28.05.2014.- Patrisiya Kaas sabah Bakıda konsert verəcək

28.05.2014.- Patrisiya Kaas sabah Bakıda konsert verəcəkBakıda dünya şöhrətli fransalı müğənni Patrisiya Kaasın mayın 29-da Heydər Əliyev Sarayında keçiriləcək konsertinə həsr edilmiş mətbuat konfransı keçirilib.

"Baku Events"in təşkilatçılığı ilə Bakıdakı çıxış müğənninin "Kaas Chante Piaf" ("Kaas oxuyur, Piaf") dünya turuna salınıb və fransalı diva Edit Piafın xatirəsinə həsr olunub.
7 il əvvəl Bakıda olduğunu deyən müğənni bu müddət ərzində şəhərin tanınmaz şəkildə dəyişdiyini, çox gözəl və inkişaf etmiş meqapolisə çevrildiyini qeyd edib: "Mən Bakıda əfsanəvi fransız müğənni Edit Piafın 50 illiyinə həsr edilmiş konsert proqramı ilə çıxış etməkdən şadam. Mən həyatı faciəvi anlarla dolu olan Edit Piafın kompozisiyalarını ifa edəcəyəm".
Jurnalistlərin "Bakıda klip çəkdirməyi planlaşdırırsınızmı" sualına P.Kaas gülərək cavab verib: "Heç vaxt heç vaxt demə".

Əfsanəvi müğənni təqdim edəcəyi möhtəşəm şouda Edit Piafın 24 kompozisiyasını ifa edəcək. Bakıdakı konsert P.Kaasın yaradıcılıq bioqrafiyasında ilk Qafqaz turnesi olacaq. Bu turne mayın 31-də Tbilisidə yekunlaşacaq.

Bu, müğənninin 2012-ci ildə başlamış və dünyada təqribən 750 min tamaşaçı toplamış "Kaas Chante Piaf" dünya turnesinin sonuncu turu olacaq

Patrisiya Kaas mayın 28-də Heydər Əliyev Mərkəzində olub.

Mərkəzdən APA-ya verilən məlumata görə, müğənni Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən eksponatlarla, eyni zamanda “Azərbaycan inciləri: tarixin axarında” sərgisində Azərbaycanın qədim tarixi ilə tanış olub.

Patrisiya Kaas daha sonra mərkəzdə hazırda nümayiş olunan sərgiləri izləyib. Müğənni, həmçinin məşhur fotoqraf Anri Kartier-Bressonun mayın 26-da açılan “Paris” adlı fərdi sərgisində olub.






Fikirlər