“Ehsan və dəfn xərci əvəzinə xalq maarifinə inaə verilsin” - Zərdabinin VƏSİYYƏTİ
Dünən -28 iyun tarixində Azərbaycan maarifçilik hərəkatının liderlərindən biri, mətbuat, məktəb və teatr vasitəsilə modern düşüncənin əsasını qoyan ziyalı, böyük fikir adamı Həsən bəy Zərdabinin anadan olduğu tarixdən 180 il ötdü. 1837-ci ilin 28 iyununda Göyçay qəzasının Zərdab kəndində (o zamankı inzibati ərazi vahidlərinə əsasən) anadan olan Həsən bəy Azərbaycan ictimai-fəlsəfi fikir tarixində yeni bir mərhələnin əsasını qoydu. 1875-ci ildə “Əkinçi” qəzetini çap etdirməklə Azərbaycan milli azadlıq hərəkatının banisi oldu. Burada söhbət təbii ki, düşüncə məfhumu olan hərəkatdan gedir. Zərdabi bu xəttə ömrünün sonuna qədər sadiq qaldı. Çox təqib olundu, çox çətin durumlarla üz-üzə qaldı ki, bu da onun vaxtından tez qocalmasına səbəb oldu. Yetmiş yaşında, 1907-ci ilin payızında, daha doğrusu, 28 noyabrında dünyadan köçdü. Amma son dəqiqələrə qədər təfəkkürü həmin aydın təfəkkür, düşüncəsi həmin parlaq düşüncə idi. Ölümündən bir ay bir həftə əvvəl yazdığı vəsiyyətnamədə də mübarizəsini son nəfəsinə qədər apardığını görə bilərik. Modern.az xəbər verir ki, o, burada kiçik övladları Qəribsoltan və Səffətin timsalında bütün Azərbaycan uşaqları üçün bir vəsiyyətnamə qoyur: “Mən Bakı şəhərində yaşayan Göyçay qəzasının Zərdab kəndində torpaq sahibi, saray müşaviri Həsən bəy Məlikov 1907-ci il sentyabrın 20-də, sağlam düşüncə və möhkəm yaddaşla, ölcəyim ehtimalı ilə bu vsiyyətnaməni tərtib etdim. Mənim öz əməyimlə qazandığım daşınar və daşınmaz əmlakımı öz uşaqlarımdan, qanuni vərəsələrimdən, qohum əqrabamdan başqa arvadım Hənifə xanım Məlikovaya vəsiyyət edirəm. O, əməyimlə qazandığım, yuxarıda sadaladığım əmlaka ölümümdən sonra öz əmlakı kimi sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək ixtiyarına malikdir. 2. Adını çəkdiyim arvadım, uşaqlarımı - Səffət və qızım Qəribsoltanı yaxşı saxlamağa və tərbiyə etməyə, habelə ehsan vermək və dəfn üçün xərc çəkmək əvəzinə öz mülahizəsinə görə xalq maarifinin ehtiyacları üçün ianə verməyə borcludur”. Artıq əlavə nəsə deməyə zərrə qədər də olsa, ehtiyac yoxdu. Ömrünün sonunda yazdığı vəsiyyətnamə Zərdabinin bütün həyat kredosunu tam əks etdirir. AzerTaym.az