Türkiyə ilə ABŞ-ın anlaşa bilmədiyi iki CİDDİ MƏSƏLƏ

Ərdoğanla Trampın 15 may görüşündə anlaşma mümkün olacaqmı?

Mayın 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək görüşün necə nəticələnəcəyi indidən dünyanın diqqətindədir. Qeyd edək ki, xeyli vaxtdır Türkiyə ilə ABŞ arasında iki məsələdə - Suriyada YPG və FETÖ məsələsində anlaşma əldə etmək müşkül məsələyə çevrilib. 15 may görüşündə bu məsələlərdə anlaşma mümkün olacaqmı?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirdi ki, Ərdoğan-Tramp görüşü çox mürəkkəb görüş olacaq. Çünki artıq ABŞ İŞİD məsələsində strategiyasını müəyyənləşdirib: “ABŞ Suriyadakı kürd hərbi qruplaşması YPG-yə 300 milyon dollarlıq silah yardımı edib. ABŞ hərbçilərinin kürd peşmərgələri ilə birgə İŞİD-ə qarşı döyüş aparmasının bünövrəsi hələ Barak Obama dövründə qoyulub. Bu barədə Məsud Bərzani ilə qarşılıqlı razılaşma əldə edilmişdi. 300 milyon dollarlıq silahın verilməsi də bu məqsədlərə xidmət edir.

Image result for Qabil Hüseynli


Tramp görüşdə Türkiyəyə yönəlik bəzi ümumi isti mesajlar, ifadələr səsləndirəcək. Ancaq konkret məsələlərdə Türkiyə ilə razılıq əldə edilib-edilməməsi ciddi sual işarəsi altındadır. Mürəkkəb bir görüşün olacağı əvvəldən bəllidir. Məsələlər o qədər gərgindir ki, Ərdoğan məcbur olub MİT-in rəhbərini, baş qərargah rəisini və müdafiə nazirini qabaqcadan danışıqların zəminini hazırlamaq üçün Vaşinqtona göndərdi. Trampın özü mürəkkəb bir adam deyil. Amma Trampın komandasında kifayət qədər quzğun təbiətli adamlar var ki, onlar Türkiyə ilə məsələləri yürütməyə o qədər də həvəs göstərmirlər. Belə bir ovqat içərisində praqmatik danışıqların aparılması, anlaşmalar əldə edilməsi çox çətindir".

Politoloq vurğuladı ki, FETÖ məsələsində anlaşma əldə etmək isə əminliklə söyləmək olar ki, mümkün olmayacaq: “Çünki ABŞ dəfələrlə bəyan edib ki, Fətullah Gülən məsələsi siyasi məsələ deyil, siyasilər səviyyəsində müzakirə edilməməlidir, bu məsələ məhkəmə məsələsidir, məhkəməyə də sübutlar, faktlar təqdim edilməlidir. Böyük ehtimalla, prezident Ərdoğan Trampla görüşdə Fətullah Gülənin təhvil verilməsi məsələsini qoysa, ABŞ-ın əvvəlki mövqeyini Tramp təkrarlayacaq”.

Q.Hüseynli qeyd etdi ki, Vaşinqton Türkiyənin son zamanlar Rusiya ilə yaxınlaşmasından narazıdır və bir çox məsələlərlə bağlı anlaşma əldə etməyə bu məqam da mənfi təsirini göstərəcək: “Hər bir halda biz yaxın vaxtlarda Suriya məsələsində yeni bir həmlənin başlandığının şah7idi olacağıq. Hər şey ilk növbədə ABŞ və onun müttəfiqlərinin arzu və istəklərinə uyğun həyata keçiriləcək. Hətta Rusiyanın özünün də bu məsələdə mövqeyini qoruyub saxlaya biləcəyi ciddi sual işarəsi altındadır”.






Fikirlər