İqbal Ağazadə siyasətdən getmək ŞƏRTİNİ AÇIQLADI

Ümid sədri: “İstədiyim budur, versinlər, siyasətdən gedək”; “Mən ”ərəb baharı" ilə qorxudulacaq siyasi tip deyiləm"

“Yeni Müsavat”ın “Bizim qonaq” rubrikasının 2018-ci ildə ilk qonağı sabiq deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə oldu. “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə keçən söhbətdə qəzetimizin baş direktoru Ələsgər Süleymanov və bu sətirlərin müəllifi iştirak edirdi. Müsahibənin ərəb dünyasında baş verənlər və Azərbaycan müqayisəsindən bəhs edən, həmçinin orfoqrafiya lüğətinə təklif edilən son dəyişikliklərin də müzakirə olunduğu 3-cü bölümünü təqdim edirik:

(Əvvəli ötən saylarımızda)

R.Arifoğlu:

- Amma qarşı tərəf eynidir. Ərəb dünyasını qarışdıranla Azərbaycanı qarışdırmaq istəyən eyni qüvvə deyilmi? Eyni qüvvədir. Söhbət ondan gedir. Təpki fərqli ola bilər, doğrudur...

İ.Ağazadə:

- Bax, söhbət o təpkidən gedir. Qarışdırmaq istəyənlər ola bilər. Amma gəlin biz bir anlıq düşünək, Ermənistan-Azərbaycan fonunda Azərbaycanın qarşısına bir çətinlik çıxsa, Azərbaycan iqtidarı ilə müxalifəti, İlham Əliyevlə Azərbaycan müxalifəti bir masa arxasında, hətta bir cərgədə dayanmayacaqmı? Dayanacaq. Amma görək Suriyada, İraqda bu mühit varmı? Yox. Hətta bu gün prezidentin köməkçisi telefon açıb desə ki, dəyirmi masa keçirirəm və bu məsələ ilə bağlı dialoqa gəlin, Azərbaycan müxalifəti gedəcək. Bunlar bizim artıq dünyagörüşümüzdə, baxışımızda, demokratiyaya münasibətdə tamam fərqli cəmiyyət, fərqli adamlar olduğumuzu göstərir. Ona görə də bizi heç zaman ora ilə müqayisə etmək lazım deyil. Biz uzun illərdir Avropa coğrafiyasındayıq və burada çox şey qazanmışıq.    

Rauf Arifoglu adlı şəxsin şəkli.

R.Arifoğlu:

- Müsəlman coğrafiyasını qarışdıran qüvvələrin identifikasiyasında çoxçeşidlik görsənmir axı. Eynidir. Onlar o prosesi başladırlar... Təbii ki, hər ölkənin xalqının səviyyəsinə uyğun olaraq, təpki fərqli olacaq. Ərəb dünyasında baş verənlər hətta demokratların belə gözünü qırdı və  “məxməri inqilab” deyilən bir faktordan qorxu yarandı. İndi siz Bakıdan, “Yeni Müsavat” qəzetinin redaksiyasından hələ 50 il sonradan baxaraq deyirsiniz ki, belə də olmalı idi. Amma yüz minlərlə ərəb ailələrini, xalqları düşünün... Onlar üçün məhşərdir! İndi ərəblər deyir ki, Səddam, Bəşər, Mübarək daha yaxşı idi...

- İcazə olarmı?

- Buyurun.

- Vəzirovun vaxtında, sizin də, mənim də mübarizə apardığım dönəmdə 56 kəndimiz, Şuşa, Laçın, ətraf rayonlar hamısı yerində idi. Nə istəyirdiniz? Niyə qoymurdunuz işləyə? Niyə o vaxt bu düşüncədə olmurdunuz? Demək, bu gün bu dediyimiz dövrə gəlib çatmaq üçün onlardan keçdik, itkilər verdik. Ağrılı da olsa, bu günü təqdir edirsiniz. Bu günü təqdir edirsinizsə, Mütəllibovu, Vəzirovu nədən söyürsünüz? 20 Yanvarı qəhrəmanlıq səlnaməsi kimi təqdim edirsiniz, bu bizim şanlı tarix, şanlı dünən, filan...Bax, elə bugünkü gündə, 18 yanvar 1990-cı ildə bilirsinizmi hardaydıq: Kərkicahanın 2 km-liyində!

- Səhvlər var idi, təbii ki...

- Əlbəttə, orda da səhvlər var idi...

- Vəzirovu devirmək yox, Vəzirovu qorumaq lazım idi, yəni?

- Qorumaq yox. Bu gündən baxanda bu cür qiymət verilir. Amma tarixin sizdən, məndən asılı olmayan o qədər xətləri var.

- Bir xalqın işğala təpkisi bir başqa şeydir, demokratiya bayrağı altında ölkənin qarışdırılması ayrı şeydir. Mən bunu demək istəyirəm...

- Bu gün ərəb ölkələrində işğal yoxdur. Bu gün ərəb ölkələrində insanlara zülm edən hakimiyyətlərinə, iqtidarlarına qarşı üsyan var. Hə, bundan hər kəs öz maraqları naminə istifadə etməyə çalışır. Məsələn, Rusiya keçən il Suriya müharibəsinə görə ən azı 14 milyardlıq silah satıb. Rusiya, təbii ki, burdan çıxmayacaq.

Iqbal Agazade (9).jpg (717 KB)

- Bəs, orda olması səbəbindən nə qədər itirib?

- Heç nə. O, Suriyadan pulunu alır, “səni qoruyuram, pulumu ver” deyir. Yadınızda saxlayın, Rusiya kimi bir dövlət itirirəm deyə, gəlib orda oturmur, gəlib orda pulunu alır. Ukraynada itirə bilər, çünki verə biləcək şey yoxdur, Krıma özü iddia edir və s. Amma Suriyada pulunu alır. Siz Putin orda olanda Bəşər Əsədlə rus generalının davranışını gördünüzmü? Bu, nəticə etibarilə göstərir ki, adamlar ora bir koloniyaları kimi baxır və “adamı orda oturdan mənəm” deyib də, onun başına çıxır. Belə dövlət başçısı olmaqdansa, olmamaq milyon dəfə yaxşıdır. Bu dövləti gətirib o yerə çatdırıblar. Ona görə də biz addım-addım bu prosesdən keçdik. Bugünkü gündən danışırıqsa, mən bayaq qeyd etdim, biz 1988-ci ildən  92-yə qədər şükürlər olsun ki, keçə-keçə gəldik. Ağır oldu bizimçün, itkilərimiz çox oldu. Biz Ermənistan-Azərbaycan münaqişəsində mütləq və mütləq qələbə çalacağıq.  Təbii ki, zamanı, prosesləri düzgün qiymətləndirə bilsək. Orda da proses gəlib demokratik xəttə çatacaq. Yenə deyirəm, bu gün Almaniya, Fransa, İtaliya tipli ölkələrə baxıb, dünyada hegemon olduqlarını, iqtisadi, siyasi, demokratik, idarəetmə gücünü bəh-bəhlə alqışlayırıqsa və deyiriksə ki, bunlar bir təhlükəsizlik coğrafiyası cızıb, bizə də diqtə edirlərsə, bu adamlar çox uzaq keçmişdə yox, bizim hamımızın babalarımızın da gördüyü yaxın keçmişdə militarizmdən, nasizmdən, faşizmdən keçiblər.

- Azərbaycanın da “ərəb baharı” tipli prosesdən keçməyinimi istəyirsiniz? 

- Əsla!

- Bəs, nə istəyirsiniz?

“2018-ci ildə burdakı qarışıqlığı Rusiya və İran salacaqsa, yaxın qonşularımız bizi təhdid edəcəksə, eyvallah, biz onların qarşısındayıq”

- Mənim istədiyim başqa bir şeydir. Əvvəla, mən “ərəb baharı” ilə qorxudulacaq siyasi tip, Azərbaycan insanı deyiləm. Bayaq dedim, yenə də qeyd edirəm, mən Azərbaycanın ərəb coğrafiyası ilə müqayisə olunmasının tərəfdarı deyiləm. Hə, bunu tez-tez hakimiyyət nümayəndələri də deyir. Amma bir şeyi unudurlar ki, bununla əslində hakimiyyət və özlərinin idarə etdiyi Azərbaycan haqqında düzgün təsəvvür yaratmırlar. Məgər mən Suriyayam, ya Qəddafiyəm?

- Hərəyə uyğun bir model tətbiq edilir...

- Mən Azərbaycanda mövcud şərtlər daxilində qeyd etdim, müxalifət nümayəndələrinin ictimai institutlara cəlb olunması, seçki sisteminin demokratikliyə yaxın bir prosesə çevrilməsini, insan haqlarının qorunmasını, siyasi institutların cəmiyyətdəki yerinin artırılmasını və s. Bundan sonra baş verəcək, bizim hakimiyyətdən tələbimiz, istədiyimi budur. Mən əsla burda hər hansı bir prosesin radikal müstəviyə keçməsinin tərəfdarı deyiləm. Necə ki, əvvəlcə dedim. 2018-ci ildə burdakı qarışıqlığı Rusiya və İran salacaqsa, yaxın qonşularımız bizi təhdid edəcəksə, eyvallah, biz onun qarşısındayıq. Biz elə dəyişiklik istəmirik. Biz səviyyəmizə, düşüncəmizə və coğrafiyamıza uyğun bir dəyişikliyin olmasını istəyirik, onun da içində olmaq istəyirik. Daha Rusiyanın və İranın qarışdırdığı Azərbaycanı yox.

- Bu dəyişiklik sizə nə verəcək?

- Bizə?

- Hə.

- Gəlin bir anlıq düşünək: yaranandan bu günə qədər hər gün dəyişən ölkələrdə, insanlarda, hər bir şeydə niyə bu qədər pozitivliklər var? Niyə bütün pozitiv olmayan nüanslar ancaq dəyişməyən ölkələrdədir? Nədən? Baxın dəyişməyənlərin coğrafiyasına...

- Çox ümumi deyirsiniz. Mən konkret sizin timsalınızda soruşuram, dəyişiklik olsa, İqbal Ağazadə və onun partiyası nə qazanacaq?

Iqbal Agazade (13).jpg (834 KB)

- Mənim qazancım cəmiyyətin qazancının içindən keçir. Mən daha açıq, sosial cəhətdən güvənli, demokratik cəhətdən inkişaf etmiş bir Azərbaycanın tərəfdarıyam, bugünkü Azərbaycanın yox. Bugünkü Azərbaycan bu parametrlərdən çox-çox geri qalır. Mən dəfələrlə demişəm, yenə deyirəm, Azərbaycanda insana qoyulan investisiyanın miqyası sıfırdır. İnsana investisiya qoyulmur. Bu qədər sistemlərin içərisində Azərbaycan elmə vəsait qoyub insan yetişdirmir. Bu gün bunun nümunəsi yoxdur. Bunu istəyirəm Azərbaycanda. İstəyirəm ki, korrupsiyasız və rüşvətsiz bir cəmiyyətə doğru inkişaf etsin. Mən istəmirəm ki, Hollandiyada bir blogger səhv, ya düz edib, fərq etməz, mövqeyini ifadə edib, ona görə valideyni həbslə qorxudulsun. Mənim istədiyim budur. Bunları təmin etsinlər, siyasətdən də çıxaq, gedək. Ermənistan-Azərbaycan münaqişəsinin bizim xeyrimizə həll olunmasının tərəfdarıyam. Eləyə bilirlər, buyursunlar. Bundan söhbət gedir. İstədiyimiz Azərbaycan budur. Daha kimsə hesab etməsin ki, biz Suriya tipli Azərbaycan istəyirik. Niyə? Dəliyəm mən? Niyə mən Suriya kimi Azərbaycan istəməliyəm ki? Nədən?

Söhbətin yekun bölümündə Rauf bəy yarızarafat şəkildə son günlərin ən geniş müzakirə mövzularından birinə, orfoqrafiya lüğətinə dəyişikliklərə qonağımızın münasibətini soruşdu:

- İqbal bəy, müsahibənizi hansı lüğətlə çap eləməyimizi istəyirsiniz? Təklif olunan ifadələr, dəyişikliklərlə, yoxsa klassik qaydada? O təkliflərə münasibətiniz necədir?

- Mən çox pozitiv yanaşıram.

- Niyə?

- Birincisi, dilin orfoqrafik qanunları var. Adicə bir misal çəkim sizə. Məsələn, daha çox müzakirə olunanlardan biri alqı-satqı ifadəsidir. Alqı olsun, ya alğı? Mən bir misal çəkim. Al sözü cingiltili samitlə bitir. Çal sözü də cingiltili samitlə qurtarır. Niyə çalqı çalğı olur, amma alqı alğı olmur? Bəlkə dilimizə belə yatıb. Orfoqrafiya qaydalarında bunun şagirdə izah edilməsinin məntiqi yoxdur. Necə izah edəsən ki, bu, niyə istisna təşkil edir? Nədən bu istisnalar var? Yaxud apostrofun yığışdırılması və sətirdən-sətrə keçirilməsi... Məsələn, apostrof olan sözlərdə, bilirsiniz ki, xüsusən alınma sözlərdir, Məsud, vüsət, elan və s. bütün bunlar hamısı vaxtilə apostrof qoyulduğuna görə sətirdən-sətrə keçmə qanunu pozulurdu, sait yeni hecaya keçirdi: Rüf-ət, vüs-ət, məş-əl və s. Sonra deyildi ki, apostrofu yığışdıraq, normal qaydada hecaya keçirin: Rü-fət, vü-sət, mə-şəl və s. Bunun nəyi pisdir? Yaxud da bəzi sözlərin lüğət tərkibindən çıxarılması, lüğətə yeni sözlərin əlavə olunması da onun kimi.

- Layihə ilə tanışsınızmı?

- Tanışam. 

- Təkliflərin hamısınımı dəstəkləyirsiniz?

- 99 faizini. Məsələn, əsgər sözünü niyə g ilə yazırıq? Əvvəla, bunun alınma söz olduğunu hamı bilir. Baxın, Türkiyədə, Özbəkistan, Qırğızıstanda əskər, bir dənə bizdə g ilədir. Bu nöqteyi-nəzərdən baxanda dəyişiklik normaldır. Yaxud qəşəng sözünün k ilə yazılması...Bu da fars dilindən alınma sözdür. Eyni kateqoriyadan olan alınma sözlərin birini bir hərflə, birini digər hərflə yazmağın elmi izahı yoxdur. Bunu gərək hamısını eyniləşdirəsən. Baxıram ki, cüt hərflərlə yazılan sözlərin hamısı dəyişdirilsin kimi qeyri-peşəkar müzakirələr gedir. Bilirisniz, hər kəs öz fikrini bildirir, amma qeyri-peşəkar şəkildə. Dilin üslubu var, xətaları ilə yanaşı. Bizim dil o qədər də zəngin dil deyil, tərkibində cəmi 110 min söz var. Tutaq ki, alman dilində 600 min söz var.

Iqbal Agazade (7).jpg (868 KB)

“Mən daha açıq, sosial cəhətdən güvənli, demokratik cəhətdən inkişaf etmiş bir Azərbaycanın tərəfdarıyam, bugünkü Azərbaycanın yox”

E.Paşasoy:

- Hələ 10 min sözü də lüğətdən çıxartmaq istəyirlər...

- 3 min də əlavə etmək istəyirlər. İngilis dilində 1 milyona yaxın söz var. Bizdə isə dediyim kimi, 110 min. Yəni bizim elə də çox zəngin dilimiz yoxdur. Bunlar da yavaş-yavaş təmizlənməlidir, çıxmalıdır. Tutaq ki, alqı-satqı 1975-ci ilədək ğ ilə yazılıb. 75-ci ilin orfoqrafiyasında q-ya çevrilib.

R.Arifoğlu:

- Çox kəskin tənqid edənlər də var.

- Səhv edirlər. Ümumiyyətlə, bizim tənqid mədəniyyətimiz bir az doğru deyil. Kəramət Böyükçöl bir status yazmışdı. Sərhədləri, etik normaları aşmışdı və s. Lakin Xəlil Rzanı müdafiə edənlər də eyni dərəcədə sərhədləri, etik normaları aşdılar. Olmaz ki belə. Onda sizinlə Kəramət Böyükçölün fərqi nə oldu? O səhv edibsə, onun səhvini elmi şəkildə, mədəni şəkildə izah edib başa salmaqla cəmiyyəti düzəltmək lazımdır, dava-şava ilə yox. Bu məsələdə də biz vətəndaş kimi mövqeyimizi bildirə bilərik. Amma peşəkarların rəyi önəmlidir. Dilin qayda-qanunlarına uyğundur, ya yox, bu əsasdır.

“Bizim dil o qədər də zəngin dil deyil, tərkibində cəmi 110 min söz var; dəyişikliklərlə bağlı təkliflərə pozitiv yanaşıram”

E.Paşasoy:

- Amma təəccüblüsü budur ki, ömrünü dilçiliyə həsr edən alimlər nədənsə 2013-cü ildə lüğəti tərtib edəndə bunu görməyib, amma indi dəyişikliyi zəruri sayırlar. Bu müddətdə nə dəyişib ki? 

Iqbal Agazade (2).jpg (804 KB)

- Gəlin belə danışaq da. Dünən niyə o səhvləri görmürdünüz, bu gün görürsünüz?.. Məni etmədiklərimə görə ittiham etməyin, etdiklərimə görə ittiham edin. Mən dünən bunu etməmişəmsə, görməmişəm, bilməmişəm. Məsuliyyətsizliyim, ya səhvim olub, amma bu gün istəyirəm onu düzəldəm də. Niyə düzəlişlərə, dəyişikliklərə bu qədər neqativ yanaşılır? Problemlər olacaq. Milli Məclisdə - siz parlament müxbiri kimi görmüsünüz - tutaq ki, bir kəndin adını dəyişirlər, ondan ötrü bilirsiniz nə qədər dövlət vəsaiti gedir? Amma məcbursan bunu dəyişməyə. Orfoqrafiya lüğətində də dəyişiklik etmək bəzən məcburiyyətdən irəli gəlir. Bir çox sözlərin dəyişikliyi ilə bağlı təkliflər var ki, mən o məsələlərdə həmrəyəm...






Fikirlər