Həbsdə olan QAROVUL rəisi vəkilindən İMTİNA EDİB

penitensiar xidmetin hebsde olan qarovul reisi vekilinden imtina edib

Xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə NazirliyiPenitensiar Xidmətinin qarovul rəisi Ceyhun Səmədov dövlət hesabına ona verilmiş vəkildən imtina edib. 
APA-nın xəbərinə görə, o, müqavilə əsasında yeni vəkil tutub. Bundan sonra onun hüquqlarını vəkil Vilayət Nadirov müdafiə edəcək. 
V. Nadirov artıq Bakı İstintaq Təcridxanasında C. Səmədovla görüşüb. 
C. Səmədovun hüquqlarını indiyədək vəkil Şöhrət Allahmanov müdafiə edirdi. 
Qeyd edək ki, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirli bilinən C. Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hal-hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Qaçan məhbuslardan biri Əli Ağami həbs edilib, E. Məmmədov isə zərərsizləşdirilib.
Məhkumların qaçması ilə bağlı Penitensir Xidmətin qarovul rəisi Ceyhun Səmədov və bir neçə əməkdaş həbs olunub.






Fikirlər