RUHANİNİN SƏFƏRİ: Ankara-Tehran anlaşması Kremli şoka saldı

İran prezidenti Həsən Ruhani dünən Türkiyəyə səfər edib. 

 

Publika.az xəbər verir ki, xüsusi səfər adı alan bu ziyarət regionda diqqətlə izlənilir. Xüsusilə Rusiya faktoru baxımından Türkiyə-İran yaxınlaşması geosiyasi mənzərədə yeni proseslərin baş verdiyini deməyə əsas verir.


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Həsən Ruhaninin açıqlamaları isə bu kontekstdə diqqətdən yayınmır.

Ərdoğan bildirib ki, Türkiyə-İran münasibətləri bəzi kənar təsirlərə görə zəifləmişdi: “İndi vəziyyət dəyişib. Hədəfimiz ticarət dövriyyəsini 30 milyard dolların üstünə qaldırmaqdır. Bu gün keçirdiyimiz görüşlərdə bir sıra önəmli razılaşmalara imza atdıq. Qarşılıqlı investisiya yatırımları həyata keçirəcəyik. Türkiyəli iş adamlarının İranda maneələrlə qarşılaşmasına son veriləcək”.
 

Ərdoğan İranla bir sıra siyasi və iqtisadi anlaşmalar əldə etdiklərini də açıqlayıb.
 

Həsən Ruhani isə bildirib ki, bankların əməkdaşlıq etməsi məsələsində razılıq əldə olunur: “Türkiyə bankları İranda şöbələr aça bilərlər. İran birjası ilə Türkiyə birjası əməkdaşlıq edəcək. Gömrük məsələlərində razılıq əldə etdik. Xüsusilə TIR-ların rahat şəkildə keçməsi təmin olunacaq. Gəmiçiliklə bağlı da önəmli addımlar atılacaq”.
 

Ruhani enerji məsələsində də Türkiyəyə dəstək verəcəklərini qeyd edib.

“Enerji məsələsində Türkiyəyə söz verdik ki, həm təbii qaz, həm də neftlə yardım edə bilərik. Bu məsələdə razılaşdıq”,- deyə o bildirib.


***

Qeyd edək ki, Ankara ilə Moskvanın Suriya məsələsinə görə üz-üzə gəlməsindən sonra Türkiyə Rusiyadan aldığı təbii qazı azaltmaq niyyətindədir. Bu, həm də Rusiyanın kritik məqamlarda təbii qazdan Türkiyəyə qarşı təzyiq kimi istifadə etməsi ehtimalına qarşıdır. Ankara bunun üçün Azərbaycan başda olmaqla bir sıra ölkələrlə razılıqlar əldə edib. Bura İran da daxil idi. Lakin İranla Rusiyanın bir sıra regional məsələlərdə, xüsusilə Suriya məsələsində birgə çıxış etməsi Tehranın fərqli xətt tutacağına dair gözləntiləri artırmışdı. Ruhaninin Ankara səfərində imzalanan razılaşma isə bu gözləntiləri alt-üst edir. Həmçinin, Rusiyanın Türkiyəyə qarşı rıçaqlarını azaldır. Digər tərəfdən, Türkiyənin Rusiya qazından imtina etməsi Moskva üçün şok effekt doğura bilər. Çünki Türkiyə Almaniyadan sonra Rusiyanın enerji ixrac etdiyi ikinci ölkədir.

***

H. Ruhani Ankaradakı çıxışında İranla Türkiyənin turizm sektorunda da əməkdaşlıq edəcəyini açıqlayıb.

“Həmçinin, universitetlərin əməkdaşlığı da gündəmdədir. Ümumiyyətlə, Türkiyə ilə İran bir-birinə yaxın ölkədir. Bəzən məzhəb məsələsini ön plana çıxaranlar olur. Lakin deyə bilərik ki, İslam bütövdür və biz dinimizi bölmək niyyətində deyilik. Bizim üçün İslamın birliyi önəmlidir”, - deyə İran prezidenti qeyd edib.

***

Ekspertlərə görə, Türkiyə Rusiya ilə münasibətlərin psiləşməsindən sonra bəzi çatışmazlıqları İranla əməkdaşlıq edərək həll etmək niyyətindədir. Misal üçün, İranla turizm sektorunda əldə olunan razılaşma Türkiyəyə gəlməkdən imtina edən Rusiya turistlərinin yerini doldura bilər. 

 

Ümumi fonda Ruhaninin Ankara səfərini Kreml üçün acı nəticələrə səbəb olacağı fikri irəli sürülür.






Fikirlər