“Gəlin müharibə edək, torpağımızı alaq!” deyən Zeynəb Xanlarova HARADADIR?

“Gəlin müharibə edək, torpağımızı alaq!” deyən Zeynəb Xanlarova haradadır?

Bizim torpaqLarımız uzun illərdir işğal edilib, o vaxtdan bəri də şəhid veririk. Bundansa, gəlin müharibə edək, torpağımızı geri alaq. Nəyi gözləyirik?".

Bunu hələ 2017-ci il fevralın 24-də Milli Məclisin iclasında o zaman parlamentin üzvü olan Xalq artisti Zeynəb Xanlarova demişdi.

"Onsuz da hər ay nə qədər şəhid veririk. Birdəfəlik ya ölək ya da qalaq. Müharibə edək, bitsin bu məsələ. Biz ki, onların torpağını almamışıq? Onlar bizim torpağımızı işğal ediblər. Məsəl var, "dəyirman öz işindədir, çax-çax baş ağırıdır". Nə qədər balalarımız öləcək, nə qədər analar göz yaşı axıdacaq?", - deyə Zeynəb Xanlarova 3 il öncəki müharibə çağırışında  bildirmişdi.

Nəhayət Zeynəb Xanlarovanın istəyi yerinə yetdi və o gün yetişdi... Azərbaycan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də başladığı və noyabrın 10-da qələbəylə bitirdiyi Vətən müharibəsi nəticəsində Qarabağın əksər bölgələrini erməni işğalından azad etdi.

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın rayonları, Xocavəndin böyük hissəsi, Xocalının bir neçə kəndi, Tərtərin Talış və Suqovuşan yaşayış məntəqələri, bir sıra strateji yüksəkliklər düşməndən təmizləndi.

Yazının əvvəlində Zeynəb Xanlarovadan əbəs yerə sitat gətirmədik. Çünki bu gün – 28 dekabr Xalq artistinin doğum tarixidir.

Bu gün Zeynəb xanımın 84 yaşı tamam olur. Təəssüf ki, 3 il öncə müharibə çağırışı etmiş sənətkar son vaxtlar mətbuatdan uzaq gəzir. Xalq artisti heç 44 günlük Vətən müharibəsinə və Ordumuzun Qarabağdakı zəfərinə reaksiyasını da mediaya açıqlamayıb.

Bəs Zeynəb Xanlarova haradadır?

Modern.az dəfələrlə sənətkarın özü ilə əlaqə saxlamağa çalışıb. Ancaq ailəsindən onun Bakıda olduğu bildirilib və əlavə açıqlama verilməyib.

Qeyd edək ki, bu il Zeynəb Xanlarova uzun müddətdən -12 illik fasilədən sonra böyük konsert proqramı ilə çıxış etməyi planlaşdırmışdı. Lakin koronavirus pandemiyası ona mane oldu.

Belə ki, əvvəlcə 28 marta təyin olunan konsertin vaxtı pandemiya səbəbiylə tamaşaçıların təhlükəsizliyi nəzərə alınaraq, 3 may tarixinə dəyişdirilmişdi. Daha sonra tədbirin tarixi yenidən dəyişdirilərək 28 noyabra keçirildi. Amma koronavirusun tüğyan etməsi həmin tarixdə də sənətkarın tamaşaçıları bir yerə toplamasına imkan vermədi və konserti reallaşmadı.

Zeynəb Xanlarova sonuncu dəfə 2008-ci ildə Heydər Əliyev Sarayının əsaslı təmirindən sonra konsert vermişdi. 

Zeynəb Yəhya qızı Xanlarova 1936-cı il dekabrın 28-də Bakıda anadan olub. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.

Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, Şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.

Zeynəb Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Belə ki, o, 1985-ci ildən 2020-ci ilə kimi deputat mandatı daşıyıb.

1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-cı ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.

1996-cı ildə “Şöhrət” ordeni, 2006-cı ildə “İstiqlal” ordeni, 2016-cı ildə “Heydər Əliyev” ordeni ilə təltif edilib.  /Modern.az






Fikirlər