Anar: “Cavanlıqdan bəri heç vaxt ÖZÜMDƏN deyən olmamışam”

Anar: “Cavanlıqdan bəri heç vaxt özümdən deyən olmamışam”

“Mən birinci Anaram”

Bu görüş əslində xalq yazıçısı Anarın öz təşəbbüsü ilə baş tutdu. Düzdür, biz də arzulayırdıq ki, böyük yazıçımızın 80 illiyi ərəfəsində onunla rəhbərlik etdiyi Yazıçılar Birliyində görüşüb ondan geniş müsahibə alaq. Ancaq xaricdə olması səbəbindən bu, baş tutmamışdı və telefonla danışa bilmişdik.

Qəzetimizə verdiyi ötən müsahibədən sonra bu sətirlərin müəllifinə özü telefon açdı. Təşəkkür etməklə yanaşı, uyğun zamanda görüşmək təklifini verdi və təbii ki, böyük məmnunluqla qəbul etdim. Görüşdük, söhbətimizin şirin yerində təklif etdim ki, Anar müəllim, bəlkə tarix üçün, həm də yubileyqabağı sizdən həm də bir “növbədənkənar” müsahibə götürüm. Etiraz etmədi...

- Anar müəllim, əvvəlcə sizi 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, sağlam ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Həmçinin verdiyiniz dəyərə, üstəlik, dəvətinizə görə təşəkkür edirəm. Bilmək istərdim, yazıçı Anar 80 yaşının astanasında daxilən özünü hansı yaşda hiss edir?

- Özümü... Nə bilim?.. Bilirsiniz ki, bu arada xəstələndim, ağır əməliyyat olundum. Amma indi özümü normal hiss edirəm, səhhət baxımından əziyyət çəkmirəm. Əsas da odur ki, işləyə bilirəm və işləyirəm. Mənim üçün ən ağır gün o gün olar ki, işləyə bilməyim, yaza bilməyim. Hər gün işləyirəm. Elə bir gün olmur ki, nə isə yazmayım. Ona görə də bu məni xilas edir. Məni həm ağır fikirlərdən, həm haqsız hücumlardan və başqa şeylərdən ancaq işləmək və yazmaq xilas edir.

- Məsələn, bu gün nə üzərində işləmisiniz?

- Bu gün... İndi mənim kitabım çıxır. Artıq rusca çıxıb: “LİK Azerbaydjana”. Onun azərbaycancasını hazırlayıram. Düzdür, çox məqalələr azərbaycanca yazılmışdı, amma bəziləri də rusca idi, indi onları tərcümə edirəm. Həmçinin bir neçə təzə məqalə yazıram ora. “Ədəbiyyat” qəzetinin son sayında onlardan ikisi çıxıb, biri Mahmud Kaşqari haqqında, digəri “Qudat Qublik”.

İndi də bir məqalə üzərində işləyirəm: 3 “Leyli və Məcnun” haqqında, Nəvainin, Nizaminin və Füzulinin. Bu da o kitab üçündür.

- Martın 14-nə az qalır. Yubileylə bağlı təkliflər gəlibmi? Harda, necə keçiriləcək?

- Yubileylə bağlı, düzü, heç bir təklif gəlməyib. Hörmətli nazirimiz soruşdu ki, bəs yubileyinizdir, nə istəyirsiniz? Dedim 3 cildlik “LİK Azerbaydjana”nın çapına dəstək verilsə, yaxşı olar. Bir də sizə keçən dəfə demişdim, ssenari yazmışam, onu çəksinlər. Vəssalam. Mənim ayrı heç bir təmənnam yoxdur.

Anar1.jpg (156 KB)

“Nəyəm, oyam da, pis, yaxşı....”

- Anar müəllim, yubiley ərəfəsində daha çox nələr barədə düşünürsünüz? Uşaqlıq illərinə xəyalən səyahət etməyə imkanınız olur, ya o illərdən nə isə yazırsınız, yoxsa digər işlər buna da vaxt qoymur?

- Yox, niyə? Düşüncələr həmişə mənimlədir (gülür). Dediyim kimi, mən indi daha çox o kitabla məşğulam. Amma 20-il ərzində yazdığım bir əsər var ki, mənim ən uzun müddətdə yazdığım əsər odur. Yəni 20 il deyəndə, mən onu 20 il ərzində işləməmişəm. Sadəcə, 20 il bundan qabaq başlamışam, ara vermişəm, sonra yenə qayıtmışam. İndi deməyə utanıram, çünki hər dəfə deyirəm ki, bu yay onu qurtaracağam (gülür). Amma bu yay onu dəqiq yekunlaşdıracağam - “Keçən keçdi, olan oldu”. Bu, mənim uşaqlığım, bizim ailəmiz, sonra keçdiyim bütün ömür yolu haqqında memuar, düşüncələr və anılar romanıdır. Əslində roman bitib. Amma mən onu başlayanda əllə yazmağa başlamışdım, indi kompüterə köçürdürəm, o da vaxt aparır. Sonra bəzi şeyləri dəqiqləşdirmək, əlavələr, ixtisarlar etmək lazım gəlir. Bu “LİK”i qurtarandan sonra o işlə məşğul olacağam.

- Bildiyimizə görə, ilk əsəriniz “Keçən ilin son gecəsi”dir...

- Bəli, 1960-cı ilin dekabrında mənim iki hekayəm “Azərbaycan” jurnalında çıxmışdı. “Keçən ilin son gecəsi” və “Bayram həsrətində”. Bunlar mənim ilk mətbu yazılarımdır.

- Belə gec çap olunmağınızın səbəbi nə idi?

- 60-cı ildə mənim 22 yaşım var idi.

- Amma siz iki böyük qələm adamının övladı olaraq daha erkən çap oluna bilərdiniz. Ondan qabaq yəni yazmamışdınız?

Anar4.jpg (223 KB)

- Hekayələr yazmışdım. Evdə oxuyurdum, atam deyirdi yox, bunları hələ çap eləmə, lazım deyil. Yazılarımı həm atama göstərirdim, həm də gözəl yazıçımız Ənvər Məmmədxanlıya. Ənvər müəllim atamın həm əmisi oğlu, həm də xalası oğludur. O da çapını məsləhət görmürdü. Amma “Keçən ilin son gecəsi”ni yazandan sonra dedilər hə, bunu çap eləmək olar. Mən də gətirdim “Azərbaycan” jurnalına, onda redaktor rəhmətlik Əbülhəsən idi, mənim ilk hekayələrimi o çap eləyib.

- Daim yaradıcı mühitdə olmuşunuz, ata-ana yazır, çevrədə yazıçı, şairlər... Yəqin ki, həm Rəsul Rzanın, həm də Nigar Rəfibəylinin ilk oxucusu siz olmuşunuz. Daha çox hansını oxuyurdunuz? Onlar necə, sizi oxuyurdularmı?

- İkisi də mənə oxuyurdular. Uşaqlıqda yox, əlbəttə. Amma yeniyetməlik yaşıma çatandan sonra atam təzə yazılarını həmişə ailədə oxuyurdu, həm mənə, həm anama, bacılarım böyüdükcə, bacılarıma da. Anam da elə... Mən də təbii ki, yazdıqlarımı ona oxuyurdum. Mən həmişə ədəbi söhbətlər eşitmişəm, ədəbi atmosferdə yaşamışam.

- Davamlı ədəbi mühit sizi heç yormurdu ki?

- Yox, maraqlı idi. Qonaqlarımız da olurdu. Məsələn, Nazim Hikmət hər dəfə Bakıya gələndə bizə də gəlirdi. Onun söhbətlərinə maraqla qulaq asırdım.

- İlk dəfə nə vaxt gördünüz onu?

- Mən onda universitetdə oxuyurdum. 50-ci illərin axırı idi. İlk dəfə Bakıya gələndə həm bizim evə gəlmişdi, həm də mən tələbəydim, onunla universitetdə görüşdüm. Sonra atam onu Cəfər Cabbarlının qəbrinin üstünə apardı, orada da şəklimiz var idi. Daha sonra Cəfər Cabbarlının evinə gəldik, indi muzeydir. Cəfər Cabbarlının həyat yoldaşı Sona xanım onda hələ sağ idi. Kimsə dedi ki, Cəfər Cabbarlının “Aydın” pyesi Nazim Hikmətin “Qəribə adam”ına oxşayır. Nazim Hikmət qayıtdı ki, yox, onun əsəri mənim əsərimə oxşaya bilməz, əksinə olar. Düzdür, heç “Aydın”ı oxumamışdı, amma təvazökarlıqla belə sözlər dedi.

- Sizin evdə təkcə Nazim Hikmət olmayıb. Bəlkə də belə demək olar ki, sizin evdə daha kimlər olmayıb? O məşhur simalardan kimləri xatırlayırsınız, Anar müəllim?

- Bizim evə çox adam gəlib. Nazim Hikmətdən başqa, türklərdən - onlar da bizimkilərdir - Fazil Hüsnü Dağlarca, Məlik Cövdət, Yaşar Kamal, Kamal Tahir bizim evdə olub. Azərbaycandan isə Səməd Vurğun, Mirzə İbrahimov, Süleyman Rüstəm, Qara Qarayev, Niyazi, Tofiq Quliyev, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov, bunlar hamısı bizim evin qonaqları olublar.

- Siz də o söhbətlərin iştirakçısı olurdunuz?

- Bəli, mən də iştirak edirdim. Bəziləri ilə, mənim yaşıma yaxın olanlarla sonra dost olduq. Toğrul Nərimanbəyovla, Tahir Salahovla mən çox yaxın dost olmuşam. Bəstəkar Emin Sabitoğlu uşaqlıq dostum idi, rəhmətlik. Atamın da, anamın da, mənim də sözlərimə mahnı yazıb.

Anar.jpg (181 KB)

- Səməd Vurğunu necə xatırlayırsınız?

- Səməd Vurğun həmişə mənimlə zarafat edirdi. Bu zarafat heç bilmirəm nədən başlamışdı. Bir dəfə də biz bulvarda anamla gəzəndə rast gəldi. Qayıtdı ki, sən mənə de görüm Azərbaycanda birinci şair kimdir? Dedim atam. Bəs ikinci şair? Dedim anam. Mən də o vaxt bilmirdim şair kimdir. Bizə kim gəldi, “şair” deyirdim. Səməd Vurğun “Sonra?” soruşdu. Dedim Sabit Rəhman, Ənvər Məmmədxanlı. Belə zarafatlar edirdi...

Mənim bacım anadan olmuşdu, adını Fidan qoymuşdular. Çox adam da bilmirdi, Fidan nə deməkdir. Bilirsən də mənası “pöhrə”dir. Mən də böyüklərdən eşitmişdim, odur ki, kim soruşurdu, fidanın mənasını deyirdim. Bir dəfə də anamla Mərdəkana getmişdik. Orda da Səməd Vurğunla rastlaşdıq. Yeri də yadımdadır, bağda, skamyada oturmuşduq, Səməd Vurğun dedi, Nigar, eşitdim qızın olub, gözün aydın, adını nə qoymusan? Anam dedi ki, Fidan. Mən də qayıtdım ki, bilirsiniz Fidan nə deməkdir? İndi Səməd Vurğuna fidan sözünün mənasını izah edirəm (gülür).

- Biz məktəbdə oxuyanda danışardıq ki, yazıçı Anarın adının açması belədir: “Anası Nigar, atası Rəsul”. Burada həqiqət payı varmı?

- Yox, onun dəxli yoxdur. Kimsə onu sonralar uydurub, heç ata-anamın xəbəri olmayıb. Anmaq felindəndir. Anmaq, xatırlamaq, yada salmaq. Anar, yada salar-filan.

- Adınızı kim qoyub?

- Atam qoyub. Mən birinci Anaram. İkinci Anar məndən təqribən 20 il sonra olub. Mən çap olunmağa başlayanda Anar adını qoymağa başladılar. Azərbaycanda məndən 20 yaş cavan Anar yoxdur. Bizim ailə Azərbaycana 5 yeni ad verib. Anardan başqa.. .Fidan mənim ikinci bacımdır, ondan sonra Fidan Qasımova, bizim böyük müğənni deyir ki, atasının xoşu gəlib, onun da adını Fidan qoyub. Sonra mənim “Dədə Qorqud” filmimdə Tural və Günel adları da bizdən gəlib. Bir də bacımın qızı Aysel. O da Azərbaycanda birinci Ayseldir. İndi Aysel, Günel, Tural çoxdur, ilkləri bizimkilər olub.

- Anar müəllim, 80 yaşınızda özünüzü Dədə Qorqud yaşında hiss edirsinizmi?

- Dədə Qorqudun 300 yaşı olub (gülür).

- Bəs Dədə Qorqud statusunda necə?

- Yox, mən özümü öz statusumda hiss edirəm. Mən heç bir vaxt iddialı olmamışam. Hətta heç bir vaxt “mənim əsərlərim” sözünü işlətmirəm, həmişə “yazılarım” deyirəm, çünki ətim tökülür belə söhbətlər eşidəndə. “Bu, dünya şöhrətli yazıçıdır”, “bu, dahidir”, “bu, klassikdir”, filan... Adam gərək bir az...

- Təvazökar olsun?

- Məmməd Rahim rəhmətliyin yaxşı bir sözü var idi. Deyirdi ki, mənə deyirlər təvazökar ol! Təvazökar olaram e, amma bunu kim biləcək? (gülürük)

- Bəlkə indi ona görə bu qənaətdəsiniz ki, haqqınızda kifayət qədər deyilib, yazılıb, şöhrətin ən yüksək zirvəsinə qalxmağı bacarmısınız, ölkənin ali mükafatlarını almışınız və hesab edirsiniz ki, daha təvazökar olmaq lazımdır. Səhv etmirəm ki?

- Mən lap cavanlıqdan beləyəm. “Mən təvazökaram” demək yenə özünü tərifləməkdir. Ona görə də demirəm ki, mən təvazökaram. Amma mən cavanlıqdan bəri heç bir vaxt özümdən deyən olmamışam. Heç tanınmayanda da deməmişəm ki, mən yazıçıyam, filan ailədənəm. Heç vaxt bunu qabartmamışam. Nəyəm, oyam da, pis, yaxşı.

- Anar müəllim, heç bu barədə düşünmüsünüzmü ki, Rəsul Rzanın övladı olmasaydınız, indiki statusda olardınızmı?

(ardı var)






Fikirlər