Azərbaycanda İslamın HEÇ BİR TƏBLİGATI getmir...

İslam tarixi predmet olaraq tarixçilər, münasibətlər sistemi kimi sosioloqlar, din olaraq ilahiyyatçılar tərəfindən araşdırılan elmdir. Və mən bütün bəşəri dinləri belə təsnifatlandırıram – insanın həyat tərzini müəyyənləşdirən elm. Sadəcə son zamanlar islam üzərinə çox yeridildiyindən onun haqqında fikirlərimi bölüşürəm... 


Bəli, islam özündən əvvəlki dinlərin mütərəqqi fikirlərini özündə cəmləşdirən ən mükəmməl və təkmil, eyni zamanda hələki sonuncu dindir. İslamı yüksək qiymətləndirənlər də elə əsasən Avropa alimləri, ictimai xadimlərdir. Heç bir din, o cümədən İslam insanları nadanlığa, cahilliyə, fanatizmə sürükləmir. İslam demir ki, kitab oxuma, elm öyrənmə, yalan danış, zina elə, sələmçiliklə məşğul ol, müharibə et, baş kəs və s. 

İslam deyir ki, elm öyrən, insan haqqına hörmət et, başqa dinin nümayəndələrinə qılıq, açıqlıq göstər, təkcə öz dinindən olanlara yox, bütün insanlara - müsəlmana da, müsəlman olmayana da, möminə də, dinsizə də, günahsıza da, günahı olana da, etiraz etməyənə və etiraz edənə də hörmət və yaxşılıq et. Hər bir kəsin dəyəri onun gördüyü savab işlər və xeyirxah əməllərlə ölçülür. Əziyyəti, zülmü özünüzə qadağan edin, bir-birinizi incitməyin, sıxışdırmayın. İnsanı öldürmə, onu qazan, qardaşını sev və özünə arzuladığını qardaşına da arzula. Ədalətli ol və səninlə vuruşanla vuruş, amma həddini aşma. Nəfsini qoru, ətrafındakılarla ünsiyyət et, tanışlıq və ünsiyyət rəğbət yaradır, adamları yaxınlaşdırır, onları həmfikir edir. Sülhlə yaşa və Allahına ibadət et, adımı tut. Bu tövsiyələrin nəyi fanatizm və cahillikdir? İslamı Avropaya sevdirən də məhz bu qaydalardır. Mən əlbəttə ki, siyasiləşmiş islamdan danışmıram. 

Xristianların dörd, yəhudilərin iki müqəddəs kitabı var. Amma onlarda bir-birinə zidd fikirlər çoxdur. Müsəlmanların isə bir müqəddəs kitabı var: Qurani-Kərim. Və bəşər övladının sosial fərd kimi sosial mühitdə yaşaması üçün zəruri olan nə varsa, orada yazılıb. Düzdür, tərcüməsi yeknəsəkdir, çətindir, amma oxuduğunu təhlil edib anlamaq olur. İslamı qəbul edən xristianlar axtardıqlarını öz kitablarında tapmadıqları üçün islama üz tuturlar. Avropa alimləri etiraf edirlər ki, Avropanın antik elminin qorunmasında islama borcludurlar. Ona görə borcludurlar ki, Roma-yunan müharibələri zamanı antik müəlliflərin əsərləri darmadağın edilmişdi, kitabxanalar yandırılmışdı. Avropa tarixində elmə barbar münasibət 6-7-ci əsrdən başlayaraq 12-ci əsrədək, feodal münasibətləri yarananadək davam etmişdi. Xüsusilə 7-ci əsrdə, 8-ci əsrin əvəllərində islam aləmi dərk etdi ki, inkişaf üçün Quran yetərli deyil, elmi mərkəzlər də yaratmalıdır. Bu məqsədlə Avropa elmini – yunan fəlsəfəsini və digər nəzəriyyələri ərəb dilinə tərcümə edib, mədrəsələrdə tədris etməyə başladılar. Şərqdə artıq çoxlu elmi mərkəzlər, zəngin kitabxanalar vardı, mədrəsələrdə dünyəvi elmlər öyrənilirdi. Nizamiyyə, Bağdadiyyə, Qazaniyyə və s. Təkcə Qazaniyyədə 7000-dən çox alim çalışırdı. Mədrəsələrdə minlərlə tələbə oxuyurdu. Çindən və başqa ölkələrdən gəlmiş alimlər bütün sahələri öyrənirdilər. Maraqlıdır ki, həmin dövrdə Şərq aləmində dini ayrı-seçkilik də yox idi. Şiə sünnidən, sünni şiədən dərs alırdı. Avropada isə həmin dövrdə elm yoxa çıxmışdı. 

12-ci əsrdən sonra Avropa dirçəlməyə başlayanda Şərqə səyyahlar göndərməyə başladılar. O səyyahlar pulla və ya hansısa başqa yolla həmin ədəbiyyatları alıb Avropaya daşıyırdılar. Avropada isə yenidən ərəb dilindən Avropa dillərinə tərcümə edirdilər. Dəqiq elmlər sahəsində Qəfər Sadiqinin, Nəsrəddin Tusinin, İbn Sinanın əsərlərindən istifadə olunurdu. Belə faktlar tarixdə yetərincədir. 

Azərbaycana gələn səyyahlar öz xatirələrində burda elmlərin tədrisindən yazır, məsələn, Şamaxı Rəsədxanasında fəzanın necə müşahidə olunduğunu təsvir edir, müasir qlobusların olmasını qeyd edirdilər. Əgər İslam din kimi cahilliyi və fanatizmi yayırsa, inkişafa əngəl törədirsə,  müsəlman Şərqində bu çiçəklənmə necə baş verə bilərdi? Bəs niyə müsəlmanlar islamın bu uğurunu qoruyub saxlaya bilmədilər?

Şərqdən elmi ədəbiyyatların Avropaya daşınması prosesi 16-17-ci əsrədək davam edərək, Avropanı yenidən dirçəltdi. Artıq istehsal münasibətlərinin yeni forması yarananda Avropa Şərqə xammal bazarı kimi baxmağa başladı. Minlərlə missioner casus kimi sadəlövh müsəlman Şərqinə axışdı. Deyirlər ki, mübarizədə bütün üsullar özünü doğruldur. Avropa üçün özünü doğrulda biləcək ən rahat və qansız üsul Şərqin fanatizm və cahillik caynağında saxlanması idi. Bunun üçün yüzlərlə beyin düşünür, planlar cızır, layihələr fikirləşir, yollar axtarırdılar. 18-ci əsrdən başlayaraq Avropa yalnız talançılıq siyasəti ilə məşğul oldu. Onun bu qədər uğurla öz bəhrəsini verməsi üçün Şərq cəmiyyətlərində öz marağını və cibini güdən kifayət qədər paqonlu-paqonsuz satqın tapmaq mümkün idi.

Şərqin idarəçiliyi siyasəti indi də Qərbdə hazırlanır. İŞİD-MİŞİD, Taliban-maliban, PKK-MKK. Bu çox mürəkkəb məsələdir. İslamı qorumaq çox çətin işə çevrilib. İnsanlar nəinki eşitmək istəmirlər. Onlar nəyisə öyrənmək də istəmirlər. Mən elə bir fakt eşitməmişəm ki, Avropaya gedən müsəlmanlar islama tüpürüb xristianlığı qəbul edirlər. Əgər varsa da onların cahilliyi elə ondadır ki, onlar müsəlman olmağı bacarmadığı kimi düz-əməlli xristian da ola bilməyəcəklər. Təəssüf ki, Azərbaycanda İslamın heç bir təbliğatı getmir. Getsəydi, yəqin ki, nadan və cahillərin, din sözünün özündən belə diksinənlərin, dini mənsubiyyətinə sonsuz nifrət edənlərin sayı bu qədər çox olmazdı...Arzu Qazıyeva






Fikirlər