İsa Qəmbərin nəvəsinə ad qoyuldu - 10 GÜNLÜK mübarizədən sonra - foto

İsa Qəmbərin nəvəsinə ad qoyuldu - 10 günlük mübarizədən sonra - foto

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin yeni doğulan ilk nəvəsinin adı məlum olub. 

 
Musavat.com xəbər verir ki, bu barədə MSDM -in rəhbəri özü facebook səhifəsində yazıb. Belə aydın olur ki, İsa Qəmbərin Ada adlı nəvəsinə ad qoymaq xeyli çətin olubmuş. Səbəbini bilmək istəyənlər MSDM rəhbərinin aşağıdakı yazısını oxusunlar:
*** 
Ada xanım əfəndi, adınla böyü! 
 
İlk nəvəmizin adının qoyulmasına qarışmadıq. Adını valideynləri – Nigar və Turqut özləri müəyyənləşdirdi: Ada!
Mənim də çox xoşuma gəldi. Xoşuma gələn həm də o oldu ki, nəvəm ilk gündən öz hüquqları uğrunda mübarizə apardı. Ada adının rəsmiləşdirilməsi məsələsində ASAN Xidmət Turqutgilə asan xidmət göstərmədi.
Nəvəmlə ASAN Xidmət arasında 10 gün ərzində belə bir dialoq yaşandı. Təbii ki, dialoqda nəvəmi Nigar və Turqut təmsil edirdi
N: Mənim adımı qeyd edin- Ada!
AX: Olmaz, dövlət komissiyasının siyahısında belə bir ad yoxdur.
N: Komissiyanın siyahısı tövsiyyə xarakterli ola bilər, mənim öz hüquqlarım var.
AX: Ada milli ad deyil, xarici mənşəlidir. 
N: Xaricdə bu adın vurgusu ilk hərfdədir, mənim adımda isə son hərfdə. Həm də Azərbaycanda olmasa da Türkiyədə bu ad geniş yayılıb. Doğma dilimizdə də konkret mənası var.
AX: Yəni siz ada deyərkən dörd tərəfdən su ilə əhatə olunmuş torpaq nəzərdə tutursunuz?
N: Bəli.
AX: Ada? Belə də ad olar?
N. Ulduz, Şəms, Səma olur, Dəniz də olur, amma Ada olmaz?
AX: Biz komissiya ilə məsləhətləşməliyik, bir həftədən sonra gəlin.
N: Əgər müsbət cavab olmasa, mən məhkəməyə müraciət edəcəm!
Nə isə... 10 gün sonra məsələ məhkəməsiz həll olundu. Nəvəm- Ada xanım əfəndi öz hüququnu qorudu və adını rəsmiləşdirdi.
Ada xanım əfəndi, adınla böyü! 
 
Tanrı bütün övladlarımızı, nəvələrimizi qorusun!
 
 
AzerTaym.az






Fikirlər