Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı bərpa edir

Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı bərpa edir

Milli Məclis mühüm yeni qanunlar qəbul etdi; Prezidentin fəaliyyətini təmin edən orqanların fəaliyyəti ilə bağlı dövlət qulluğunda yeni vəzifələr yaradılır... 

 

Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclası dövlət himninin oxunması ilə öz işinə başladı. Spiker Oqtay Əsədov deputatları sessiyanın başlaması münasibətilə təbrik etdi. Spiker ölkə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun yüksək səviyyədə keçirildiyini bildirdi və referendumda aktiv iştirak edən deputatlara da təşəkkür etdi.
Spiker qeyd etdi ki, 2015-ci ildə Avropa Parlamentinin qərəzli münasibətinə görə Azərbaycan bu qurumdakı fəaliyyətini dayandırmışdı: “Ancaq il ərzində dəfələrlə əməkdaşlığın bərpası ilə əlaqədar Azərbaycan parlamentinə müraciətlər olub. Son olaraq Avropa Parlamentindən 15 nəfərlik səlahiyyətli nümayəndə heyəti gəlmişdi. Həmin heyət Azərbaycan prezidenti ilə də görüşdü, ölkə başçısı nümayəndə heyətinə özünün iradlarını çatdırdı”. O.Əsədov Azərbaycan və Avropa Parlamenti arasındakı əməkdaşlıq məsələləri ilə bağlı müzakirələrin olacağını da istisna etmədi.  
Spiker dedi ki, payız sessiyasında dövlət büdcəsi və digər məsələlər qəbul olunacaq.
MM-in payız sessiyasında çıxış edən deputat Məlahət İbrahimqızı sağlamlığında problem olan tələbələrin təhsil haqqından azad edilməsi barədə təklifini səsləndirdi. Ancaq spiker Oqtay Əsədov bildirdi ki, qanunvericilikdə belə bir güzəşt əksini tapıb. 
Deputat Qənirə Paşayeva da xanım həmkarının dediklərini müdafiə etdi: “Əgər bu məsələ həllini tapıbsa da, bəzi universitetlər bu qaydaya əməl etmir. Bu yaxınlarda görmə qabiliyyətində problem olan tələbələr bizə də müraciət etmişdilər”.
Deputat Aydın Mirzəzadə parlamentin bir iclasının Gəncədə keçirilməsi barədə vaxtilə qaldırılan təklifi xatırlatdı: “Qarşıdan dövlətçiliyimizin bərpasının 25 illiyi gəlir. Mən təklif edirəm ki, bu bayram münasibətilə Gəncədə, Lənkəranda, yaxud Mingəçevirdə parlamentin xüsusi iclasları keçirilsin”.
Fazil Mustafa Nuru Paşanın adının əbədiləşdirilməsi barədə yenidən məsələ qaldırdı: “Türkiyədə Nuru Paşanın məzarı təmir olundu. Yaxşı olardı ki, Azərbaycan tərəfi də heç olmasa simvolik olaraq ora vəsait ayırardı. Moskvanın, Sankt-Peterburqun azad olunması dövlət səviyyəsində qeyd olunur. Azərbaycana heç bir aidiyyəti olmayan kommunist Mustafa Sübhinin adına küçə var. Amma Azərbaycanı xilas edən adamın adına heç bir ünvan yoxdur. Hətta küçə adı da. Biz mütləq bu məsələyə baxmalıyıq”. 
Deputat Bəxtiyar Əliyev Britaniya parlamentinin təmsilçisi Baronessa Koksun işğal olunmuş Azərbaycan ərazilərinə saysız-hesabsız qanunsuz olaraq səfər etdiyinə diqqət çəkdi. Bildirdi ki, ermənipərəst deputat Baronessa Koks erməni hərbçilərlə görüşərək onların xristianlıq uğrunda döyüşdüyünü deyir. 
Spiker “Ayıb olmasın, baronessa Koks atasını da tanımır”, - deyə məsələyə reaksiya verdi... 
Deputat Elmira Axundova isə ailə qurmazdan əvvəl gənclərin tibbi müayinədən keçərkən ortaya çıxan fəlakətli nəticələrə diqqət çəkdi: “2015-ci ilin avqustundan 2016-cı ilin sentyabrına qədər nikahdan əvvəl tibbi müayinədən 186 min 564 nəfər keçib. Onlardan təqribən 9 min talassemiya, 695 siflis və 125 HİV-yoluxma xəstəliyinin daşıyıcılarıdır. Bu rəqəmlərdən aşağıdakı nəticələrə gəlmək olar: Birincisi, belə bir şübhələr var idi ki, yeni evlənənlərin xahişi əsasında həkimlər təhlükəli məlumatı gizlədəcəklər. Görürük ki, həkimlər cütlükləri bir-birinin sağlıq vəziyyəti barədə məlumatlandırmaq üçün əllərindən gələni edirlər. Bundan əlavə, onlar bu xoşagəlməz məlumatı ictimailəşdirirlər ki, bizlər lazımi tədbirləri görə bilək. İkincisi, gənclərin sağlamlıq vəziyyəti ilə bağlı xüsusilə talassemiya və zöhrəvi xəstəliklər sahəsində xoşagəlməz mənzərə yaranıb. Vəziyyət hətta təsəvvür edə biləcəyimizdən də ciddidir. Bu mənzərənin yaranması ilə əlaqədar bir sıra təxirəsalınmaz tədbirlər görülməlidir. Mənim təkliflərim ondan ibarətdir ki, qeydiyyat şöbələrinə, yəni ”ZAQS"-lara səlahiyyət verək ki, onlar gəncləri ixtisaslaşmış tibb müəssisələrinə məcburi müalicəyə göndərsinlər, zöhrəvi xəstəliklər olduqda isə xəstəlik tam sağalana qədər nigaha daxil olmağı qadağan etsinlər. SPİD və talassemiyaya gəldikdə isə xəstə uşaqların doğulması, digər tərəfin sifilisə yoluxması təhlükələri və bu xəstəliyin ağrıları barədə nikaha girənlər ətraflı xəbərdar edilməlidirlər. Əks halda, bizdə xəstə əlil uşaqların sayı həndəsi silsilə üzrə artacaq".
Deputat Aqil Abbas özünəməxsus qeydi ilə həmkarı Fazil Mustafanın Nuru Paşa ilə bağlı təklifini müdafiə etdiyini bildirdi: “Türklər özləri Nuru Paşanın qəbrini 67 ildən sonra tapdılar. Qənirə xanım da orada iştirak və çıxış etdi. Amma deyirəm görən Nuru Paşaya abidə qoysaq, türklərin xətrinə dəyməz ki?”
Deputat Qüdrət Həsənquliyev 2016-cı ildə Azərbaycanın xaricə oxumaq üçün tələbə göndərə bilməməsindən bəhs etdi. Dedi ki, Azərbaycana yüksək ixtisaslı kadrlar lazımdır: “Ona görə də xüsusi bir qanun layihəsi qəbul etmək lazımdır. Biz yaxın 10 ildə hər il heç olmasa, 100 istedadlı tələbəni xarici ölkələrin yüksək ali təhsil müəssisələrinə göndərməliyik. Azərbaycanda çox yüksək ixtisaslı hüquqşünaslara ehtiyacı var”. 
“Milli Məclisdə xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə qapalı bir dinləmə keçirmək mümkündür. Eyni zamanda Milli Məclisdə Qarabağla bağlı xüsusi bir komitənin yaradılması da işin xeyrinə olardı” .
Bu fikirləri isə deputat Fərəc Quliyev Milli Məclisin 2016-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında danışarkən söylədi. Deputat iqtisadi məsələlərlə bağlı dinləmənin keçirilməsini də zəruri saydı.
Deputat Fəzail Ağamalı referendumla bağlı fikirlərini bölüşdü, xalqın hakimiyyətə birmənalı dəstək verdiyini vurğuladı. Ardınca sahibkarların işinə müdaxiləyə yol verilməsini qadağan edən əlavə və dəyişikliyə ehtiyac olduğunu vurğuladı: “Təklif edirəm ki, sahibkarların işinə istənilən müdaxilə cinayət kimi qeyd olunsun və qanunda da əksini tapsın”.
Deputat Əli Məsimli dedi ki, Azərbaycanda ciddi islahatlara gedilməsinə zərurət var: “Artıq 9 ildir Milli Məclisə təqdim olunmuş Rəqabət Məcəlləsinin qəbul edilməsini təklif edirəm. Rəqabət olmasa, inkişaf olmayacaq. Sahibkarlığa meydan verilsə, hər il Azərbaycanın büdcəsi 7-8 faiz artacaq". Deputat Azərbaycanın 2017-ci ilin dövlət büdcəsinin azalmasını ”xoş olmayan" hadisə kimi qiymətləndirsə də, dedi ki, az büdcədən də səmərəli istifadə edib, ciddi işlər həyata keçirmək olar.
“Kimsə toy edibsə, mebel alıbsa, bunun dollar kreditlərinə nə dəxli var” deyə, Ə.Məsimli dövləti bu mövcud vəziyyətə müdaxilə etməyə çağırdı. Bildirdi ki, bir sıra banklar əhalini aldadıb, dollarla satışı həyata keçiriblər: “Dünyanin heç yerində bank sektorunda belə soyğunçuluq yoxdur”. 
Deputat Tahir Kərimli rayon maşınlarının paytaxta girməsinin qadağan olunmasını sərbəst yerdəyişmə hüququnun pozulması aktı kimi dəyərləndirdi: “Rayonlardan gəlirlər, xəstə oldu, olmadı, adamlar düşür maşınından, başqa maşınla Bakıya gəlir. Bununla da icra orqanının qərarı ilə konstitusiya məhdudlaşdırılır. Ona görə də təklif edirəm ki, ölkəmiqyaslı qanunların icrasına nəzarət orqanı yaradılsın”. 
Deputat Gövhər Baxşəliyeva Azərbaycanda ailədaxili münaqişələrin dəhşətli sonluqla bitdiyini də xatırlatdı və konkret təklif verdi: “Necə olur ki, dünən nikaha girən adamlar bir az sonra düşmənə çevrilirlər? Orta məktəbdən biz uşaqlarımıza ailədəki etik münasibətləri də aşılamalıyıq. Uşaqlarımıza gənc yaşından sivil münasibətləri aşılamalıyıq ki, belə dəhşətli hadisələr baş verməsin”.
Deputat Musa Quliyev təklif etdi ki, 4 və daha çox uşağı olan ailələrə növbədənkənar mənzil tikintisi üçün güzəştlər edilsin. 
Deputat Qənirə Paşayeva Əli bəy Hüseynzadənin qəbirüstünün yüksək səviyyədə abadlaşdırılması və abidəsinin qoyulması təklifi ilə çıxış etdi. 
“Kredit büroları haqqında” qanun layihəsi barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, layihə prezident İlham Əliyev tərəfindən Milli Məclisə daxil olub: “Kredit bürolarını xidmətdən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, burada borclananların məlumatlarının təhlili aparılacaq. Kredit bürolarında toplanmış məlumat bazasından isə artıq borclananların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq”.
Deputat Qüdrət Həsənquliyev “Sığorta haqqında” Qanuna edilən dəyişiklik zamanı sığorta şirkətlərini sərt tənqid etdi: “Sığorta şirkətləri bu camaatla niyə belə rəftar edir? Son vaxtlar sığorta şirkətləri sürücüləri incidirlər. Bir neçə sığorta şirkəti ilə şəxsən danışmışam. Sual verirəm ki, axı bu millətlə niyə belə rəftar edirsiniz ? Mənə deyirlər ki, bəzən maşınların qiyməti ucuz olur, ona görə də düzəltdirməyə dəymir. Yaxud deyirlər ki, gedib bizi versinlər məhkəməyə. Hesab edirəm ki, sığorta şirkətləri haqqında ciddi ölçü götürülməlidir”.
Milli Məclisin iclasında “Yol hərəkəti haqqında” Qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Qanunun 33-cü maddəsinə təklif olunan dəyişiklikliyə əsasən, “BE” kateqoriyasına aid nəqliyyat vasitələrinin idarəetmə hüququ 19 yaşdan hesablanmaq şərti ilə yanaşı, “B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübəni 1 ildən az olmamaq şərti ilə götürüləcək.
“CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda da 21 yaşdan yuxarı şərt ilə yanaşı, “C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübənin 3 ildən az olmamaq şərti əlavə edilir. Bundan başqa, “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda 23 yaşdan hesablanmaq şərt ilə yanaşı, 65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 5 ildən az olmamaq şərti əsas götürüləcək.
Digər əlavəyə görə isə “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda 26 yaşdan hesablanmaq şərti ilə paralel olaraq, 65 yaşadək və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərti də qaydaya daxil ediləcək.
Layihə səsə qoyularaq qəbul olundu. 
MM Vergilər Nazirliyinə daha bir səlahiyyət verilməsinə dair qanun layihəsini də qəbul edib. Yeni qaydaya görə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə bilər. MM bununla bağlı Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə dəyişiklik edib. İndiyədək vergi ödəyicisi olan fiziki və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra vergi orqanları həmin məhdudlaşdırmanın götürülməsi barədə 2 iş günü ərzində məhkəməyə müraciət etməli idi. Qanuna təklif edilən bu dəyişiklik qəbul olunarsa, vergi orqanları dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə biləcək.
İclasda “Dövlət qulluğu haqqında” Qanunun 11.1-ci maddəsinə əlavələr də müzakirə edilib.  Əlavəyə görə, maddənin 1-ci hissəsində (İnzibati vəzifələrin ali təsnifatı) ali vəzifə təsnifatı siyahısına “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi” də daxil edilir.
Maddənin 2-ci hissəsində (inzibati vəzifələrin birinci təsnifatı) birinci dərəcəli vəzifə təsnifatı siyahısına da Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin və onların birinci müavinləri ilə yanaşı, “orqan rəhbərlərinin müavinləri, habelə həmin orqanlarda bölmə rəhbərləri” vəzifələri də daxil edilir.
Maddənin 3-cü hissəsində (inzibati vəzifələrin ikinci təsnifatı) ikinci dərəcəli vəzifə təsnifatı siyahısı isə dəyişdirilir. Belə ki, qüvvədə olan “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin müavinlərinin vəzifələri” təsnifatında orqan rəhbərlərinin müavinləri vəzifələri ləğv edilərək, orqanların bölmə rəhbərləri daxil edilir.
Layihədə o da qeyd olunur ki, sənəd Azərbaycanın dövlət başçısının fəaliyyətini təmin edən orqanların işinin səmərəliyini təşkil etmək məqsədi ilə təqdim olunub.
Layihə səsə qoyularaq qəbul olunub.
Milli Məclis günün ikinci yarısında Azərbaycana qərəzli münasibətinə etiraz olaraq 2015-ci il sentyabrın 14-dən əməkdaşlığı dayandırdığı Avropa Parlamenti ilə yenidən əməkdaşlıq edilməsi barədə də qərar qəbul etdi.






Fikirlər