ÖLKƏSİNDƏ bütün varlıları PULUNU SAYAN milyarder: “Ən sevdiyim söz “Halal olsun!”dur” - MİLYONÇU

“Forbes”in qiymətləndirməsinə görə, sərvətinin həcmi 2015-ci ildə 2,7 milyard dollar olub. Ölkəsində kiminsə ondan gizlin pulu yoxdur.  Çünki bankları hamının pulundan xəbərdardır.

Söhbət “Fiba Holding”in sahibi Hüsnü Mustafa  Özyeğindən gedir.

 

 AzerTaym.az Publika.az-a istinadən “Milyonçu” layihəsi çərçivəsində Özyeğinin müsahibəsini təqdim edir.

 Hüsnü Mustafa  Özyeğin kimdir?

 O, 1944-cü ildə  İzmirdə  anadan olub.  10 yaşında Robert Kollecinə daxil olub. Kolleci  bitirdikdən sonra  inşaat mühəndisi olmaq məqsədilə ABŞ-a gedib.  Oreqon Əyalət Universitetinin inşaat bölümündə təhsil alıb. Bu müddətdə, əslində, inşaata deyil, maliyyə sektoruna marağının olduğunu anlayıb. Üzünü Harvarda tutub. 1967-ci ildə  Oregon State Universitetindən  inşaat mühəndisi  ixtisası üzrə, 1969-cu ildə  Harvard Business Schooldan master dərəcəsi alaraq məzun olub. Yeri gəlmişkən, Hüsnü Mustafa Özyeğinin o zaman Harvardı bitirən ikinci türk olması artıq onun gələcəyini müəyyən etmişdi.

 Amerikada  üç il işlədikdən sonra  Türkiyəyə qayıdan Hüsnü Mustafa Özyeğin kollecdən tanıdığı “Çukurova Holding”in sahibi Məmməd Əmin Karamehmetdən iş təklifi alır. 32 yaşındaykən “Pamukbank”ın müdiri olur. 1984-cü ildə yenə Karamehmetə aid “Yapı və Kredit Bankı”nın baş direktoru təyin edilir. Lakin bir müddət sonra öz işini qurmağı qərara alır. “Bank müdiri olmaq mənim üçün müvəffəqiyyət demək deyildi. Əslində, bankın baş direktoru kimi  başlanan  karyera  necə müvəffəqiyyət hesab edilə bilər axı?!” deyən Özyeğin 1987-ci ildə kollec yoldaşının şirkətlərindən ayrılır. Öz bankını -  “Finansbank”ı yaradır. Beləliklə, milyonlarını qazanmağa başlayır.

 “Finansbank” əvvəlcə təşkilati bankçılıq və sərmayə bankçılığı sahələrində ixtisaslaşır.  İstanbul, Ankara və İzmirdə 4 şöbəsini açır. 1995-ci ilə qədər cəmi 4 şöbə (hazırda onların sayı 700-ə yaxındır) ilə fəaliyyətini davam etdirir. Yeri gəlmişkən, bankla bərabər Hüsnü Mustafa Özyeğin 1987-ci ildə “Fiba Holding”i  də qurur. Şirkət maliyyə, pərakəndə, media, enerji, satışa çıxarma, telekommunikasiya, kimya, enerji, inşaat, sığorta, nəqliyyat, turizm, ictimai xidmətlər və digər sahələrdə fəaliyyət göstərməyə başlayır. 

 1994-cü ildə “Credit Europe Bank”ı, 2002-ci ildə “Fiba Sigorta”’nı yaradır. 1996-ci ildə  özəlləşdirmədə  pərakəndə qida satışı sektoruna addım ataraq “GİMA”nı satın alır. Düzdür, 2005-ci ilədək “GİMA”nı gəlirli biznesə çevirə bilmir. "GİMA” həyatımdakı ən böyük səhvlərdən biriydi" deyən Özyeğin buna baxmayaraq “GİMA” müştərilərinin sayəsində “Finansbank”ın kredit kartı sayını artırmağı bacarır. 

 Növbəti mərhələdə o,  pərakəndə ticarətin bir başqa sahəsində fəaliyyətini davam etdirir. 1999-cu ildə “Marks & Spencer Plc”in  İngiltərədən françayzinq haqlarını satın alır. 2006-cı ilin avqustunda iş adamı “Finansbank”la bağlı Yunanıstanın ən böyük bankı "National Bank of Greece" (NBG) ilə  müqavilə imzalayır. Bu razılaşma nəticəsində hissələrinin bir qismini NBG-yə satır. Müqavilədən sonra  Türkiyədə olan Maliyyə Leasing, Maliyyə Sərmayə, Maliyyə Portföy Rəhbərliyi, "Finansbank Malta"  “Finansbank”ın mülkiyyətində qalır. Hollandiya, İsveçrə, Rusiya və Rumıniyadakı bankçılıq fəaliyyətləri daxil olmaqla digər bütün xarici fəaliyyətlər “Fiba Holding”ə keçir.

 Hazırda Özyeğinin sərvətinə maliyyə sahəsindən kənar şirkətlər də daxildir. İş adamının daşınmaz əmlak sektorunda "Anadolu Japan Turizm", "Fiba Gayrimenkul", "Fiba Yüksel", "Anchor Grup", "Fiba Alışveriş Mərkəzləri", "Anchor Retail", "Fina Holding", "Fiba Air", "Fina Liman", "Fina Enerji Holding", "Enda Enerji", "Kumport Liman Lemi Invest", pərakəndə satış sektorunda “Marks & Spencer”,”Marks & Spencer Rusya”, “Marks & Spencer Ukrayna”, “Gap”, “Gap Russia”, “Gap Ukraine”, “Banana Republic, “Banana Republic Rus”, “Genç” mağazaları  fəaliyyət göstərir.

 Maliyyə sektorunda isə şirkət “Fibabanka A.Ş”, “Fibahayat sigorta"  ilə təmsil olunur. Ümumiyyətlə  “Fiba Holding” maliyyə sektorundakı sərmayələri bankçılıq,  leasing, faktoring, sığorta sahəsindədir. Digər sektorlarda sərmayələri isə hava nəqliyyatı,  pərakəndə satış, daşınmaz əmlak,  enerji, gəmi inşaatı və liman xidmətləridir. Son rəqəmlərə əsasən “Fiba Holding”in aktivləri  18,6 milyard dollar təşkil edir. 

 Universitet illərinizdə bir gün Türkiyənin ən  varlı iş adamı olacağınızı  desəydilər, necə reaksiya verərdiniz? Heç bu nöqtəyə  gələcəyinizi xəyal edirdiniz?

 - İlk əvvəl bildirim ki, Türkiyənin ən varlı iş adamı mən  deyiləm. Deklarasiya edilən və deklarasiya edilməyən gəlirlər var. Türkiyədə gəlirləri tam deklarasiya olunmayan var. Mənim nə bank, nə də universitet yaratmaq kimi xəyallarım vardı.  Bunlar xəyallara sığmayacaq şeylərdir.

 - Necə bu nöqtəyə gəldiniz? Həyatda sizə uğur gətirən faktorlar nələrdir? Keçdiyiniz yolda doğru etdim dediyiniz şeylər nələrdir?

 - Məncə mən bir marafon qaçdım. Boltdan fərqli olaraq (sprinter Useyn Boltu nəzərdə tutr və gülür). Efiopiyalalılar və keniyalılar kimi. Təbii ki, marafonda zaman-zaman yıxılıb, qalxırlar. 100 metrdə yıxılan  bir daha yarışı tuta bilmir. Mənim həyatım belədir. Sadəcə mən  başqasıyla deyil, özümlə yarışıram.

 - Həyatda pul sizin üçün nələrin ölçüsüdür?

 - Əsas məsələ qazandığınız pulu necə xərcləməyinizdir. Biz ailə olaraq indiyə qədər yüz minlərlə insana yardım etmişik. Bizim məktəblərimizdə və yurdlarımızda 40 minə yaxın şagird qalır və ya oxuyur. İndiyə qədər 10 min şagirdə təqaüd vermişik. Təbii ki, işə götürdüklərimiz də var. 50 min nəfəri işə qəbul etmişik. Mənim bu mövzuda nümunə götürdüyüm bəzi insanlar var -  Rokefeller, Andryu  Carnegie, Jon Pierpont Morgan. Məsələn J. P. Morgan vəsiyyətnaməsində 50 milyon dollar sərvətindən 3 milyon dollarını oğluna, 3 milyon dollarını 3 qızına buraxır. Həyat yoldaşına malikanəsini, kapitanına da gəmisini vəsiyyət edib. Milyonçu sərvətinin geridə qalan hissəsini  xeyriyyə təşkilatlarına verir.

 - Həyatda ən böyük müvəffəqiyyətiniz nədir?

 - Mənə görə həyatdakı ən böyük müvəffəqiyyətim insanlara, işçilərinə dəyər verən  holdinq yaratmağımdır. Biznesimi puluma arxalanıb qurmamışam. Həmişə yaxşı insanlarla işləmişəm. Özümü onların müdiri kimi aparmamışam. Məni tənqid edən idarəçimə çox hörmət edirəm. Müvəffəqiyyətdən dərs almaq müvəffəqiyyətsizlikdən dərs almaqdan daha çətindir.

 - Həyatdakı ən böyük müvəffəqiyyətsizliyiniz nədir?

 - Geriyə baxan deyil, həmişə irəliyə baxan bir insanam. İşdə müvəffəqiyyətli olmasanız da, o işdən bir dəyər yarada bilməlisiniz.

 - Şirkətə işə götürdüyünüz gənclərdə nə kimi xüsusiyyətlər axtarırsınız?

 - Yaxşı bir təhsil almış olmaları əhəmiyyətlidir. Bir də özlərinə inanmalıdırlar.

 - Şəxsi həyatınızda sizi nələr həyəcanlandırır? Maraq dairəniz nədir?

 - Kitab oxumağı , iqtisadiyyatla əlaqədar araşdırma hesabatları oxumağı sevirəm. Dostlarımla oyun oynamağı, gəmidə dolaşmağı sevirəm. Ümumiyyətlə tətillərimizi Türkiyədə keçiririk. Xaricə getdiyimiz zaman muzeyləri gəzirəm. Bundan əlavə  simfoniya orkestrinin konsertlərini və ya müasir rəqs nümayişlərini izləməyi sevirəm. Təbii birdə nəvələrim var. Məsələn 6 yaşındakı Egey ilə bankçılıq oynamağa başlamışıq. Xaricindən gətirdiyim pullara kassirlik edir.

 - Ən sevdiyiniz kitab hansıdır?

 - Bioqrafiyaları çox sevirəm. Xaricə gedəndə  bir çamadan kitabla qayıdıram. Son zamanlarda Osmanlı tarixini oxuyuram. Həyat yoldaşımla birlikdə “Möhtəşəm Yüz il” serialını da izləyirik (gülür).

 - Ən  çox sevdiyiniz söz hansıdır?

 - "Halal olsun!"

 






Fikirlər