Tofiq Zülfüqarov: “RUSİYADA AZƏRBAYCANA münasibətdə ciddi şəkildə BÖLÜNMƏ VAR”

 “Bu qüvvələrin fəallaşması heç də təsadüfi deyil”

Rusiya ilə Azərbaycan arasında mövcud olan normal münasibətlərin pozulması, gərgin atmosferin yaradılması istiqamətində cəhdlər yenidən qabarıq şəkildə nəzərə çarpmaqdadır. Separatçı Bako Saakyanın Rusiyaya səfər etməsinin ardınca İrəvana qırıcıların satılacağı barədə xəbər yayıldı. Üstəlik, bu ərəfədə MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyev İrəvanda Azərbaycanı hədələyən bəyanat verib. Rusiyanın nümayəndəsi, Rusiya prezidenti Vladimir Putinin yaxın adamı kimi tanınan Vladimir Yevseyev Azərbaycana dərs vermək üçün “Bakını ”İsgəndər" raketləri ilə vurmağı təklif etdi. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müsahibəmizdə bu sərsəm iddianın arxasındakı gerçəkləri üzə çıxarmağa çalışdıq.

- Tofiq bəy, İrəvanda “Lazarev klubu” adı altında Rusiyanın və Ermənistanın nümayəndələrinin birgə iclası keçirildi. Rusiya-Ermənistan münasibətlərində gərginliyin mövcud olduğu dönəmdə dövriyyəyə girən bu qurumun məqsədi nədir?

- Bu qurum “Qriboyedov cəmiyyəti”nin klounudur. Bir neçə il bundan qabaq məşhur aparıcı Kselyovun təşəbbüsü ilə - orada Kurginyan (Sergey) da var idi - “Qriboyedov cəmiyyəti yaranıb. Onun da məqsədi Rusiya-Ermənistan əlaqələrinin gücləndirilməsidir. Bu da ondan irəli gəlirdi ki, artıq o vaxtlar Serj Sərkisyan da qərbmeylli addımlar atırdı. Sonra onlar bir neçə iclas keçirdilər, Ermənistana gəldilər. Kiselyov Ermənistanı ciddi şəkildə tənqid etdi ki, rus dilini sıxışdırırlar. Hətta Kurginyan demişdi ki, Ermənistan Rusiyasız mövcud ola bilməz, ümumiyyətlə, müstəqillik Ermənistana lazım deyil və s. Həmin bəyanatlardan sonra az qala bu adamların Ermənistana daxil olmasına belə qadağa qoyublar. ”Lazarev klubu" Rusiyada bu yaxınlarda yaradılıb, onun da təşəbbüskarı Zatulinlə Kazimirov olub. Onlar görürlər ki, Ermənistan qərbyönümlü siyasət yürüdür. Guya onlar Rusiya-Ermənistan əlaqələrini gücləndirmək üçün addımlar atacaqlar.

- Bu təşkilatın maliyyəsi haradan gəlir?

- Məlumatlara görə, bu təşkilatı maliyyələşdirən erməni mənşəli Rusiya oliqarxlarıdır. Amma əsas maliyyəçi və təşəbbüskar Robert Köçəryandır. Bu yolla onlar həmin tədbiri Ermənistanda keçiriblər. Birinci iclası Moskvada olmuşdu. Amma qəribə mənzərə yaranıb. Hazırda Ermənistanın nə baş naziri, nə parlament sədri, nə də prezidenti onlarla görüşməyib. Demək olar ki, indiki iqtidarın heç bir üzvü onlarla təmasda olmayıb.

- Bundan əvvəlki aylarda Zatulin də bu sayğısızlığa görə qəzəbli mövqe sərgiləmişdi...

- Bəli, elə fikrimi ona gətirib çıxarıram. Bu tədbirə  Bako Saakyanı gətiriblər. Guya ki, bu, “artsax prezidenti”dir. Ümumiyyətlə, instaqramda yaxşı fotolar var. Fotolardan bəlli olur ki, onların istədikləri reallaşmayıb. Həmçinin onları nə qarşılayan, nə də ciddi qəbul edən olub. Bütün bunlar onu göstərir ki, bu, Qarabağ qruplaşmasının təşəbbüsüdür. Onlar öz imkanlarından istifadə edib, Ermənistana Rusiyanı təbliğ etmək üçün gəliblər. Yəni göstərmək istəyirlər ki, biz Rusiyasız yaşaya bilmərik. Paşinyan bunu düşmən və rəqib qruplaşmanın təşəbbüsü kimi qəbul edir və tənqidi yanaşır.

- Bu, Paşinyanın öz problemidir. Bizi daha çox maraqlandıran və narahat edən Rusiya vətəndaşının, özü də rəsmi statusu olan şəxsin - Vladimir Movseyevin İrəvandan Bakını təhdid etməsidir.

- O, Zatulinin rəhbərlik etdiyi institutda çalışır. Ümumiyyətlə, onlar ermənilərdən və bu düşərgədən aldıqları pulların qarşılığında belə bəyanatlar səsləndirirlər.

- Movseyev Putinin adamı, yaxud Rusiya rəsmisi kimi təqdim olunur. Bu təqdimatla bağlı nə deyə bilərsiniz?

- Ümumiyyətlə, Rusiyada bir qruplaşma var ki, erməni diasporunun - biz üçüncü qüvvə deyirdik, hansı ki, əlaqələrimizə mane olur - onlar bu yolla Ermənistanı Rusiyanın orbitində saxlaya biləcəklərini zənn edirlər. Bu, onların Rusiya siyasətini Ermənistanda təbliğ etmək cəhdidir. Nəyə görə bu, Rusiya iqtidarından uzaq dairələrdir? Çünki Rusiya özü Ermənistandan uzaqlaşır, birmənalı şəkildə. Rusiyanın uzaqlaşması rəhbərliyin siyasətidir. İndi Ukrayna ətrafında baş verən hadisələr onu göstərir ki, ən ciddi hadisələr Ukrayna ilə bağlı olacaq. Amma Rusiya rəhbərliyinin daxilində Lavrov başda olmaqla, bəzi dairələr Rusiyanın Ermənistandan çıxmaqla bağlı mövqeyini dəstəkləmirlər. Ya da belə bir görüntü yaratmaq istəyirlər ki, bunun səbəbkarı Rusiya özü deyil, sadəcə olaraq, ermənilərin qərbyönümlü siyasətidir. Bunlar həmişə belə rəy yaratmağa çalışacaqlar ki, əslində Rusiya Ermənistandan çıxmır, sadəcə olaraq, ermənilər xain çıxdılar.

- Bəs Azərbaycana münasibətdə Moskvanın mövqeyi barədə nə demək olar?

- Biz başa düşməliyik ki, Rusiyada Azərbaycana münasibətdə ciddi şəkildə bölünmə var. Yəni Rusiyada olan ermənipərəst qüvvələr və erməni diasporu əsasən təhlükəni hiss edərək istəyir həm daxili siyasətdə, həm də Rusiyada bundan istifadə etsin. İrəvandakı tədbirin nəticələri onu göstərir ki, artıq Ermənistan, Paşinyan qruplaşması Rusiya diasporundan uzaqlaşır.

- Amma elə bu günlərdə məlumat yayıldı ki, Rusiya Ermənistana qırıcılar satmaq istəyir. Belə qənaətə gəlmək olarmı ki, Kreml Azərbaycanı arxayınlaşdırıb işğalçı ölkəni silahlandırmaqda davam edir?

- Qırıcılar məsələsi ictimaiyyətə yönəlmiş və bizi qıcıqlandırmaq üçün yayılan məlumatdır. Söhbət kreditdən gedir, hələ bunun verilib-verilməyəcəyi sual altındadır. İkincisi, bu kreditin miqdarına - 100 milyona - cəmi iki qırıcı almaq olar. İki qırıcı heç nəyi dəyişməyəcək. Ermənistan paytaxtının yaxınlığında Azərbaycanın Naxçıvan bölgəsi yerləşir və oradakı, yaxud Türkiyədəki Azərbaycan təyyarəsi Ermənistan paytaxtına 2-3 dəqiqə ərzində çata bilər. Amma Ermənistan təyyarələri Azərbaycan ərazisinə müdaxilə etmək üçün gərək səhərdən-axşamadək səmada olsun, özü də 2 dənə yox, 4-5 dənəsi. Heç Sovet İttifaqı bunu təmin edə bilmirdi. Yəni hərbi cəhətdən çox mənasız bir şeydir.

- Qırıcılar barədə dedikləriniz məlum. Bəs Bako Saakyanın Rusiyaya səfəri və Bakının etirazına Rusiya XİN-dən verilən cavab?

- Bu da Qarabağ qruplaşmasının fəallaşmasının nəticəsidir. Burada Paşinyanın istəyi Bako Saakyanın istəyi ilə üst-üstə düşür. Paşinyan istəyir Saakyanı hansısa bir qurumun, yəni separatçı qurumun təmsilçisi kimi təqdim etsin. Əslində bu, separatçı qurum deyil, birmənalı şəkildə orada işğalçı administrasiya mövcuddur, müstəqil qurum deyil. Bu baxımdan onlar istəyirlər belə bir oyun oynasınlar. Təbii ki, onlara həmişə dəstək verən Lavrov tərəfindən bu cür reaksiyalar verilir.

- Dediklərinizdən belə qənaətə gəlmək olarmı ki, Azərbaycan və Rusiyanın, həmçinin hər iki dövlət başçısının arasındakı normal münasibətlərə, hətta dostluq əlaqələrinə xələl gətirmək, əlaqələri pozmaq istəyən qüvvələr şimal qonşumuzda hərəkətə keçib?

- Cənab prezident də vaxtilə deyib ki, üçüncü qüvvə var. Yadınızdadırmı, Soçidə Putinlə İlham Əliyev arasındakı görüşdə birmənalı, açıq-açığına deyildi ki, üçüncü qüvvə var. Hansı ki, Azərbaycan-Rusiya əlaqələrinə ziyan vurmaq və bu əlaqələri aşağı səviyyəyə salmaq niyyətində olan qüvvələrdir. Bu qüvvələrin fəallaşması heç də təsadüfi deyil. İrəvandakı tədbirdən sonra biz gördük ki, ortaya yeni problemlər çıxıb. Rusiyadakı erməni diasporu Ermənistanın indiki rəhbərliyindən uzaqlaşır və onun icazəsi olmadan İrəvanda tədbirlər keçirir. Digər tərəfdən, indiki Ermənistan rəhbərliyi və işğal zonasındakı administrasiya arasında gərginlik artır. Yəni “miatsum” deyilən hərəkat da çat verib. Bu baxımdan son hadisələr ortadakı problemləri daha qabarıq şəkildə bizə göstərdi. Kazimirovun narazılığı elə fotolardan görünür. Digər tərəfdən, bu tədbir yüksək səviyyədə keçirilməyib. Məsələn, iştirakçıları aparan avtobusun yanında heç müşayiət edən, polis-zad da yoxdur.

- Bu ərəfədə Bako Saakyanın “növbədənkənar seçki” elan etmək niyyəti də Rusiyadakı hansısa çevrələrin planının tərkib hissəsi sayıla bilərmi?

- Qarabağdakı dəstənin dayaq nöqtəsi Rusiya diasporunda və işğal olunmuş ərazilərdədir. Paşinyana qarşı o dairənin formalaşması artıq göz qabağındadır. “Lazarev klubu”nun iclası da onu da göstərir ki, məhz bu diaspora əlaltıları və həmin dairəni maliyyələşdirənlər onları öz tədbirlərinə cəlb ediblər. Məsələ budur ki, İrəvandakı tədbir Ermənistandakı seçkilər ərəfəsində keçirildi. Bu da çox vacib bir amildir. Yəni həmin dairələr artıq Rusiyadan gələn təbliğatçıları daxili siyasətdə istifadə etmək niyyətindədirlər.

- Rəsmi Bakı Rusiyadakı təxribatçı çevrənin Azərbaycan əleyhinə aktivləşməsinin qarşılığında hansı addımları atmalıdır?

- Gəlin bəyanatları analiz edək. Azərbaycan XİN-in bəyanatını, cavabı... Azərbaycanın mövqeyindəki zəif yer görsənir. Baxın, Bako Saakyan Ermənistan pasportu ilə gedib-gələn şəxsdir. İkincisi, Rusiyaya qarşı qanunları pozmayıb. Bizdə ona qarşı heç bir cinayət işi yoxdur axı. Biz nəyi ittiham edirik? Saakyanın əməllərinə görə çoxdan cinayət işi qaldırılmalı idi. Onun ərazi bütövlüyümüzə qarşı hərəkətləri, bəyanatları, qanunsuz silahlı birləşmələrin yaradılması və s.-lə bağlı həddindən artıq ittihamlar verilə bilər. Amma bu da yoxdur. Əgər bu adam bizim tərəfimizdən ittiham olunsaydı, deyəcəkdik ki, bizdə ittiham olunmuş adamı siz qəbul edirsiniz. Amma bizim bəyanatda bu məntiq yoxdur. Bunu gördükləri üçün belə cavab verirlər. Gərək biz öz mövqeyimizdən belə boşluqları yığışdıraq.

- Mövcud durumda Rusiyadan gələn təhdidlərin qarşılığında Bakı nə etməlidir?

- Azərbaycan daha cəsarətli və sərt mövqe ortaya qoymalıdır. Şəxsən mənim təklifim budur. Çünki biz orada səhvə yol veririk. Bəyanatda yazırıq ki, separatçıların lideri. Orada nə separatizm var axı? Orada separatizm yoxdur. Saakyan Ermənistandan gələn birisidir. Təhlükəsizlik nazirinin köməkçisi olan, Ermənistanın təhlükəsizik xidmətinin təmsilçisi kimi Moskvada işləyib, FTX-də əlaqələndirici şəxs olub. Məgər buna qarşı bizdə ittiham elan oluna bilməzmi?

- Bəlkə özümüzü aldadırıq. Putinin iradəsinə zidd olaraq hansısa məmurun, elə konkret olaraq Lavrovun oyunlar qurması, planlar cızması nə dərəcədə real görünür? Bəlkə Rusiya hakimiyyəti dolayısı ilə Azərbaycana təzyiq göstərmək üçün həmin çevrələri hərəkətə keçirib?

- Mən demirəm ki, Putinin xətti ayrıdır, ya yox. Sadəcə, onu deyirəm ki, Rusiyanın siyasəti Ermənistandan çıxmaqdır.  

- Ola bilərmi ki, Kreml Azərbaycanı KTMT-yə üzv etmək istəyindən əl çəkməyib deyə, təzyiqlərini davam etdirir?

- Bu, daha çox təbliğat məqsədi daşıyan məsələlərdir, mən ona ciddi yanaşmıram. Ümumi siyasi proses ondan ibarətdir ki, Rusiya oradan uzaqlaşır. Bunu ermənilər çoxdan hiss edirlər, hətta Sərkisyanın vaxtından. 2016-cı ildən Rusiya ilə gərginlik yaranıb.

- Tofiq bəy, rəsmi status daşıyıb-daşımamasından asılı olmayaraq, hansısa Rusiya vətəndaşı Bakını “İsgəndər” raketi ilə vurmağa çağırırsa, bunun cavabı necə olmalıdır? Məsələnin üstündən ötüb keçməliyik?

- Yox. Birmənalı şəkildə! Biz bəyanat verməliyik, tənqid etməliyik. Çünki Azərbaycanın parçalanmasına şərait yaradan bəyanat səslənib. Odur ki, Rusiyaya nota verilməlidir. Nota verilməlidir ki, belə bir tədbir keçirilib, qondarma qurumun rəhbəri Rusiya vətəndaşları arasında çıxışlar edib, Azərbaycanı təhdid edən bəyanat verilib. Rusiya da öz tərəfindən addımlar atmalıdır. Hər halda, Lavrovun rəhbərlik etdiyi XİN-ə ciddi şəkildə öz mövqeyimizi bildirməliyik, birmənalı şəkildə.






Fikirlər