17.07.2014- Ohanyan Kəlbəcərə gedən bütün yolları minalamaq əmri verdi

17.07.2014- Ohanyan Kəlbəcərə gedən bütün yolları minalamaq əmri verdiKəlbəcərə keçərək həftələrlə erməniləri xof və panikaya salan azərbaycanlılarla bağlı məsələ bu gün Ermənistan hökumətinin iclasında müzakirə olunub.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, baş nazir Ovik Abramyanın xahişi ilə müdafiə naziri Seyran Ohanyan iclasda “Kəlbəcərdəki vəziyyət barədə” məruzə edib.

S.Ohanyan deyib ki, Kəlbəcərə “azərbaycanlı diversantların daxil olduğu” barədə “DQR müdafiə ordusu”una əməliyyat məlumatı daxil olub: “Bu məlumat əsasında Ermənistan Milli Təhlükəsizlik Xidməti və polisi ilə birlikdə “diversantların” aşkar edilməsi üçün əməliyyat başlayıb”.

Nazirin sözlərinə görə, “Qarabağ müdafiə ordusu”nun xüsusi bölmələri izləri aşkar edib və Ermənistan xüsusi xidmət orqanları ilə birlikdə “diversantlardan birini” yaxalayıb. Bunun ardınca əlavə nəzarət-buraxılış postları qoyulub və həmin istiqamətlərə əlavə hərbi bölmələr göndərilib.

“Hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində diversiya qrupunun bütün üzvləri aşkar edillib” - deyə Ohanyan bildirib.

Ermənistanın müdafiə naziri qeyd edib ki, “yerli əhali” arasında qorxu yaranmışdı, çünki ilkin məlumatlara görə, “qrupun əməliyyatın sonunda tutulmuş üzvü Kəlbəcərdə 17 yaşlı gəncin öldürülməsində şübhəli bilinir”.

S.Ohanyan “diversiya qrupunun bütün üzvlərinin” saxlanıldığına əmin edib. Deyib ki, hazırda Kəlbəcər “əhalisi” arasında iş aparılır və “əhali” inandırılır ki, ordu “qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə” qadirdir. Həmçinin Ohanyan gələcəkdə belə halların baş verməməsi üçün minalanma işlərinin aparıldığını və əlavə müdafiə tədbirlərinin görüldüyünü bildirib.

“Kəlbəcərə gedən bütün mümkün yollar minalanacaq. Dağlıq Qarabağ ordusu hazırda Kəlbəcərə aparan bütün mümkün yolların müəyyənləşdirilməsi və həmin yolların minalanması üçün tədbirlər görür. Təmas xəttində xidmət rejimi gücləndirilib” - deyə Ohanyan hökumət üzvlərinə deyib.






Fikirlər