüfatında və digər sahələrdə ciddi qiymət artımı ola bilər” Xəbər verdiyimiz kimi, Azərbaycanda “Aİ-95" (”Premium") və “Ai-98" (”Super") markalı benzin bahalaşdı. Hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0,20 manat artaraq müvafiq olaraq 1,25 və 1,50 manata çatıb. Qeyd edək ki, bu benzin növləri ölkəmizə xaricdən idxal olunur. İdxalçılar qiymət artımını mənbə ölkələrdə (əsasən Rumıniya) bahalaşma ilə əlaqələndirir. İdxalçılar iddia edir ki, bu markadan olan benzin sürücülərin az bir qismi tərəfindən istehlak olunur. Bundan başqa, o da vurğulanır ki, qiyməti dövlət (Tarif Şurası) tərəfindən tənzimlənən “Aİ-92" markalı benzində və dizel yanacağında bahalaşma gözlənilmir. Qeyd edək ki, iqtisadçılar bunun əksini düşünür. Bu bahalaşma dalğasının digər yanacaq növlərinə də sirayət edəcəyi ilə bağlı proqnoz verirlər. Bəs görəsən, növbəti dövrdə hansı yanacaq növü bahalaşa bilər? Əsasən də hamının narahatlıqla gözlədiyi dizelin qiyməti arta bilərmi?
“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, bu iki yanacaq növü sərbəst bazar qanunları əsasında dəyər tapır: “Aİ-95 ilə Aİ-98 markalı benzinlər qiymətləri hökumət tərəfindən tənzimlənməyən yanacaq növləridir. Bunlar sərbəst bazar qanunları əsasında dəyər tapır və üstəlik də, ölkəmizə kənardan gətirilir. Yəni daxildə istehsal olunmur. Lakin o da var ki, yanacağın sərbəst bazar qiymətlərinə satıldığı ölkələrə diqqət yetirsək, onlarda neftin qiyməti ilə, tələbatla və bir sıra digər amillərlə əlaqədar, tariflərin artdığının şahidi olsaq da, hərdən ucuzlaşdığını da görürük. Bizdə isə bu, baş vermir. Məsələn, Aİ-95 markalı benzin qiyməti sərbəstləşdirildikdən sonra tədricən bahalaşaraq 1,15 manata qədər gəlib çıxsa da, bir dəfə də olsa ucuzlaşma baş vermədi. Halbuki Aİ-95 işlədənlərin çoxu hətta Aİ-92-yə keçdi. Yəni ki, tələbat da azaldı. Amma yenə də qiymət enişi baş vermədi...” İqtisadçı bildirdi ki, bu gün qonşu Gürcüstanda və Rusiyada yanacağın qiymətində bahalaşma var: “Bu, müxtəlif səbəblərlə əlaqədardır. Bizdə bu il tənzimlənən yanacaq qiymətləri arasında Aİ-92 bir dəfə bahalaşdı. Belə ki, 70 qəpikdən 90 qəpiyə qalxdı. Bu da gözlənilən idi. Çünki Aİ-95 bir müddət əvvəl 1,15 azn-ə qalxanda artıq aydın idi ki, Aİ-92 də bahalaşacaq və 90 qəpik olacaq. Bayaq da qeyd etdim ki, Aİ-95 işlədənlərin çoxu Aİ-92-yə keçdi. Aİ-92-nin isə bazarda satış payı onsuz da 80-85 % təşkil edirdi. Bu isə o demək idi ki, Aİ-95-ə tələbat azalsa da, hərçənd ki, yenə qeyd edirəm, qiymət düşmədi, Aİ-92-yə isə tələb genişləndi. Odur ki, qonşu ölkələrdə yanacaq bahalaşmasaydı belə, bizdə növbəti qiymət artımının dizel yanacağı üzrə olacağını proqnoz etmişdim. Aİ-95 ilə Aİ-98-ə gəldikdə isə onların qiymət artımı elə proqnozun gec-tez doğrulacağını bir daha təsdiq edir”. Bəs görəsən, Aİ-95" (“Premium”) və “Ai-98" (”Super") markalı benzinin bahalaşması hansı sahədə qiymətlərə təsir edə bilər?
Bu sualı iqtisadçı ekspert Natiq Cəfərli mətbuata açıqlamasında cavablandırıb. O bildirib ki, bu iki növ benzinin bahalaşması birbaşa digər sahələrdə qiymət artımına səbəb olmayacaq: “Logistika, nəqliyyat, kənd təsərrüfatı, o cümlədən istehsal sahələrində istifadə olunan daşımalarda ”Aİ-95" və “Aİ-98" markalı benzinlərdən istifadə edilmir. O baxımdan heç bir sahədə bu səbəbdən artım gözlənilmir. Sadəcə, bu artım ondan xəbər verir ki, gələcəkdə buna bənzər addımlar davamlı xarakter ala bilər”. İqtisadçı vurğulayıb ki, əgər bu bahalaşma dalğası dizelə də çatsa, o zaman kənd təsərrüfatında və digər sahələrdə ciddi qiymət artımı ola bilər: “Əgər ”Aİ-92" markalı benzinin, sonra isə dizelin qiymətində də dəyişiklik olarsa, o zaman bu, ticarət, kənd təsərrüfatı, daşımalara ciddi təsir göstərə bilər. Beləliklə də, bütün sahələrdə qiymət artımı baş verə bilər. Çünki daşınma xərclərinin kənd təsərrüfatında maya dəyəri 20-30 faiz təşkil edir".