Azərbaycan hərbi parkını gücləndirir - QARABAG PRİ0RİTETİ

Sülh danışıqlarında durğunluq Bakını güc amilini daim öndə saxlamaq zorunda qoyur; Azərbaycan yeni silahlar almaqla yanaşı, öz silah sənayesini də gücləndirir; “Stratfor”: “Qarabağda yeni müharibə riski heç vaxt olmadığı qədər yüksəkdir...”

Hərbi əməliyyatlar üçün ən əlverişli olan yay mövsümü davam eləsə də, hələ ki genişmiqyaslı toqquşmaları önləmək mümkün olur. Bu isə heç də sülh danışıqlarında hansısa ciddi dönüşlə bağlı deyil. Belə bir dönüş, irəliləyiş əfsuslar olsun ki, yoxdur. Paradoksal olanı də elə budur. Yəni əslində böyük toqquşma hər an baş verə bilər.

Siyasi və hərbi ekspertlər də konkret bir tarix deyə bilməsələr belə, Dağlıq Qarabağ münaqişəsi zonasında yeni müharibə riskini olduqca böyük qiymətləndirirlər. Yaranmış durumda ərazisinin 20%-i işğal altında olan Azərbaycanın özünün hərbi qüdrətini artırmaq və işğalçıya qarşı informasiya-təbliğat savaşını gücləndirməkdən savayı yolu qalmır.

***

Bu arada Azərbaycanın dost-müttəfiq Pakistandan hərbi təyyarələr aldığı haqda xəbər yayılıb (virtualaz.org). Xəbərə görə, Pakistanın aviasiya marşalı Ərşad Malik və Azərbaycan Hərbi Hava Qüvvələrlərinin komandanı, general-leytenant Ramiz Tahirov Azərbaycan Hərbi Hava Qüvvələrlərinə on ədəd “Super Muşak” təyyarəsinin çatdırılması haqqında razılaşma imzalayıblar.

Bu barədə Pakistan Müdafiə Nazirliyinin bugünkü press-relizinə istinadən “Samaa” TV kanalı xəbər yayıb. Müqavilə, təyyarələrin çatdırılmasından başqa, həmçinin texniki dəstəyi, pilotların praktiki hazırlığına köməyi də nəzərdə tutur. “Bu tarixi razılaşma iki qardaş ölkə arasında ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradacaq” - Pakistan Müdafiə Nazirliyinin press-relizində belə deyilir.

“Super Muşak” - Pakistan Aeronautical Complex-in layihəsini 1980-ci illərdə əldə etdiyi Saab şirkətinin MFI-17 təyyarəsinin təkmilləşdirilmiş versiyasıdır. 260 at gücünə malik mühərriklə təchiz edilmiş MFI-395 “Super Muşak”ın hazırlanmasına 1995-ci ildə başlanılıb. Təyyarə ilk uçuşunu 1996-cı ilin avqustunda yerinə yetirib. Pakistanın Hərbi Hava Qüvvələrlərinin silahlandırılmasına isə 2001-ci ilin mayında qəbul edilib. Maşının praktik tavanı 6,705 m (22,000 fut), maksimal surəti 268 km/saat, uçuş məsafəsi 814 kilometrdir.


“Super Muşak” Səudiyyə Ərəbistanı, Oman, İran və Cənubi Afrika Silahlı Qüvvələrinin silahlanma sisteminə də daxildir. 2016-cı ilin başlanğıcında Nigeriya, iyulunda isə Qətər də həmin təyyarələrin partiyasını alıblar. Bundan başqa, Türkiyənin Hərbi Hava Qüvvələrlərinə 52 ədəd “Super Muşak” təyyarəsinin çatdırılması haqda razılaşma imzalanıb.

***

Onu da qeyd edək ki, yeganə nüvə müttəfiqimiz kimi Pakistan Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyini bu gün də saxlayır. İslamabad nəinki Türkiyə kimi işğalçı Ermənistanla heç bir siyasi-diplomatik əlaqə qurmayıb, ümumiyyətlə, Ermənistanı dövlət kimi tanımır. Bundan əlavə, Pakistan dövləti dəfələrlə bəyan edib ki, işğalçı Ermənistana qarşı müharibədə Azərbaycanın öz ərazi bütövlüyünü təmin eləmək üçün istənilən dəstəyi verməyə, o cümlədən hərbi köməyi göstərməyə hazırdır.

Azərbaycanla Pakistan arasında əlaqələr, o sırada həmçinin hərbi əməkdaşlıq xüsusən də son illər dinamik inkişaf etməkdədir. Ən yüksək səviyyədə (baş nazir, prezidentlər) reallaşan qarşılıqlı səfərlər bunun bariz sübutu hesab oluna bilər. İki dost dövlət arasında hərbi-texniki əməkdaşlıq və silah ticarətinin həcmi də ilbəil genişlənməkdədir.

Yeri gəlmişkən, Pakistan Azərbaycana yeni hərbi attaşe göndərib. Bu haqda müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmand ilə görüşündə məlum olub.

Musavat.com Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, iki ölkə arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətinin xüsusi vurğulandığı görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində də əməkdaşlığın uğurla davam etdiyi qeyd olunub.

Görüşdə hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına cavab verdiyi əsas gətirilərək bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi vacib hesab edilib. Hərbi-texniki əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri yüksək qiymətləndirən tərəflər Pakistandan əldə edilən “Super Muşak” təyyarələrinin Azərbaycanın hərbi pilotlarının döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacağını qeyd ediblər.
Sonra səfir ölkəmizdə fəaliyyət müddəti başa çatmış hərbi attaşe polkovnik Syed İmran Əli və bu vəzifəyə yeni təyin olunan polkovnik Nadem Yaqub Çaudrini müdafiə nazirinə təqdim edib. General-polkovnik Z.Həsənov Azərbaycanda fəaliyyət müddətində ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində göstərdiyi səylərə görə polkovnik Syed İmran Əliyə təşəkkürünü bildirib, ona gələcək işlərində uğurlar arzulayıb.

Yeni hərbi attaşeni Azərbaycanda hərbi-diplomatik missiyasına başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimizin silahlı qüvvələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.


***

Qeyd edək ki, Azərbaycan Pakistan, İsrail, Türkiyə kimi dost-tərəfdaş ölkələrdən yeni silahlar almaqla yanaşı, öz silah sənayesini də gücləndirməkdədir. Bakı üçün, hərbi qüdrətimiz üçün bu amilin xüsusi önəmi var. Ən azı ona görə ki, sülh danışıqlarının perspektivi görünmür. Qarabağ danışıqları belə görünür, iki əsas vasitəçi dövlətlər - ABŞ və Rusiya arşında münasibətlərin getdikcə daha da gərginləşməsi üzündən bir az da dalana girməkdədir.

Demək, işğal problemi yaşayan Azərbaycan üçün hərb amili əsas prioritet kimi önə qalır. Siyasi müşahidəçilərə görə isə, nə qədər ki, ATƏT-in Minsk Qrupu həmsədrləri, xüsusən də Rusiya Qarabağ probleminin həllinə real maraq göstərməyib, Azərbaycan və Ermənistan prezidentlərinin payızda nəzərdə tutulan görüşü də nəticəsiz başa çatacaq. O zaman sülh (müharibə) perspektivinə heç bir təsiri olmayacaq daha bir görüş xətrinə görüş keçirməyə, danışıqlar xətrinə danışıq aparmağa dəyərmi?

***

“Bu gün Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağın statusu və ərazilərin qaytarılması məsələsində ziddiyətlər o qədə dərindir ki, üfüqdə heç bir nizamlanma əlamətləri görünmür”. Bu barədə ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor”un məruzəsində bildirilir. “Stratfor” təhlilçiləri qeyd edirlər ki, Fransa bu yaxınlarda Əliyevlə Sərkisyan arasında sammit təşkil etməyə çalışıb, lakin bu səylər nəticə verməyib (virtualaz.org). “Rusiya sülh prosesinin irəliləməsində maraqlıdır, bir şərtlə ki, ona regionda öz qoşunlarını yerləşdirməyə icazə versinlər” - məruzədə deyilir.

Amerikalı təhlilçilərə görə, əgər Azərbaycan ötən ilin aprelində olduğu kimi, qısamüddətli hərbi əməliyyatlarda ərazilərin bir hissəsini geri qaytarmağa cəhd eləsə, Moskva regiona qoşun yeridə bilər. Əks halda, Rusiyanın məqsədi münaqişənin nizamlanması halında regionda özünün sülhməramlı qüvvələrinin yerləşdirilməsi məsələsini qoymaqdır.

“Stratfor” bildirir ki, Azərbaycan münaqişənin nizamlanmasından ümidini üzüb silahlanmanı davam etdirir, öz arsenalını gücləndirir. Rusiya və İsraildən milyardlarla dollarlıq silah alır. Ermənistan isə münaqişəyə görə getdikcə daha çox təcrid vəziyyətinə düşür.

“Dördgünlük müharibə Rusiyanın dəstəyinin hüdudlarını göstərdi, İrəvanın Moskvanın dəstəyi məsələsində ümidləri doğrulmadı. Azərbaycan regionda Rusiyanın əsas tərəfdaşı olmaq məsələsində Ermənistanı sıxışdırdıqca İrəvanda narahatlıq artır ki, Moskva Dağlıq Qarabağ üzərində nəzarəti Bakıya verə bilər. Buna cavab olaraq Ermənistan özünün xarici siyasətini şaxələndirmək üzərində işləyir, Avropa İttifaqı ilə sıx əlaqələr yaratmağa çalışır. NATO ilə əməkdaşlığı genişləndirir” - məruzədə göstərilir.

“Stratfor” təhlilçiləri hesab edirlər ki, ötən ilin aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında çox şey dəyişib: “Ermənilər növbəti qəfil həmlə ehtimalına qarşı təmas xətti boyu hərbi texnika yerləşdirib. ABŞ-da yeni administrasiya hakimiyyətə gəlib və onun Rusiyaya dair mövqeyindən Qarabağ danışıqlarında çox şey asılı olacaq. Qarabağda yeni müharibə riski heç vaxt olmadığı qədər yüksəkdir. Bununla belə, Azərbaycan Rusiyadan dəstək almasa ərazilərini geri almaq üçün ötən ilin aprelindəkinə bənzər hərbi əməliyyatlara cəhd etmək istəmir. Lakin məsələ ondadır ki, Bakı başqa yanaşmanı sınaqdan keçirmək istərdimi - məsələn, hərbi təyyarələri də tətbiq etməklə Dağlıq Qarabağ uğrunda irimiqyaslı hərbi əməliyyatlara başlamaq kimi. Bu halda isə Ermənistan özünün raket sistemlərini tətbiq edəcək, Sərkisyan ”Qarabağı qorumaq üçün tərəddüd etmədən bütün arsenalı işə salacağını" deyib" - məruzədə deyilir.

Göründüyü kimi, Qarabağ danışıqlarında tezliklə irəliləyiş ehtimalının olmadığını və müharibə riskinin böyük olduğunu amerikalı təhlilçilər də etiraf edirlər...






Fikirlər