"Tramp Ərdoğanın hikkəsini ancaq bununla söndürə bilər" — Politoloq rəyi

"Tramp Ərdoğanın hikkəsini ancaq bununla söndürə bilər" — Politoloq rəyi

Türkiyə ilə ABŞ və Qərb münasibətləri gərgin olaraq qalır.

Türkiyə hökuməti ABŞ-dan Fətullah Güləni istəyir. ABŞ isə bunu qanuni yollarla etməyin tərəfdarı olduğunu bildirir. Trampın prezident seçilməsi isə Türkiyə hökumətində ümidləri artırıb. Belə ki, Trampın milli təhlükəsizlik müşaviri vəzifəsinə gətirmək istədiyi şəxs Fətullah Güləni "Türkiyənin Bin Ladeni" adlandırıb.

Trampın prezident postuna yiyələndikdən sonra Türiyə ilə münasibətləri hansı formada quracağı maraqla gözlənilir. ABŞ-dan əlavə Türkiyənin Avropa İttifaqı ilə də münasibətləri çox gərgindir.

Türkiyənin gələcəkdə ABŞ-la münasibətləri barədə politoloq Qabil Hüseynli Ölkə.Az-a danışıb:

"Hal-hazırda belə bir atmosfer formalaşdırılır ki, ABŞ Fətullah Güləni ya Türkiyəyə verə bilər, yaxud da onu üçüncü bir ölkəyə ekstradisiya edə bilər. Onun Türkiyəyə qaytarılması ehtimalı daha böyükdür. Çünki ABŞ yaxşı başa düşür ki, Ərdoğanın hikkəsini yalnız bununla söndürmək olar. Ərdoğanın Qərbə qarşı olan fikirlərini bununla neytrallaşdırmaq mümkün olar. İşin görünən tərəfi budur, ancaq gələcəkdə çox şeylər dəyişə bilər. Bu söylənənlər baş tutmaya da bilər. Çünki Fətullah Gülənin verilməsi ümumiyyətlə ABŞ-ın dostlarına və ona sadiq olan adamlara etimadını güvənilməz hala sala bilər. Ola bilsin ki, Tramp və onun komandası üçün belə şeylər böyük əhəmiyyətə malik olmasın və Güləni çox asanlıqla Türkiyəyə versinlər.

Türkiyə ilə Qərbin münasibətləri təkcə ABŞ və Türkiyə münasibətlərindən ibarət deyil. Burada ən mühüm olanı Türkiyə ilə Avropanın münasibətləridir. Ən çox fikir polemikası Avropa İttifaqı ilə Türkiyə arasında gedir. Türkiyə ölüm hökmünü bərpa etmək istəyir, jurnalistləri həbs edir, HDP-çi partiya fəallarının həbsi Avropa İttifaqı tərəfindən normal qarşılanmır. Ölkədə 90 minə qədər adam işdən azad edilib, onun 50 minə yaxını həbsə atılıb. Belə bir şəraitdə ölüm hökmünü bərpa etmək istəyirlər. Təbii ki, ölüm hökmünün olduğu ölkə Avropa İttifaqının üzvü ola bilməz. Buna görə də, Türkiyənin siyasi elitası Avropa İttifaqının ittihamlarına çox sərt cavab veriblər. Bunu öz daxili işləri kimi qələmə verirlər. Məlum olduğu kimi insan haqları, demokratik dəyərlər Avropa İttifaqında tamamilə bir-birinə yaxınlaşdırılıb və bu hansısa ölkənin sırf daxili işi kimi qiymətləndirilə bilməz.

Məsələ təkcə Trampla, ABŞ-la bitmir, Avropa İttifaqı ilə də məsələni nizama salmaq gərəkdir. ABŞ və Avropa İttifaqı Türkiyənin Rusiya ilə sürətlə yaxınlaşmasını çətin həzm edir. Bu nöqteyi-nəzərdən Türkiyə Rusiya ilə yaxınlaşmaq həddindən çəkinməyəcək və onu daha da dərinləşdirəcək. Bu da Avropa və ABŞ-la münasibətində bəlli bir gərginliyi yaratmaqdadır və bu gərginlik daha da dərinləşə bilər.

Türkiyənin xarici siyasəti özünü çıxılmaz bir vəziyyətə salıb. Ərəb ölkələri ilə, yaxın qonşuları ilə, digər tərəfdə isə Avropa İttifaqı ilə, o cümlədən ABŞ-la da münasibətlər qaydasında deyil. Belə bir şəraitdə yalnız Rusiya və Çinlə münasibətləri qurmaqla ölkənin qarşısında duran vəzifələri həyata keçirmək olmaz. Avropa bazarı öz əhəmiyyətinə görə Rusiya bazarından qat-qat üstündür. Türkiyənin tekstil, yüngül sənaye və qida sənayesinin məhsullarının çoxu məhz Avropa bazarlarına ixrac edilir. Üstəlik də, Avropadan həm müdafiə əhəmiyyətli, həm də digər sənaye məhsulları alınır.

Dünyada çox qarmaqarışıq bir vəziyyət yaranıb. Bu vəziyyət Trampın seçilməsi ilə dərkedilməz hala gəlib. Üstəlik də, Tramp təkcə seçkiqabağı bəyanatları ilə deyil, seçildikdən sonra da xüsusən Rusiya ilə bağlı verdiyi bəyanatlarla həm öz ölkəsinin insanlarını, həm də Avropa İttifaqını çaşdırdı. Bu məsələlərin necə nizama salınacağını politoloq proqnozu ilə söyləmək mümkün deyil. Məsələlərin praktik tərəfi görünməlidir ki, bunun əsasında da nəzəri mülahizələr irəli sürmək mümkün olsun.

Ehtimal olunur ki, Trampın prezidentlik postuna yiyələnməsi və təqaüddə olan general-polkovnik Maykl Flinə milli təhlükəsizlik müşaviri vəzifəsi verməsi Ərdoğanı xeyli rahatladacaq. Bununla da Fətullah Gülənin ölkəyə gətirilməsi ehtimalı artacaq.

Türkiyə dövlətlərlə münasibətləri qaydaya salmalıdır. Türkiyə ABŞ-la yanaşı Avropa İttifaqı ilə də münasibətləri nizamlamalıdır. Türkiyə xarici siyasəti ağır dönəmlərini yaşayır. ABŞ-la münasibətlər qismən qaydaya düşsə də, tam düzələcəyi qənaətində deyiləm. Çünki ortada Rusiya faktoru var. Avropa İttifaqı ilə münasibətlər getdikcə kəskinləşir. FETÖ məsələsinə bir nöqtə qoymağın vaxtıdır".

Qeyd edək ki, Flinn Fətullah Gülən haqda ona verilən suala: "Pensilvaniyada yaşayan maskalı terror və qeyri-sabitlik səbəbi olan şəxs ucbatından NATO müttəfiqimiz Türkiyə ilə münasibətləri korlaya bilmərik. Türkiyənin nəzərində Vaşinqton "Türkiyənin Bin Laden"inə sığınacaq verir. 11 sentyabr hadisəsindən sonra Usamə Bin Ladenin Türkiyədə gözəl bir kənddə yaşadığını, eyni anda 160 məktəb sahibi olduğunu eşitsəydik, nə edərdik?" deyə cavab vermişdi.






Fikirlər