"Zaurun verilişinə getmərəm, özünü apara BİLMİR"

AzTV-nin keçmiş diktorlarından olan Kəmalə Hüseynova kulis.az-a müsahibə verib. 

Milli.Az həmin müsahibəni təqdim edir: 

- Əhvalınız necədir?
- Yaxşı. Heç bir hava şəraiti mənim əhvalıma təsir eləmir. Təbiəti hər halıyla sevirəm, yağışı da gözəldir, küləyi də, amma çox isti olanda və ya sərt küləklər əsəndə çalışıram ki, evdən çıxmayım. Bu da yəqin ki, balıq bürcü olmağımla əlaqədardır.

- Hal-hazırda nə ilə məşğulsuz?
- Aparıcılıq fəaliyyətimdən öncə iki illik məktəb müəlliməsi fəaliyyətim vardı. Mən ali məktəbi tətbiqi-riyaziyyat ixtisası üzrə bitirmişəm, indi də kollecdə şöbə müdiriyəm. Hər zaman çalışmışam ki, tələbələrim məni sevsinlər. İki yüz otuz altı tələbəm var, hələ ki, sevirlər məni. 



- Tələbələriniz sizin kim olduğunuzu bilir, yoxsa elə müəllimələri kimi tanıyırlar?
- Tanıyırlar, düzdür, onların yaşı çatmır ki, məni ekrandan görmüş olsunlar, amma indinin özündə də verilişlərə qonaq kimi dəvət olunuram deyə, bilirlər ki, nə vaxtsa diktor olmuşam. Görürəm ki, onlar üçün maraqlıyam, işimlə bağlı çox sual verirlər.

- Diktorluq və müəlliməlik... İkisindən birini seçməli olsaydınız, hansı üstün gələrdi? 
- Mənim əlimdə olsa, televizyonçuluğu seçərdim, amma təəssüf ki, məndən asılı olmayan səbəbdən televiziyadan getməli oldum.



- Sizdən asılı olmayan bu səbəbin konkret adı nədir bəs?
- Yeni rəhbərlik gəlişiylə yeni qaydalar da gətirdi. Bu səbəbdən mənimlə birgə bir çox diktorlar işdən çıxmalı oldu. Mən çıxmamışdan bir il qabaq müqaviləylə bir illik radioda davam etdim, il tamam olanda özüm ərizəmi yazıb ayrıldım işdən. Rəhbərlik yeni simalar seçdi özü üçün, bunun da bir səbəbi teleməkanda izləyiciləri yenidən cəlb etmək istəyi idi. Son zamanlar televiziyalarımız bərbad vəziyyətdədir. Seçim etməli olsan, uzağı hər kanaldan bir veriliş seçmək olar. Buna görə də deyə bilərəm ki, televiziyadan peşəkarları uzaqlaşdırmaqla, geri qaldılar ki, irəli getmədilər. 

- Bir aparıcının bir neçə veriliş aparmasına necə baxırsız?
- Heç yaxşı hal deyil. Bu, ondan irəli gəlir ki, həmin aparıcı müəyyən dərəcədə reytinq toplaya bildiyindən başqa verilişə də həmin reytinqi gətirmək istəyirlər. Çoxlu gəlir əldə etmək istəyidir bu, təbiidir ki, reytinq olan yerdə sponsor bol olur, sponsorun bol olduğu yerdə isə gəlir çox olur. Bu vəziyyətdə həmin aparıcı göz yorur və mən şəxsən o aparıcıya vaxtımı sərf edib baxmıram. Nə etmək olar, reallığımız budur, ya qəbul edib göz yummalıyıq, ya da mübarizə aparmalıyıq, fəqət gücümüz çatmır. Gündəlik həyatımızda maddiyyat mənəviyyatı üstələdiyi kimi, eyni hal televiziyalarımıza da sirayət edib. 



- Reytinqə münasibətiniz necədir?
- Məncə, reytinq uydurma bir şeydir. Özünü peşəkar adlandıran nə qədər adamdan soruşmuşam ki, bu reytinq nə olan şeydir, təəssüf olsun ki, mənə bir dolğun cavab verən olmayıb. Bu gün sponsorlar müəyyən mənada insana toxuna biləcək layihələrə maliyyə ayırırlar. İnanmıram ki, həmin sponsorlar dəstək olduqları layihələrin səviyyəsindən məmnundurlar. Reklam iqtisadiyyatın aparıcı qüvvəsidir.

- Aparıcı olduğunuz zamanlarda pərəstişkarlardan sevgi məktubu almısınız?
- Əlbəttə, çox olub. Cəmi bir televiziya kanalı olduğundan hər zaman göz önündə olurduq. Pərəstiş edənlər çox olurdu, məktublarda sevgilərini görürdüm. Sadəcə mənə hər zaman yaşca kiçik oğlanlar sevgi etirafı edirdilər. Ona görə çox dərinliyinə getmirdim bu sevgilərin. Ola bilsin, ya mən romantik deyiləm, ya da məni sevənlər...



- AzTV və "Mədəniyyət" kanallarından hansı verilişləri izləyirsiz?
- "Mədəniyyət" kanalından Dilarə xanımın, Nərgiz xanımın verilişlərini izləyirəm, bəyənirəm. Düzünə qalsa, televizora baxmağa çox vaxtım olmur. Cüzi vaxt tapan kimi internetdən xəbərləri izləyirəm. Zəmanə belə tələb edir, internet televiziyanı üstələyir. Əvvəl kanalın proqramını izləyib sevdiyimiz filmlərin, verilişlərin saatını ötürməməyə çalışırdıq. İndi isə istədiyimiz hər şeyi internet verir bizə. Mənə elə gəlir ki, beləcə də televiziya bizim həyatımızdan çıxacaq. Kanallarımız reytinqin qurbanı olmasa, bəlkə bu prosesi bir qədər ləngitmək olar.

- Bəs ləngitmək üçün nə edə bilərik?
- Bu gün müasir gənclik internetdən başqa heç nəylə maraqlanmır. Çox qəribə həyata baxış bucaqları var. Oxumağa həvəsləri qalmayıb. Mən kollecdə gənclərlə çox ünsiyyətdə oluram və onlardan daha çox nəylə maraqlandıqlarını soruşuram, cavab isə məni çox vaxt qane etmir. Mən tərəfdarıyam ki, imkan varsa, uşaqlar xaricdə təhsil alsınlar. Nə yazıq ki, gördüklərimizlə istəklərimiz üst-üstə düşmür. 14-15 yaşlı qızları ərə verirlər ki, evdən xərc azalsın. İctimaiyyətimiz Avropaya açılmaqdan, əksinə geri gedir. İnsan savadlı olmaqçün oxumursa, heç deyilsə pul qazana bilməkçün oxumalıdır. Savadı olmayan bir insanın televiziya layihəsi nə gənc, nə də yaşlı nəsli cəlb etməyə qadir deyil.



- Bəs efirdə ləhcələrə münasibətiniz necədir? 
- Aparıcılar tamaşaçını cəlb etmək üçün yüz oyundan çıxırlar. Ləhcəylə danışmaqla həmin ləhcənin mənsub olduğu bölgə sakinlərinin diqqətini çəkməyə çalışırlar ki, bunun da adı yerlibazlıqdır. Dəhşətli olan odur ki, bu yerlibazlıq məişətimizdə onsuz da baş alıb gedirdi, artıq televiziyalara da sızıb. Bu gün efirə gəlmək çox asandır, kimin arxasında adamı varsa, sponsoru varsa, gəlib aparıcılıq edir. O vaxtı aparıcı Zaur Kamal bizim diktorlardan birini öz verilişinə dəvət edəndə həmin diktor demişdi ki, mən heç vaxt Zaurun verilişinə getmərəm, o efirdə özünü apara bilmir. Lakin mən və mənimlə bərabər bir neçə diktor getdik onun verilişinə, həmin xanımın dediyini də kimsə Zaura çatdırmışdı deyə, Zaur efirdə dedi ki, mən bilirəm kimlə necə rəftar edirəm. Bir insanı hər kəs sevə bilməz, əgər hər kəs sevirsə, deməli sən riyakarsan, saxtakarsan.

- Oğlunuzu gəlininizə qısqanırsız?
- Sənin dediyin şey eqoist analara aiddir. Mən elə analardan deyiləm, müasir düşüncəliyəm. Avropada uşağın 18 yaşı olan kimi ona azadlıq verirlər ki, özü öz həyatını ürəyi istədiyi kimi yaşasın. Bizdə isə valideynlər düşünürlər ki, ölən günlərinə qədər oğlanları bunların yanında olmalı, bunlar da onları ürəkləri istəyən kimi idarə etməlidirlər. Əsla belə deyil. Valideyn yalnız məsləhət verə bilər, zor tətbiq etmək olmaz. Ailəyə olunan müdaxilələr boşanmaların sayına çox ciddi təsir edir. Boşanmaların qarşını almaqçün isə birinci növbədə övladlarımıza müstəqillik verməliyik, Avropada olduğu kimi nikahdan öncə birgə yaşayıb bir-birinin xasiyyətini öyrənsinlər, sonra ailə qursunlar.



- Axı bəzi məsələlərdə olduğu kimi, bu məsələdə də bizim millət azadlığı, avropalaşmağı düzgün anlamayacaq, başqa biabırçılıqlara yol açacaq.
- Bəs mentalitetin bəzi biabırçı qanunlarını niyə rahat qəbul edirik? Qızı gözübağlı gətirib ər evinə qoymaqdansa, ona gələcək həyat yoldaşını tanıması üçün şərait yaradılmalıdır.

Milli.Az






Fikirlər