“YALVARDIM Kİ, 3 balam var” - Girov GÖTÜRÜLƏN QADIN

“Yalvardım ki, 3 balam var”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində banka basqın edib müştərini girov götürməkdə təqsirləndirilən Nazim Məmmədovun məhkəməsi keçirilib. 

Hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə zərərçəkmiş Səriyyə Nəcəfova istintaqa verdiyi ifadəsini təsdiqlədiyini və özünü pis hiss etdiyini deyib: "Bu adam məni bıçaqla hədələdi, yalvardım ona, bir Allah bilir mən onda nələr çəkdim. Orda yaşlı, ya da hamilə qadın olsaydı, ürəyi partlayıb ölərdi. Yalvarıb dedim ki, mənim 3 balam var, nolar burax. O da insandı da, buraxdı. Sonra siqnalizasiya işə düşdü, polislər gəldi. Tələbi bu idi ki,  bankdan pul istəyirdi. Məni tutub dedi "bunu tutmuşam, mənə pul verin". Nə qədər pul istədiyini demədi. Şikayətim, tələbim yoxdur". 

Daha sonra həmin zaman bankda olan hadisə şahidləri ifadə veriblər. Proses iyunun 12-də davam etdiriləcək. 

İttihama görə, hadisə bu il yanvarın 18-də saat 13 radələrində “Turan Bank” ASC-nin Yasamal filialında baş verib. Filiala gələn Nazim Məmmədov qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və mətbəx bıçağı onun boğaz nahiyəsinə dirəyib. Həmin şəxs xəzinədar Kənan Miriyevdən pul verməsini, əks halda qadını öldürəcəyini deyib. Həmin zaman kassada ümumilikdə 198 min 345 manat olub. Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.

Ötən iclasda ifadə verən N.Məmmədov özünü qismən təqsirli bildiyini deyib: "Banka gedəndə məqsədim basqın etmək deyildi. 12 min 800 manat borcum var idi, bu səbəbdən əsəblərim  pozulmuşdu. İstəyirdim məni tutsunlar. Fikirləşdim yəqin 1-2 il "yatıb" çıxaram". 






Fikirlər